Məhkəmə qərarları › İş №3(064)-332/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-332/2023

19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-332/2023 19.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli RPŞ-nin polis sahə rəisi polis leytenantı Sabir Hüseynovun, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Füzuli rayonu, Mahmudlu-2 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Füzuli rayonu, Zərgar kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, Zobucuq-3 qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1, 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş halda Füzuli Rayon Zobucuq-3 qəsəbəsində kafedə Jalə Mehdiyevaya məxsus qab-qacağı sındırmaqla ona 87 manat ziyan vurmuş, həmçinin uca səslə nalayiq söyüşlər söymüş və polislə mübahisə edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında: Füzuli RPŞ-nin polis sahə rəisi polis leytenantı Sabir Hüseynov bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş halda Füzuli rayonu, Zobucuq-3 qəsəbəsində kafedə Jalə Mehdiyevaya məxsus qab-qacağı sındırmaqla ona 87 manat ziyan vurmuş, həmçinin uca səslə nalayiq söyüşlər söymüş və polislə mübahisə edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510, 535.1 və 232-1 ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs X2 bildirdi ki, baş vermiş hadisə zamanı Şəxs tərəfindən ona 87 manat maddi ziyan dəymişdir. Odur ki, ona vurulmuş ziyanın ödənilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 510-cu, 535.1-ci və 232-1 ci maddələri ilə təqsirli bilərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə sərxoş halda Füzuli rayonu, Zobucuq-3 qəsəbəsində kafedə Jalə Mehdiyevaya məxsus qab-qacağı sındırmaqla ona 87 manat ziyan vurmuş, həmçinin uca səslə nalayiq söyüşlər söymüş və polislə mübahisə edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Füzuli rayon RPŞ TB-nin təhqiqatçısı polis baş leytenatı Toğrul Əliyevin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu, 535.1-ci və 232-1 ci maddələrinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510, 535.1 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, o, həmin maddələrlə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.1. Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 232-1-ci maddəsində göstərilir ki, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsində göstərilir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsini müzakirə edib, törədilmiş inzibati xətaların xarakterini, onun şəxsiyyətini, davranışını və sair diqqətəlayiq halları nəzərə alıb onu Azərbaycan Respublikası İXM-in 510-cu, 535.1-ci və 232-1-ci maddələri ilə ayrılıqda inzibati tənbeh etməklə ona İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xəta olan İXM-in 510-cu maddəsi ilə inzibati həbs tətbiq olunmasını əsaslı hesab edir. Məhkəmə belə yekun qənaətə gəlir ki, Şəxs gün ərzində bir neçə inzibati xətanı törətməsi onda hüquqazidd əməllərin törədilməsinin vərdişə çevrilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da onun törətdiyi əməllərin hüquqazidd xarakterinə və şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106- 115, 232-1 və 510-ci maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 232-1, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə 87 manat inzbati cərimə, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə 5 (beş) gün müddətinə inzibati həbs və Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inizbati həbs edilsin. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən, Şəxs daha ciddi xəta olan Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs təyin edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 16:40-dan hesablansın. Qərar dərhal icra olunsun, Qərarın icrası Füzuli rayon PŞ-yə və Beyləqan rayon PŞ MSY-ə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar