Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-307/2024 08.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx xxxxxx 1961-ci il tarixdə Füzuli rayonu, Govşad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Govşad kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş 02 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli RİPŞ-nin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 02 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda borclu Şəxs (bundan sonra - borclu) Azərbaycan Respublikasında tanınmış Qazaxıstan Respublikasının Karaqandı vilayətinin Asbay Rayon Məhkəməsinin 04 may 2014-cü il tarixli qətnaməsi əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 24 dekabr 2014-cü il tarixli, 10(102) 82/2014 nömrəli icra sənədi üzrə tələbkar X1 (bundan sonra – tələbkar) maddi ziyana görə 235201 tenqe və mənəvi ziyana görə 500000 tenqe məbləğində pulu üzrsüz səbəbdən ödəmədiyi göstərilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, həmin icra sənədi üzrə 03 iyul 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, qərarın surətini və tələbin könüllü icrası haqqında bildirişi borclunun yaşadığı ünvana göndərmişdir. Borclu tələbkara həmin icra sənədi üzrə yaranmış cəmi 735201 tenqe məbləğində pulu ödəmədiyinə görə dəfələrlə Füzuli RİPŞ-yə dəvət olunsa da, gəlməmişdir. Borclu verdiyi izahatında tələbkara həmin pul məbləğindən hər ay 50 manat ödəyə biləcəyini göstərmişdir. Borclunun tələbkara həmin pul məbləğini birdəfəlik tamamilə ödəməməsi tələbkarın haqlı narazılığına və şikayətlər etməsinə səbəb olmuşdur. Göstərdiklərinə əsasən borclu onun həmin icra sənədinin icrası ilə əlaqədar etdiyi qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də 02 may 2024-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Borclu tələbkara verməli olduğu pulun 200 manat hissəsini 08 may 2024-cü il tarixdə ödəmiş, qalan hissəsini isə hissə-hissə ödəyəcəyinə söz vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, həmin icra sənədi üzrə tələbkara cəmi 735201 tenqe məbləğində pulu maddi vəziyyətinin zəif olması səbəbindən birdəfəlik ödəyə bilməmişdir. Tələbkara verməli olduğu pulun 200 manat hissəsini 08 may 2024-cü il tarixdə ödəmiş, qalan hissəsini isə hissə-hissə ödəyəcəyinə söz verir. Göstərdiklərinə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə bu baxımdan, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Əvvəla, məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında Füzuli RİPŞ-nin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikasında tanınmış Qazaxıstan Respublikasının Karaqandı vilayətinin Asbay Rayon Məhkəməsinin 04 may 2014-cü il tarixli qətnaməsi əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 24 dekabr 2014-cü il tarixli, 10(102) 82/2014 nömrəli icra sənədinin məzmunu, edilmiş icra hərəkətləri və onların nəticəsi barədə göstərdiyi halların iş materiallarında eyni məzmunda öz əksini tapdığını müəyyən edir, buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Qeyd olunanlara əsasən iş üzrə Şəxs Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 24 dekabr 2014-cü il tarixli, 10(102) 82/2014 nömrəli icra sənədində göstərilmiş pul məbləğini tələbkara ödəməməsinin üzrsüz səbəbdən olub-olmamasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədlər, Füzuli RİPŞ-nin icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdikləri izahatlar əsasında, həmçinin müəyyən etmişdir ki, göstərilən icra sənədi üzrə sonuncu tələbkara ödəməli olduğu cəmi 735201 tenqe (2867,2 manat) məbləğində pulun 200 manat hissəsini 08 may 2024-cü il tarixdə ödəmiş, qalan hissəsini isə işləməməsi və maddi vəziyyətinin zəif olması səbəbindən ödəyə bilməmiş, lakin qısa müddətdə ödəyəcəyinə söz vermiş, aparılmış icra tədbirləri nəticəsində borclunun adına daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Azərbaycan Respublikası İXM-in: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iş materiallarında Şəxs Azərbaycan Respublikasında tanınmış Qazaxıstan Respublikasının Karaqandı vilayətinin Asbay Rayon Məhkəməsinin 04 may 2014-cü il tarixli qətnaməsi əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 24 dekabr 2014-cü il tarixli, 10(102) 82/2014 nömrəli icra sənədi üzrə ödəməli olduğu pulun 200 manat hissəsini ödədikdən sonra qalan hissəsini də ödəməməsinin üzrsüz səbəbdən baş verməsinə dair konkret sübut yoxdur. Buna görə də həmin hal iş materialları ilə sübut edilmir. Bu səbəbdən həmin halın mövcud olması barədə şübhələr olsa belə, Şəxs xeyrinə həll edilməlidir. Beləliklə, iş materialları əsasında belə nəticəyə gəlinir ki, Şəxs göstərilən icra sənədi üzrə qalıq qalmış pul borcunu üzrsüz səbəbdən deyil, işləməməsi, maddi vəziyyətinin zəif olması səbəbindən tam ödəyə bilməmişdir. Azərbaycan Respublikası İXM-in: - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsassən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə yuxarıda göstərdiyi işin müəyyən edilmiş hallarına və onlara tətbiq edilməli olan qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri olmadığına görə sonuncu barəsində tərtib edilmiş 02 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 3, 8, 53.0.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs barəsində tərtib edilmiş 02 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-307/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-307/2024
08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver