Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-331/2023 25.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 430.4-cü maddəsi ilə tərtib edilmiş 10 iyul 2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC 16 iyun 2021-ci il tarixdə 34650,00 ABŞ dolları məbləğində valyuta vəsaitini xaricə köçürdükdən 2 il müddət keçsə də, onun hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, həmin valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Həmin xəta 17 iyun 2023-cü il tarixdə Şəxs MMC-nin hüquqi ünvanının yerləşdiyi Füzuli rayonu, Qayıdış-3 ünvanında törədilmişdir. Buna görə də Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yuxarıda göstərilən məzmunda tərtib edilmiş inzibati xəta haqqında 10 iyul 2023-cü il tarixli, EP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdən ibarət olan inzibati xəta haqqında icraat materialları baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Füzuli Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 3(064)331/2023 nömrəli qərarı ilə əməldə inzibati xəta tərkibi olmadığı müəyyən edildiyinə görə 10 iyul 2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və Şəxs MMC inzibati məsuliyyətdən azad edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı həmin qərardan şikayət vermiş, Şirvan Apelyasiya Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 3(106)386/2023 nömrəli qərarı ilə şikayətin qismən təmin edilməsi, Füzuli Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 3(064)331/2023 nömrəli qərarının ləğv edilməsi, iş materiallarının yenidən baxılması üçün Füzuli Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi həmin qərarında birinci instansiya məhkəməsinin 34650 ABŞ dolları məbləğində vəsait hesabına alınması nəzərdə tutulan malın ölkəyə ixrac edilməsini təsdiq edən sübut kimi istinad etdiyi müqavilənin inzibati xəta haqqında protokolda göstərilmiş 1604-21 saylı müqavilə deyil, 1604-21/4 və 1604-21/4/1 saylı müqavilələr olmasını qeyd etməklə yanaşı, birinci instansiya məhkəməsinə iş materiallarının qaytarılmasından sonra iş üzrə inzibati xəta hadisəsinin olub-olmamasının araşdırılması barədə göstəriş vermişdir. Buna görə də iş materialları 10 oktyabr 2023-cü il tarixdə Füzuli Rayon Məhkəməsinə daxil olduqdan sonra Azərbaycan Respublikası Mərkəzi Bankı və Şəxs MMC-yə iş üzrə birinci instansiya məhkəməsindəki əvvəlki icraat zamanı həmin MMC tərəfindən məhkəməyə təqdim edilmiş 24 iyun 2021-ci il tarixli, **********2711 sorğu nömrəli “Gömrük bəyannaməsi”nin surəti göndərilməklə həmin sənədin hazırki işə aid olub-olmaması ilə bağlı yazılı qaydada əsaslandırılmış mövqeylərini təqdim etmələri barədə sorğu göndərilmiş, bununla əlaqədar tərəflərə ağlabatan müddət verilməklə məhkəmə iclası 23 oktyabr 2023-cü il tarixə təyin edilmiş, həmin məhkəmə iclası Şəxs MMC-nin nümayəndəsinin gəlməməsi səbəbindən 25 oktyabr 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə tərəfləri məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırsa da, onların nümayəndələri məhkəmə iclaslarına gəlməmişdir. Buna görə məhkəmə iş üzrə yekun qərarı tərəflərin nümayəndələrinin iştirakı olmadan qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xətadır. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli, 45/1 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göstərilən qanunvericilik normalarının məzmunundan görünür ki, avans yolu ilə xaricə ödənilmiş valyuta vəsaiti müqabilində ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində xaricdən ölkəyə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, həmin ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətini yaradır. Şəxs MMC 16 iyun 2021-ci il tarixdə xaricə köçürdüyü 34650,00 ABŞ dolları məbləğində valyuta vəsaiti hesabına aldığı malları birinci instansiya məhkəməsindəki əvvəlki icraat zamanı təqdim etdiyi 24 iyun 2021-ci il tarixli, **********2711 sorğu nömrəli “Gömrük bəyannaməsi” əsasında ölkəyə idxal etdiyini iddia etsə də, həmin sənədin məhkəmənin iş üzrə müəyyən etdiyi faktiki halı ilə hansı qaydada əlaqəsinin olması barədə məhkəməyə məlumat göndərməmişdir (məhkəmə tərəfindən bu barədə sorğu göndərilsə də). Məhkəmə: - iş materiallarına əlavə edilmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şəxs MMC ilə “İnGroup” LTD arasında bağlanmış 16 aprel 2021-ci il tarixli müqavilə, 1604- 21/4 saylı Proforma faktura və "xxxx" ASC-nin 19 iyun 2023-cü il tarixli məktubunun surətləri əsasında 16 aprel 2021-ci il tarixdə Şəxs MMC-nin “İnGroup” LTD ilə bağladığı 1604-21 nömrəli müqaviləyə əsasən sonuncuya sifariş verdiyi, ümumi dəyəri 138600 ABŞ dolları təşkil edən kokos yağından ibarət mala görə "xxxx" ASC-də olan bank hesabından “İnGroup” LTD-nin bank hesabına 34650,00 ABŞ dolları məbləğində pul köçürdüyünü, - Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin 23 oktyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş yazılı izahatı və ona əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin elektron portalından əldə edilmiş məlumat əsasında 24 iyun 2021-ci il tarixli, **********2711 sorğu nömrəli “Gömrük bəyannaməsi”nin ümumi dəyərini təşkil etmiş 46200,00 ABŞ dollarının 21200,00 ABŞ dolları hissəsinin 25 may 2021-ci il tarixli köçürmənin bəyan edilməsində, 25000,00 ABŞ dolları hissəsinin isə 19 may 2021-ci il tarixli köçürmənin bəyan edilməsində istifadə olunduğunu, bəyannamə üzrə qalıq məbləğinin olmadığını, buna görə də həmin bəyannamənin hazırki işin faktiki halı ilə əlaqəsi olmadığını müəyyən edir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, tam, hərtərəfli və qərəzsiz qiymət verərək, eləcə də yuxarıda göstərilən, bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən qanunvericilik normaları və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Şəxs MMC iş üzrə məhkəmənin müəyyən etdiyi məzmunda hərəkət və hərəkətsizlik etməsi əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti yaratmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İXM-in 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in: - 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər (2 dekabr 2022-ci il tarixli, 664-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə həmin maddədə “üç” sözü “dörd” sözü ilə əvəz edilmiş, həmin dəyişiklik 12 yanvar 2023-cü il tarixdə dərc edilməklə qüvvəyə minmişdir). - 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə göstərilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və işin müəyyən etdiyi faktiki hallarına əsaslanaraq hesab edir ki, iş üzrə Şəxs MMC inzibati xətanı 17 iyun 2023-cü il tarixdə törətdiyinə və həmin gündən dörd ay keçdiyinə görə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 10 iyul 2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 38.1, 53.1.6 və 114.2.1ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 10 iyul 2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs MMC həmin inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-331/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-331/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver