Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-321/2025 14.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Füzuli rayonu, Kürdlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Füzuli rayonu, Kürdlər kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 4292/2020 nömrəli qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Füzuli RİPŞ-nin böyük icra məmuru X1 qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edildiyi Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(064)-741/2024 nömrəli qərarının qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş, yuxarıda göstərilən inzibati xətanı eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Buna görə də Füzuli RİPŞ-nin böyük icra məmuru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin böyük icra məmuru X4 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(001)- 4292/2020 saylı icra vərəqəsinə əsasən 13 yanvar 2008-ci il təvəllüdlü X2 və 15 noyabr 2006cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq borclu Şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməli və borclu Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra vərəqəsi 07 yanvar 2021-ci il tarixdə Füzuli rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və müvafiq qaydada icraata başlanılmış, borclu Bakı şəhəri Binəqədi rayonu ərazisində yaşadığına görə icra vərəqəsi ərazi aidiyyəti üzrə icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Sonradan borclunun həmin ünvanda yaşamamsı və Füzuli rayonu, Kürdlər kəndində qeydiyyatda olması əsas göstərilərək, icra vərəqəsi ərazi aidiyyəti üzrə icra olunması üçün Füzuli rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və 13 iyun 2024-cü il tarixdə şöbəyə daxil olmuşdur. İcra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs istifadəsində olan (050)-740-47-19 nömrəli telefonla onunla əlaqə saxlanılaraq, qalan aliment borcunun ödənilməsi üçün Füzuli rayon İcra və Probasiya Şöbəsinə çağırılmış, həmçinin bu barədə 13 və 14 iyun 2024-cü il tarixlərdə borclunun qeyd olunan mobil telefonuna iki dəfə elektron “sms bildiriş”-lər göndərilmişdir. Borclu Şəxs Füzuli rayon İcra və Probasiya Şöbəsinə gələcəyini bildirsə də, şöbəyə gəlməmişdir. Sonradan borclu Şəxs yeri məlum olmadığından, icra vərəqəsinin icrasının təmin edilməsi üçün onun axtarılması barədə 24 iyun 2024-cü il tarixdə qərar verilərək, qərar icra olunması üçün Füzuli rayon Polis Şöbəsinə göndərilmişdir. Füzuli rayon Polis Şöbəsinin 18 iyul 2024-cü il tarixli 3-13-73/2-16878/24 nömrəli məktubunda borclu Şəxs barəsində Bakı şəhər Binəqədi rayon İcra Şöbəsinin qərarı əsasında Polis Şöbəsində xx.xx.2024-cü il tarixdə 760714 nömrəli axtarış işi açıldığı göstərilmiş və ona görə axtarış qərarı icra edilmədən şöbəyə qaytarılmışdır. Bundan sonra borclu Şəxs tapıldıqda onun Füzuli rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə 19 iyul 2024-cü il tarixli məktubla Füzuli rayon Polis Şöbəsinə müraciət olunmuşdur. Borclu Şəxs 02 avqust 2024-cü il tarixdə Füzuli rayon Polis Şöbəsi tərəfindən tapılaraq Füzuli rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş, icra vərəqəsi üzrə 01 avqust 2024-cü il tarixədək yaranmış cəmi 7160 (yeddi min yüz altmış) manat aliment borcunu ödəmədiyinə görə barəsində AR İXM-nın 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Füzuli Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 3(064)-741/2024 saylı qərarı ilə Şəxs AR İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir.Bundan sonra borclu Şəxs ilə yenidən əlaqə saxlanılaraq aliment borcunun ödənilməsi tələb edilməsinə və bir neçə dəfə elektron "sms"-lər göndərilməklə şöbəyə çağırılmasına baxmayaraq o, şöbəyə gəlməmiş və aliment borcunu ödəməmişdir.Aliment borcunun ödənilməsi ilə əlaqədar borclu Şəxs əvvəllər yaşadığı ünvanına iki dəfə rəsmi xəbərdarlıq məktubları göndərilmişdir.Sonradan borclu Şəxs yeri məlum olmadığından, icra vərəqəsinin icrasının təmin edilməsi üçün onun axtarılması barədə 15 oktyabr 2024-cü il tarixdə yenidən qərar qəbul edilərək, qərar icra olunması üçün Füzuli rayon Polis Şöbəsinə göndərilmiş və onun barəsində Polis Şöbəsində 01 noyabr 2024-cü il tarixdə 760795 nömrəli axtarış işi açılmışdır.Borclu Şəxs barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi vaxtdan keçən xeyli müddət ərzində aliment borcundan cəmi 300 (üç yüz) manat pulu tələbkarın xeyrinə ödəsə də, bu barədə ona rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, təkrarən qanuni tələbləri yerinə yetirməyərək, icra vərəqəsi üzrə 01 may 2025-ci il tarixədək ödənilməmiş qalan cəmi 8900 (səkkiz min doqquz yüz) manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməmişdir. Buna görə də borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Əlavə olaraq bildirmişdir ki, tələbkar aliment borcunun məbləğinin çox olduğundan borclu tərəfindən hər ay az məbləğdə ödəniş edilməsinə razı deyildir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Sözügedən icra vərəqəsi barədə məlumatı var. Əməlindən səmimi peşmandır. Həmçinin borclu tələbkarın xeyrinə sonuncu dəfə 200 manat pul ödədiyini bildirmişdir. Tələbkara cəmi 8900 manat məbləğində aliment borcunun olduğunu, həmin borcunu ödəyə bilməməsini işləməməsi və maddi vəziyyətinin pis olması ilə izah edir. Hazırda Füzuli peşə məktəbində fəhlə işləyir. Aliment borcunun məbləği çox olduğundan o, həmin pulu birdəfəlik ödəyə bilmir, borcunu hissə-hissə ödəmək istəsə də, tələbkar buna razı olmamış, borcun tam ödənilməsini tələb etmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, borclu Şəxs ona icra sənədi üzrə aliment borcundan 8900 manat məbləğində pulu ödəməmişdir. Həmin pulun ona tam ödənilməsini, hissə-hissə ödənişlərlə razı olmadığını, uşaqlarının günü-gündən artan ehtiyaclarını ödəyə bilmədiyini bildirmiş, borclu barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(064)- 741/2024 nömrəli qərarının surətindən görünür ki, Şəxs hazırki icra sənədinə münasibətdə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in: - 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. - 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarına əlavə edilmiş müvafiq sənədlərin surətləri əsasında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİP-nin böyük icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də iş materiallarına əlavə edilmiş sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs göstərilən icra sənədini icra etməsi üçün xəbərdarlıq etsə də, sonuncunun icra məmurunun həmin qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. -Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə bu barədə nəticəyə gələrkən, sonuncunun Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4292/2020 nömrəli qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə törətdiyi, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinə münasibətdə həmin Məcəllənin 528.1-1-ci maddəsinin sanksiyasının 528.1-ci maddəsinin sanksiyasını əhatə etməsi səbəbindən əlavə olaraq, 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə ehtiyac olmadığını da nəzərə alır. Məhkəmə Şəxs səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmanlıq keçirməsindən ibarət məsuliyyətini yüngülləşdirən halın mövcud olmasını, məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə onun barəsində 25 (iyirmi beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-321/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-321/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver