Məhkəmə qərarları › İş №3(064)-320/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-320/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-320/2025 14.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Füzuli şəhəri, Xanlar küçəsi, dalan 5, ev 5-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)-1596/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Füzuli RİP-nin böyük icra məmuru X1 qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də Füzuli RİP-nin böyük icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİP-nin böyük icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, Füzuli Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli 2(064)-1596/2023 saylı icra sənədinə əsasən borclu Şəxs cəmi 4652.76 manat pul tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İcra sənədi üzrə 24 yanvar 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar poçt vasitəsilə məhkəməyə və tələbkara, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Şəxs yaşadığı ünvana göndərilmişdir. Pul borcunun ödənilməsi üçün borclu Şəxs rəsmi xəbərdarlıq məktubları göndərilmiş, onunla və atası ilə telefon əlaqəsi saxlanılsa da, icra sənədi üzrə olan pul borcu tələbkarın xeyrinə ödənilməmişdir. Bu da tələbkarın haqlı narazılığına və müvafiq dövlət orqanlarına şikayət edilməsinə səbəb olmuşdur. Sonradan borclu Şəxs yeri məlum olmadığından onun axtarılması barədə 22 aprel 2025-ci il tarixdə qərar verilmiş və barəsində Füzuli rayon Polis Şöbəsində müvafiq olaraq axtarış işi açılmışdır. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə Füzuli rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tapılaraq Füzuli rayon icra və probasiya şöbəsinə gətirilib təqdim edilmişdir. Borclu Şəxs alınmış izahatda o, heç bir yerdə işləmədiyindən bu günə tələbkarın xeyrinə heç bir məbləğ ödəyə bilməyəcəyini, işlə təmin olunarsa aylıq 15-20 manat tələbkarın xeyrinə ödəyəcəyini bildirmişdir. Bu səbəbdən də, məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul borcunu ödətdirmək mümkün olmamış, borcun ödənilməməsi tələbkarın şikayət etməsinə səbəb olmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. İcra vərəqəsi üzrə 4652,76 manat pul borcunun tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi üçün Füzuli Rayon İcra və Probasiya Şöbəsinə çağırılmış, ona rəsmi xəbərdarlıq edilmiş və borcun ödənilməsi ondan tələb edilmişdir. O, borcunun ödənilməsi üçün ona möhlət verilməsini xahiş etmiş və ona möhlət verilmişdir. Məhkəmə qətnaməsində göstərilən 4652,76 manat borcunun olmasını bildirmişdir. O, heç bir yerdə işləmədiyindən bu günə tələbkarın xeyrinə heç bir məbləğ ödəyə bilməyəcəyini, işlə təmin olunarsa, aylıq 10-15 manat tələbkarın xeyrinə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİP-nin böyük icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs icra sənədini müvafiq olaraq 10 və 5 gün ərzində tam icra etməsi üçün şəxsən imza etdirilməklə yazılı qaydada xəbərdarlıq etsə də, sonuncunun icra məmurunun həmin qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə inzibati xətanın xarakterini, borclunun şəxsiyyətini, əmlak vəziyyətini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, himayəsində azyaşlı uşaqlarının olmasından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar