Məhkəmə qərarları › İş №3(064)-335/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-335/2023

21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-335/2023 21.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ DYPB-nin YPX inspektoru polis serjantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixində Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Beyləqan rayonu, Yuxarı Çəmənli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.4 və 333.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: xx.xx.2023-cü il tarixli, GP 17335604 saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixində saat 19:10-da “VAZ 21074” markalı, ** LT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman Azərbaycan Respublikası İXM-in 327.4 və 333.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında: Füzuli rayon PŞ DYPB-nin YPX inspektoru polis serjatı X2 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixində saat 19:10-da “VAZ 21074” markalı,** LT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman Azərbaycan Respublikası İXM-in 327.4 və 333.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Belə ki, o, yol hərəkəti qaydalarını pozarkən onun tərəfindən saxlanılmış və sərxoş vəziyyətdə olduğu aşkar olunmuşdur. Ona görə də, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.4 və 333.2-ci maddələri ilə təqsirli bilərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixində saat 19:10-da “VAZ 21074” markalı,** LT *** dövlət qeydiyyat nişanlı avtomaşınla Horadiz şəhərində hərəkətdə olarkən avtomobilin hərəkətini əksinə tərəf sürdüyü üçün yol polisi tərəfindən saxlanılmış, bu zaman polis əməkdşarı onun spirtli içki qəbul etməsindən şübhələnmişlər və onu rayon mərkəzi xəstəxanasına müyanə edilməsi üçün aparmışlar və onun spritli içki qəbul etdiyi məlum olmuşdir. Onun nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi var, lakin həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Şəxs həmçinin bildirdi ki, əməlindən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. xx.xx.2023-cü il tarixli, 02731 saylı aktından görünür ki, Şəxs alkoqolun miqdarı 1.716 %-dir. xx.xx.2023-cü il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs AR İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 327.4 və 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tarpmışdır. Azərbaycan Respublikası İXM-in: 327.4. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz əlli manat məbləğində cərimə edilir. 333.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 333.2. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı, İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həm də İXM-in 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilir. Azərbaycan Respublikası İXM-in: 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

1. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir.

2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur.

3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.

4. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Göründüyü kimi, İXM-də və KM-nin yuxarıda isnad olunan qərarında şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda həmin şəxsin daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməsi nəzərdə tutulmuşdur. Lakin Şəxs barəsində İXM-in 327.4 və 333.2-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, bunlardan da yalnız 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmənin səlahiyyətinə aiddir. Lakin İXM-də bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda (əgər bu əməllərə görə işlərin baxılması eyni orqana aid deyilsə) bu əməllərin daha ciddi inzibati xəta ilə əhatələnməsi halı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair» 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, «…inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin….». Odur ki, məhkəmə hazırki iş üzrə AR Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarını və həmin qərarda ifadə olunmuş hüquqi mövqeyini rəhbər tutaraq məhkəmə baxışının hədlərindən bəhs edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş müddəalarına isnad edilməsini qanunamüvafiq hesab edir. Belə ki, adı şəkilən normada göstərilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə bu normadan yararlanaraq hesab edir ki, Şəxs barəsində İXM-in 327.4 və 333.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan 327.4cü maddəsi xaric edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106- 115 və 334.3-cü maddələrini rəhbər tutaraq,

qərar verdi:

Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.4 və 333.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan Azərbaycan Respublikası İXM-in 327.4cü maddəsi xaric edilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar