Məhkəmə qərarları › İş №3(064)-335/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-335/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-335/2024 10.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ Regional Şöbəsinin nümayəndəsi X5 və şikayət verən şəxs X7 iştirakları ilə, X7 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ Regional Şğbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: X12 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X12 şikayətində göstərmişdir ki, o, Füzuli rayonu, Kürdlər kəndi ərazisində yerləşən torpaq sahəsində mövsümi təsərrüfat işləri ilə məşğul olur.Əvvəllər də tanıdığı Füzuli rayon sakini X2 qaydada fərdi əməklə məşğul olduğundan xx.xx.2023-cü il tarixdən etibarən 03 gün ərzində təsərrüfat işləri apardığı torpaq sahəsində şumlama işi aparmışdır. İş zamanı Zamin Hətəmlinin idarə etdiyi traktor minaya düşmüş, lakin heç bir xəsarət alan olmamış və maddi ziyan vurulmamışdır. Bu barədə müvafiq araşdırma aparılmış və AR ƏƏSMN yanında X10 Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X12 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4000 manat məbləğində cərimə hesablanmışdır. X12 hesab edir ki,qeyd olunan inzibatı xətanın törədilməsinə dair qərar və protokol tamamilə əsassızdır və qanunvericiliyə və işin faktiki hallarına zidd və qərəzli olaraq tərtib edilmişdir. Məhkəmə iclasında: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X12 şikayətdə göstərilənlərlə oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, X8 işə götürməmişdir. İş fəaliyyəti qısamüddətli (03 gün) olduğu üçün aralarında əmək müqaviləsi bağlanmamışdır. Odur ki, hesab edir ki, o, İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli sayıla bilməz. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ Regional Şöbəsinin nümayəndəsi X9 bildirdi ki, X12 tərəfindən X3 rayonu, Kürdlər kəndi ərazisində xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X12 özü də etiraf edir ki, işçi ilə əmək müqaviləsi bağlamamışdır. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə MN ******* inzibati tənbeh vermə haqqında qərara əsasən X12 AR İXM-in 192.1-ci maddəsi ilə 4000 manat inzibati cərimə edilmişdr. İş materiallarına əlavə olunmuş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ Regional Şöbəsinin baş müfəttişi X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Füzuli rayonu, Kürdlər kəndi ərazisində X13 xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X1 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ Regional Şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* inzibati tənbeh vermə haqqında qərarda qeyd edilmişdir ki, X13 xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozulmuşdur. X1 İXM-in 192.1-ci maddəsi ilə 4000 manat inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi.

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 1-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.

2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. 2-2. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir.

3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.

4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

5. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X12 tərəfindən X3 rayonu, Kürdlər kəndi ərazisində xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X12 özü də etiraf edir ki, işçi ilə əmək müqaviləsi bağlamamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozulmuşdur. Bu səbəbdən də, X12 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat inzibati cərimə olunmuşdur. Lakin məhkəmə X7 müharibə veteranı və məcburi köçkün olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi (Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsinə görə inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər) nəzərə alaraq hesab edir ki, o, həmin maddənin sanksiyasında göstərilən minimum həddə, yəni 3000 manat məbləğində cərimə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində göstərilir ki, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilən qanun normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilməlidir. Odur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXMin 30-34, 53, 135 və 192.1-ci maddələrini rəhbər tutaraq

QƏRAR VERDİ:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilsin və X12 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar