Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-336/2025 30.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə xx.xx.1993-cü il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Protokol onunla əsaslandırılır ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-941/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 1200 manat tələbkar Zərərçəkmiş şəxs xeyirinə tutulmalıdır. İcra vərəqəsi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək məhkəməyə və tərəflərə göndərilmiş, həmçinin qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün Borcluya rəsmən təqdim olunmuşdur. Borcluya icra vərəqəsi üzrə borcunun ödənilməsi barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, qanuni tələbləri yerinə yetirməyərək, icra vərəqəsi üzrə tələbkarın xeyrinə ödəniş edə bilməyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən Borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək Məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında: Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Borclu tərəfindən məhkəmənin icra sənədi icra olunmamışdır. Belə ki, Borclu icra sənədi üzrə borcundan ödəniş etməmişdir. Onun tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq Borclu onun qanuni tələblərini yerinə yetirməmişdir. Borclunun əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - icra sənədi üzrə Borclu izahat verərək bildirdi ki, həmin məhkəmə qərarı üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü olaraq icra edilməsi barədə xəbərdarlıq bildirişini almışdır. Lakin heç yerdə işləmədiyinə və fərdi fəaliyyətlə məşğul olduğuna görə bu günədək Tələbkara ödəniş edə bilməmişdir. Borcunu hisə-hissə ödəyə bilər. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan: Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-941/2024 saylı icra vərəqəsi əsasında müəyyən edilir ki, Borcludan cəmi 1200 manat tələbkar Zərərçəkmiş şəxs xeyirinə tutulmalıdır. Füzuli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı əsasında müəyyən edilir ki, icra vərəqəsi üzrə icraata başlanılıb və Borclu icraata başlama haqqında qərarla tanış olub. Borclunun xx.xx.2025-ci il tarixli izahatı əsasında müəyyən edilir ki, o, borcunu qəbul edir, bu günə qədər borcundan Tələbkarın xeyrinə ödəniş etməyib və hissə-hissə ödəyə bilər. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Borclunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləki, Borclu icra sənədi üzrə borcunu qismən də olsa ödəməyə maddi imkanı olduğu halda ödəməmiş, beləliklə də icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. Odur ki, Məhkəmə hesab edir ki, Borclu həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun təqsirini etiraf etməsini sonuncunun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində göstərilir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı, İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, ödənilməmiş borcun məbləğini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin sair digər hallarını nəzərə alaraq icra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 528.1-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-336/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-336/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver