Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-338/2024 23.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin rəisi X3, Zərərçəkmiş şəxs Nəriman oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Füzuli rayonu, Seyidmahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Füzuli rayonu, 59 saylı tam orta məktəbində müəllim işləyən, Füzuli rayonu, Seyidmahmudlu kəndində qeydiyyatda olan, Füzuli rayonu, Fin qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİPŞ) daxil olmuş 13 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli RİPŞ-nin böyük icra məmuru X1 tərəfindən borclu Şəxs (bundan sonra - borclu) barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 13 may 2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokol Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli, 2(102)-460/2024 nömrəli icra sənədinin (bundan sonra – həmin icra sənədi) borclu tərəfindən tələbkar Zərərçəkmiş şəxs (bundan sonra – tələbkar) xeyrinə üzrsüz səbəbdən icra etməməsinə görə tərtib edilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin rəisi X3 verdiyi izahatında göstərmişdir ki, həmin icra sənədi üzrə Füzuli RİPŞ-də 28 fevral 2024-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Borclu həmin icra sənədinə əsasən "Tik-Tok" sosial şəbəkəsində tələbkarın "cinayətkar" olması barədə yaydığı məlumatları eyni üsulla təkzib etməli və sonuncuya vurduğu mənəvi zərərə görə beş yüz manat məbləğində pul ödəməlidir. Borclu bir neçə dəfə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, həmin icra sənədinin göstərilmiş məlumatların təkzib edilməsi ilə bağlı hissəsini əvvəllər yaşadığı evin həyətindəki əmlakın qəsdən məhv edilməsi barədə müraciəti üzrə Füzuli RPŞ-də başlanmış cinayət işinə nəticə verilməsindən sonra icra edəcəyini bildirməklə, icra etməkdən yayındığına, bu hal tələbkarın haqlı narazılığına səbəb olduğuna görə Füzuli RİPŞ-də 13 may 2024-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclunun gəlirləri haqqında elektron qaydada əldə edilmiş məlumata əsasən müəllim işləməklə müəyyən məbləğdə əmək haqqı alması müəyyən edildiyinə görə həmin icra sənədinin borclunun tələbkara vurduğu mənəvi zərərə görə beş yüz manat məbləğində pul ödəməsi ilə bağlı hissəsinin məcburi icrası borclunun əmək haqqı məbləğinə yönəldilməklə təmin ediləcəkdir. Buna görə də borclunun tələbkara vurduğu mənəvi zərərə görə beş yüz manat məbləğində pulu könüllü qaydada ödəməməsi borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün əsas olmamışdır. Borclu 23 may 2024-cü il tarixdə Füzuli RİPŞ-yə bir ədəd diskdə təqdim etdiyi, "Tik-Tok" sosial şəbəkəsində özünün “@rza844” adlı profilində yerləşdirdiyi videoçıxışında əvvəllər həmin sosial şəbəkədə tələbkarın "cinayətkar" olması barədə yaydığı məlumatları təkzib etdiyini iki dəfə bildirməklə, həmin icra sənədini təkziblə bağlı hissədə icra etmişdir. Bununla yanaşı, borclunun həmin videoçıxışında əvvəllər törədilmiş əmələ görə tələbkardan şübhələndiyini bildirməsi sonuncunun təqsirsizlik prezumpsiyası hüququnu pozmadığına görə borclunun həmin icra sənədinin təkziblə bağlı hissəsini icra etməsi barədə gəlinmiş nəticəyə əsaslı təsir etmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, 23 may 2024-cü il tarixdə "Tik-Tok" sosial şəbəkəsində özünün “@rza844” adlı profilində yerləşdirdiyi videoçıxışında əvvəllər həmin sosial şəbəkədə tələbkarın "cinayətkar" olması barədə yaydığı məlumatları təkzib etdiyini iki dəfə bildirməklə, həmin icra sənədini müvafiq hissədə icra etmişdir. Bununla yanaşı, əvvəllər yaşadığı evin həyətindəki əmlakın qəsdən məhv edilməsi ilə bağlı Füzuli RPŞ-də başlanmış, icraatı dayandırılmış cinayət işi üzrə tələbkardan şübhələndiyinə görə bu barədə sonuncu videoçıxışında demişdir. Füzuli rayonu, 59 saylı tam orta məktəbində müəllim işləməklə əmək haqqı alır. Bu səbəbdən həmin icra sənədinin onun tələbkara vurduğu mənəvi zərərə görə beş yüz manat məbləğində pul ödəməsi ilə bağlı hissəsinin icrası onun əmək haqqı məbləğinə yönəldilə bilər. Göstərdiklərinə əsasən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Nəriman oğlu izahatında göstərmişdir ki, borclu "Tik-Tok" sosial şəbəkəsində özünün “@rza844” adlı profilində yerləşdirdiyi videoçıxışında əvvəllər həmin sosial şəbəkədə onun "cinayətkar" olması barədə yaydığı məlumatları təkzib etməsini iki dəfə bildirsə də, əvvəllər törədilmiş hansısa əməllə bağlı ondan şübhələndiyini də bildirdiyinə görə həmin təkzibi icra sənədinin icrasının təmin edilməsi mənasında qəbul etmir. Buna səbəbdən borclunun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil borclunun 23 may 2024-cü il tarixdə "Tik-Tok" sosial şəbəkəsində özünün “@rza844” adlı profilində yerləşdirdiyi videoçıxışında əvvəllər həmin sosial şəbəkədə tələbkarın "cinayətkar" olması barədə yaydığı məlumatları təkzib etməsini iki dəfə bildirməklə, həmin icra sənədini müvafiq hissədə icra etməsinə görə borclu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclu tərəfindən 23 may 2024-cü il tarixdə "Tik-Tok" sosial şəbəkəsində özünün “@rza844” adlı profilində yerləşdirilmiş, məhkəməyə bir ədəd diskdə təqdim edilmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş videogörüntüdən görünür ki, borclu əvvəllər həmin sosial şəbəkədə tələbkarın "cinayətkar" olması barədə yaydığı məlumatları təkzib etməsini iki dəfə bildirmiş, bununla yanaşı, əvvəllər yaşadığı evin həyətindəki əmlakın qəsdən məhv edilməsi ilə bağlı Füzuli RPŞ-də başlanmış, icraatı dayandırılmış cinayət işi üzrə tələbkardan şübhələndiyini də demişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə bu baxımdan, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Əvvəla, məhkəmə Füzuli RİPŞ-nin rəisi X2 məhkəmə iclasında verdiyi izahatında həmin icra sənədinin məzmunu, iş üzrə edilmiş icra hərəkətləri və nəticəsi barədə göstərdiyi halların iş materiallarındakı müvafiq sənədlərdə eyni məzmunda öz əksini tapdığını müəyyən edir, buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində icra sənədindəki tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu tərəfindən məhkəməyə təqdim edilmiş həmin videogörüntü əsasında belə nəticəyə gəlir ki, borclu "Tik-Tok" sosial şəbəkəsində tələbkarın "cinayətkar" olması barədə yaydığı məlumatları 23 may 2024-cü il tarixdə həmin sosial şəbəkədə özünün “@rza844” adlı profilində yerləşdirdiyi videoçıxışında, yəni eyni üsulla təkzib etməklə həmin icra sənədini müvafiq hissədə icra etmişdir. İş materiallarına əlavə edilmiş “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, 15 dekabr 2021-ci il tarixdə Şəxs Füzuli rayonu, Fin qəsəbəsində yaşadığı evin həyətində olmuş “Opel Astra” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəsdən yandırılması faktı üzrə 05 may 2022-ci il tarixdə Füzuli RPŞ-də Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməməsi səbəbindən Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Məhkəmə hesab edir ki, borclunun 23 may 2024-cü il tarixdə "Tik-Tok" sosial şəbəkəsində özünün “@rza844” adlı profilində yerləşdirdiyi videoçıxışında əvvəllər yaşadığı evin həyətindəki əmlakın qəsdən məhv edilməsi ilə nəticələnmiş əmələ görə tələbkardan şübhələndiyini də bildirməsi sonuncunun təqsirsizlik prezumpsiyası hüququnu pozmadığına görə borclunun həmin icra sənədinin təkziblə bağlı hissəsini icra etməsi barədə gəlinmiş nəticəni aradan qaldırmır. Digər tərəfdən, məhkəmə Füzuli RİPŞ-nin rəisi X2 məhkəmə iclasında verdiyi izahatı və borclunun gəlirləri haqqında elektron qaydada əldə edilmiş məlumata görə müəllim işləməklə müəyyən məbləğdə əmək haqqı almasına əsaslanaraq hesab edir ki, həmin icra sənədinin borclunun tələbkara vurduğu mənəvi zərərə görə beş yüz manat məbləğində pul ödəməsi ilə bağlı hissəsinin məcburi icrası borclunun əmək haqqı məbləğinə yönəldilməklə təmin edilməsi mümkündür. Bu səbəbdən borclunun tələbkara vurduğu mənəvi zərərə görə beş yüz manat məbləğində pulu könüllü qaydada ödəməməsi borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün əsas olmamışdır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən hallar iş üzrə borclunun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin mövcud olmadığı barədə nəticəyə gəlməyə tam əsas verir. Azərbaycan Respublikası İXM-in: - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsassən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə yuxarıda göstərdiyi işin müəyyən edilmiş hallarına və onlara tətbiq edilməli olan qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud olmadığına görə onun barəsində tərtib edilmiş 13 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 3, 8, 53.0.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs barəsində tərtib edilmiş 13 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-338/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-338/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver