Məhkəmə qərarları › İş №3(064)-31/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-31/2023

03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-31/2023 03.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, Əliyev Taleh Ramiz oğlunun katibliyi ilə, xx xxxx 1947-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Füzuli rayonu, Vidadi küçəsi, ev 8-də qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 30 noyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və ondan hər hansı vəsatət daxil olmamışdır. Buna görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xətadır. İş materiallarında olan, 19 iyul 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və digər sənədlərin surətlərindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyinə görə barəsində 19 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin qərarla 40 manat məbləğində inzibati cərimə təyin edilmiş, ona həmin cərimənin ödənilməsi müddəti, yeri, qaydası və vaxtında ödənilməməsinin məsuliyyəti bildirilsə də, o, həmin cəriməni ödəməməklə göstərilən inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Beləliklə də, Şəxs göstərilən əməlində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin «Qeyd» hissəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İş materiallarında olan 20 yanvar 2023-cü il tarixli mədaxil qəbzin surətindən görünür ki, Şəxs 19 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol üzrə qəbul edilmiş qərarla barəsində təyin edilmiş 40 manat məbləğində inzibati cəriməni və ona hesablanmış dəbbə pulunu cəmi 64 manat olmaqla, iş üzrə məhkəmə qərarının qəbul edilməsinədək tamamilə ödəmişdir. Məhkəmə buna görə də hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 105 və 529-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aqil Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar