Məhkəmə qərarları › İş №3(064)-357/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-357/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-357/2023 27.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahbaz Səfərovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.1983-cü il tarixində Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Füzuli rayonu, Şükürbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Füzuli rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati protokolda qeyd olunmuşdur ki, Füzuli Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(064)-1131/2022 saylı icra sənədinə əsasən tələbkarlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 azyaşlı uşaqları 2013-cü il təvəllüdlü X3, 2015-ci il təvəllüdlü X4 və 2019-cu il təvəllüdlü X2 ilə birlikdə Füzuli rayonu, Şükürbəyli kəndində yerləşən borclular Şəxs və X1 faktiki istifadə və sahibliklərində olan fərdi yaşayış evinə köçürülməlidirlər. İcra sənədi üzrə 18 iyul 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar poçt vasitəsilə məhkəməyə və tələbkara, qərar və tələbin könüllü icrası haqqında bildiriş poçt vasitəsilə Şəxs və X1 qeydiyyatda olduğu və yaşadığı ünvana göndərilmişdir. İcra sənədi üzrə borclu tərəfindən icranın yerinə yetirilməməsi səbəbindən icra sənədində olan tələblər yerinə yetirilməmişdir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahbaz Səfərov bildirdi ki, borclu Şəxs tərəfindən məhkəmənin icra sənədi icra olunmamışdır. Onun tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borclu onun tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs əməlində AR İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Ş.Səfərov həmçinin bildirdi ki, hazırda icra sənədi üzrə tələbkarlar şikayətçidirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs bildirdi ki, məhkəmə qərarı üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü olaraq icra edilməsi barədə xəbərdarlıq bildirişini almışdır. Lakin tələbkarların evə köçürülmələrinə qəti şəkildə etiraz edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs vəkili Vəkil bildirdi ki, Şəxs müəyyən vaxt verilsə icra sənədinin icrasını təmin edəcəkdir. İnzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, icra tədbirləri ilə bağlı borclu Şəxs xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, borclu Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində göstərilir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, yazılı və şifahi qaydada xəbərdarlıqlara baxmayaraq borclu Şəxs icra sənədinin icrasını təmin etmədiyinə, yəni tələbkarların fərdi yaşayış evinə köçürülmələrinə aktiv şəkildə maneçilik törətdiyinə görə hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, borclu Şəxs barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı, İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, tələbkarların şikayətçi olmalarını və işin digər hallarını nəzərə alaraq icra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh növünün tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 30-34, 106-115 və 528.1-ci maddələrini rəhbər tutaraq, qərar verdi: İcra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 27 iyul 2023-cü il tarixindən saat 18:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli rayon PŞ-yə və Beyləqan rayon PŞ MSY-ə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar