Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-35/2023 30.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahbaz Səfərovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.1977-ci il tarixində Füzuli rayonu, Alıxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 1, ATUnun yataqxanasında müvəqqəti yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Füzuli rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə müəyyən edilmişdir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(004)-4362/2020 saylı icra sənədinə əsasən tərəflərin birgə nigahından doğulmuş X4 və X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 07 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay 170 manat olmaqla, həmçinin uşaqların müalicəsi üçün hər ay hər biri üçün 30 manat, cəmi 400 sabit pul məbləğində aliment borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İcra sənədi üzrə 07 yanvar 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar poçt vasitəsilə məhkəməyə və tələbkara, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Şəxs qeydiyyatda olduğu ünvana göndərilmiş, sonradan isə ona rəsmən təqdim edilmişdir. Borcluya göndərilən icraata başlama qərarı və rəsmi xəbərdarlıq məktubları onun tərəfindən alınmışdır. İcra sənədi üzrə borclunun bu günə 5.300 manat aliment borcu vardır. Borclu Şəxs yeri məlum olmadığından onun axtarılması barədə 19 sentyabr 2022-ci il tarixdə qərar verilmiş və barəsində Füzuli rayon Polis Şöbəsində müvafiq olaraq axtarış işi açılmışdır. Borclu Şəxs 30 yanvar 2023-cü il tarixdə Füzuli rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tapılaraq Füzuli rayon icra və probasiya şöbəsinə təqdim edilmişdir. İcra sənədi üzrə aliment borcunun ödənilməsi barədə borclu Şəxs rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, qanuni tələbləri yerinə yetirməyərək icra sənədi üzrə olan aliment borcunu tələbkara ödəməmişdir. Bu səbəbdən də, icra sənədi üzrə olan aliment borcunu ödətdirmək mümkün olmamış, icra sənədi icrasız qalmışdır. Bu isə tələbkarın haqlı narazılığına, həmçinin şikayətlərinə səbəb olmuşdur. Borclu Şəxs alınmış izahatda o, icra məmurunun çağırışlarına pulu olmadığı üçün gəlməmiş və icra sənədi üzrə olan cəmi 5300 manat aliment borcundan heç bir məbləğdə pulu tələbkar X1 xeyrinə ödəyə bilməyəcəyini, gələcək 15 gündən başlayaraq fərdi fəhləlik edib aylıq 200 manat olmaqla aliment pulunu ödəyəcəyini bildirmişdir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahbaz Səfərov bildirdi ki, borclu Şəxs tərəfindən məhkəmənin icra sənədi icra olunmamışdır. Belə ki, borclu Şəxs icra sənədi üzrə borcu hazırda cəmi 5.300 manat təşkil edir. Onun tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borclu onun tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs əməlində AR İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Ş.Səfərov həmçinin bildirdi ki, hazırda icra sənədi üzrə tələbkar şikayətçidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs bildirdi ki, həmin məhkəmə qərarı üzrə icrata başlamaq haqqında qərar və tələbin könüllü olaraq icra edilməsi barədə xəbərdarlıq bildirişini almışdır. Bu günədək heç bir ödəniş edə bilməmişdir. Hazırda tələbkara 5.300 manat borcu var və bu borcundan 15 gün vaxt verilsə hər ay cəmi 200 manat olmaqla ödəniş edə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs vəkili Vəkil bildirdi ki, borcluya müəyyən vaxt verilərsə borcundan ödəniş edəcəkdir. Odur ki, bu halın nəzərə alınmasını xahiş edir. İnzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs adına hər hansı daşınar və ya daşınmaz əmlaklar, eləcə də gəlir və sair qazanclar aşkar olunmamışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, borclu Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində göstərilir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlara baxmayaraq borclu Şəxs icra sənədi üzrə yığılmış cəmi 5.300 manat məbləğində borcundan heç bir ödəniş aparmadığına görə hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, Şəxs barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, ödənilməmiş aliment borcunun məbləğini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, tələbkarın şikayətçi olmasını və işin digər hallarını nəzərə alaraq icra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh növünün tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106- 115 və 528.1-ci maddələrini rəhbər tutaraq, qərar verdi: İcra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 30 yanvar 2023-cü il tarixindən saat 16:35-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli rayon PŞ-yə və Beyləqan rayon PŞ MSY-ə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(064)-35/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-35/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver