Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-314/2024 06.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Füzuli rayonu, Füzuli şəhəri, R.Əliyev küçəsi, ev 1-də qeydiyyatda olan, Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş 06 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(005)-2669/2022 nömrəli qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş 23 yanvar 2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Füzuli RİPŞ-nin böyük icra məmuru X1 qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edildiyi Füzuli Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 3(064)-713/2023 nömrəli qərarının qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş, yuxarıda göstərilən inzibati xətanı eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Buna görə də Füzuli RİPŞ-nin böyük icra məmuru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 06 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 noyabr 2022ci il tarixli, 2(005)-2669/2022 nömrəli qətnaməsinə əsasən Şəxs (bundan sonra - borclu) maddi zərərə görə 34000 manat və mənəvi zərərə görə 3000 manat məbləğində pul tutulub X2 (bundan sonra – tələbkar) ödənilməlidir. Həmin icra sənədi üzrə 30 yanvar 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, qərarın surəti və tələbin könüllü icrası haqqında bildirişi borclunun yaşadığı ünvana göndərmişdir. Borclu pul borcunu ödəmədiyinə görə Füzuli Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 3(064)-713/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Bundan sonra borclu pul borcundan tələbkara cəmi 500 manat məbləğində pul ödəmiş, lakin tələbkar pulu qəbul etməmiş və həmin pul məbləği Füzuli RİPŞ-nin depozit hesabına yerləşdirilmişdir. Hazırda borclunun tələbkara olan pul borcu cəmi 36500 manat təşkil edir. Borclunun pul borcunu ödəməməsi tələbkarın haqlı narazılığına və şikayətlər etməsinə səbəb olmuşdur. Tələbkar borcludan pul borcunu birdəfəlik tam həcmdə ödəməsini tələb edir. Göstərdiklərinə əsasən borclu onun həmin icra sənədinin icrası ilə əlaqədar etdiyi qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də 06 may 2024-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Əməlindən səmimi peşimandır. İş üzrə tələbkar X2 borcundan cəmi 500 manat məbləğində pul ödəmiş, lakin tələbkar pulu qəbul etməmişdir. Tələbkəra olan cəmi 36500 manat məbləğində pul borcunu ödəyə bilməməsini işləməməsi və maddi vəziyyətinin pis olması ilə izah edir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 3(064)-713/2023 nömrəli qərarının surətindən görünür ki, Şəxs hazırki icra sənədinə münasibətdə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarına əlavə edilmiş müvafiq sənədlərin surətləri əsasında 06 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİP-nin böyük icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də iş materiallarına əlavə edilmiş sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs göstərilən icra sənədini icra etməsi üçün xəbərdarlıq etsə də, sonuncunun icra məmurunun həmin qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılıq keçirməsindən ibarət məsuliyyətini yüngülləşdirən halın mövcud olmasını, məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə onun barəsində 12 (on iki) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 12 (on iki) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 06 may 2024-cü il tarixdən saat 17:25-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-314/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-314/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver