Məhkəmə qərarları › İş №3(064)-299/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-299/2023

17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-299/2023 17.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahbaz Səfərovun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Sabirabad rayonunda doğulmuş, evli, işləməyən, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla, hazırda Füzuli rayonu, Zobucuq-2 qəsəbəsi, ev 361-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahbaz Səfərov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavədə qeyd etmişdir ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli 2(007)-829/2018 saylı icra sənədinə əsasən dərman vasitələrinin alınmasına çəkilmiş 1073 manat, əldən çıxmış faydanın əvəzi olaraq hadisənin baş verdiyi 23 oktyabr 2016-cı il tarixdən qətnamənin çıxdığı tarixədək hər ay üçün 475.20 manat olmaqla cəmi 8078.40 manat, mənəvi zərərə görə 1000 manat, ümumilikdə 10151.40 manat məbləğində pul borclu Şəxs alınaraq tələbkar X1 xeyrinə ödənilməlidir.İcra sənədi üzrə 21 noyabr 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar poçt vasitəsilə məhkəməyə və tələbkara, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Şəxs rəsmən təqdim edilmişdir. Borclunun bu günə 9451.40 manat borcu vardır. Borclu Şəxs alınmış izahatda o, qalıq məbləğdən bu günə heç bir məbləğ ödəyə bilmədiyini, 3 gün müddətində 100 manat məbləğində pulu tələbkar X1 xeyrinə ödəyə bilcəyini, daha sonra isə aylıq, hələ ki, 100 manat, işə düzəldikdən sonra isə daha çox məbləğ ödəməklə borcunu tam bağlayacağını bildirmişdir. Bu səbəbdən də, icra sənədi üzrə olan borcu ödətdirmək mümkün olmamış, icra sənədi icrasız qalmışdır. Bu isə tələbkarın haqlı narazılığına və şikayətinə səbəb olmuşdur. Ona görə də, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahbaz Səfərov bildirdi ki, borclu Şəxs tərəfindən məhkəmənin icra sənədi icra olunmamışdır. Belə ki, borclu Şəxs icra sənədi üzrə borcu hazırda cəmi 9.451,40 manat təşkil edir. Onun tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borclu onun tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Ş.Səfərov həmçinin bildirdi ki, hazırda borclu borcundan 700 manat ödəsə də tələbkar şikayətçidir və borcun bir dəfəyə ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs bildirdi ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli, 2(007)- 829/2018 saylı icra sənədinə əsasən ümumilikdə 10151.40 manat ondan alınaraq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş ona rəsmən təqdim edilmişdir. Bundan sonra, Füzuli rayon icra və probasiya şöbəsinə dəvət edilərək icra sənədii üzrə borcun ödənilməsi ondan tələb olunmuş və ona rəsmi xəbərdarlıqlar edilmişdir. Lakin daimi iş yeri və qazancı olmadığından borcundan cəmi 700 manat ödəmişdir. Borcun qalan hissəsini bir dəfəyə ödəməyə bilmir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq olunan sübutlardan görünür ki, borclu Şəxs tələbkara olan borcundan 700 manat ödəniş etmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına daşınar və ya daşınmaz əmlak (və ya əmlaklar), eləcə də daimi iş yeri və stabil gəliri aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, icra sənədini icra etməmə o halda qərəzli sayılır ki, borcluya rəsmi xəbərdarlıq edildikdən sonra da icra etməmə davam etmiş olsun. Lakin işin faktiki halı onu göstərir ki, borclu Şəxs ona edilmiş xəbərdarlıqlardan sonra qismən ödəniş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, borclu Şəxs əməlində icra sənədinin üzrsüz səbəbdən və ya qərəzli şəkildə icra edilməməsi halları müşahidə olunmadığından onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-in təqsirsizlik prezumpsiyasından bəhs edən 8-ci maddəsində aşağıdakılar göstərilmişdir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0 və 53.0.2-ci maddələrinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-cı maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir. Ona görə də, Şəxs barəsində AR İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməli, qəbul edilmiş qərarın surəti tərəflərə göndərilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, borclu Şəxs «İcra haqqında» Azərbaycan Respublikası Qanununun borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyətdən bəhs edən 82-ci maddəsinin tələbləri izah olunmalıdır: 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Odur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXMnin 30-34, 106-115 və 528.1-ci maddələrini rəhbər tutaraq, qərar verdi: İcra sənədi üzrə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. İcra sənədi üzrə borclu Şəxs izah olunsun ki, icra sənədi üzrə borcun qalan hissəsini ödəməyəcəyi təqdirdə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar