Məhkəmə qərarları › İş №3(064)-334/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-334/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-334/2024 14.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin sahə rəisi, polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, həmin ünvanda qeydiyyatda olan,Azərbaycan Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 332.1-ci, 342.5-ci və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 08 may 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 05 may 2024-cü il tarixdə saat 22:20 radələrində Horadiz şəhərində sərxoş halda, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini istismar etmişdir. Buna görə də Füzuli RPŞ-nin Yol patrul xidmətinin inspektoru, polis serjantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 332.1-ci, 342.5-ci və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş 08 may 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin sahə rəisi, polis serjantı X2 08 may 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirdi ki, özünü inzibati xəta haqqında protokolda göstərilən maddələrlə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilir, 05 may 2024-cü il tarixdə saat təxminən 22 radələrində dostuna məxsus VAZ 2107 markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili dostuna təhvil vermək məqsədilə Füzuli Rayon Polis Şöbəsinə sürərək gətirmişdir. Füzuli Rayon Polis Şöbəsində olarkən onun sərxoş halda olması, avtomobili sürücülük hüququ olmadan idarə etməsi müəyyən olunmuşdur. Törətdiyi həmin hərəkətlərindən səmimi peşimandır. Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 252 nömrəli aktda Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:40 radələrində sərxoş vəziyyətdə olmasının müəyyən edildiyi göstərilmişdir. Bununla yanaşı, Füzuli RPŞ-nin Yol patrul xidmətinin inspektoru, polis serjantı X2 tərəfindən verilmiş arayışdan da aydın olur ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək üçün hüququ yoxdur. Azərbaycan Respublikası İXM-in: - 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. - 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi: - məhkəmə iclasında və Füzuli RPŞ-də özünün verdiyi etirafedici izahatları ilə yanaşı, iş materiallarında olan inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən sərxoş halda, sürücülük hüququ və etibarnamə olmadan, xarici işıq cihazları nasaz olan nəqliyyat vasitəsini istismar etməsi Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 332.1-ci, 342.5-ci və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası İXM-in: - 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. - 43-cü maddəsinə əsasən həmin Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Məhkəmə hesab edir ki, ən ciddi inzibati tənbeh növü olan inzibati həbs 334.1-ci maddənin sanksiyasında on beş günədək müddətə nəzərdə tutulduğundan Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh verilməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə, ailəsində xəstə yaxınlarının olmasını isə həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində cərimə növündə inzibati tənbehin ən yuxarı həddə tətbiq edilməsi kifayətdir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 34.3, 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 332.1-ci, 342.5-ci və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar