Məhkəmə qərarları › İş №3(064)-359/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-359/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-359/2024 16.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Füzuli rayonunda doğulmuş, Füzuli rayonu, Seyidmahmudlu kəndində qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi işlə məşğul olan, Füzuli rayonu, 400 evlik Fin qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 206-cı, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 15 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli RPŞ-dən daxil olmuş 15 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Füzuli rayonunda narkotik maddənin təsiri altında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə tabe olmamış və eyni əməlləri RPŞ-də davam etdirmişdir. Buna görə də Füzuli RPŞ-nin sahə rəisi, polis leytenantı X7 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı, 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş 15 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin sahə rəisi, polis leytenantı X7 15 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Füzuli rayonu, Fin qəsəbəsində yerləşən, əvvəllər tanış olduğu Ələkbər Qaraxanlının işlədiyi bərbərxanada olarkən polis əməkdaları gələrək axtarış işləri görüblər. Daha sonra polis əməkdaşları onu şöbəyə dəvət ediblər. Həmçinin Şəxs verdiyi izahatında narkotik vasitə istifadəçisi olduğunu da etiraf edib. Məhkəmə iclasında X9 şahid qismində verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024cü il tarixdə, saat 23:00-da Füzuli rayonu, 400 evlik qəsəbə sakini Ələkbər və Cəsarət adlı şəxslərin birgə narkotik və psixotrop maddələrdən istifadə etmələri barədə daxil olmuş əməliyyat məlumatı əsasında digər polis əməkdaşları ilə birgə Füzuli rayonu, Fin qəsəbəsi ərazisinə gediblər. Bu zaman bərbər kimi fəaliyyət göstərən X1 bərbərxanada Şəxs ilə bir yerdə olduğunu müəyyən ediblər. Polis əməkdaşları həmin şəxsləri şöbəyə dəvət etdikdə Şəxs əməkdaşların ünvanına uca səslə nalayiq ifadələr işlətmiş, hadisə yerindən qaçaraq məsuliyyətdən yayınmağa çalışmışdır. İş materiallarına əlavə edilmiş 16 may 2024-cü il tarixli, 270 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında aktda müayinə zamanı Şəxs narkotik və psixotrop maddə istifadə etməsi müəyyən edildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş, şahid qismində ifadə vermiş X2, X5 və X3 izahatlarından da Şəxs təqsirləndirildiyi inzibati xətaları törətməsi müəyyən olunur. İş materiallarına əlavə edilmiş “inzibati qaydada tutma haqqında” protokoldan müəyyən olunur ki, Şəxs 16 may 2024-cü il saat 01:25-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-in: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. - 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi: - məhkəmə iclasında və Füzuli RPŞ-də özünün verdiyi etirafedici izahatları ilə yanaşı, X8 şahid qismində verdiyi izahatı, iş materiallarında olan inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. - ictimai qaydanın pozulması və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması və narkotik və psixotrop maddələrin təsiri altında olması ilə Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 510-cu, 535.1-ci və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-in: - 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. - 43-cü maddəsinə əsasən həmin Məcəllənin 206, 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 206, 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxdığına, ən ciddi inzibati tənbeh növü olan inzibati həbs 206-cı maddənin sanksiyasında iki ayadək, 535-ci maddənin sanksiyasında bir ayadək, 510-cu maddənin sanksiyasında isə on beş günədək müddətə nəzərdə tutulduğuna, beləliklə də, 206-cı maddədə nəzərdə tutulmuş inzibati xəta 510 və 535.1-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətadan daha ciddi olduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh verilməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi, inzibati xətanı narkotik və psixotrop maddələrin təsiri altında törətməsini isə onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən, Şəxs həmin Məcəllənin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halı və inzibati xətanı narkotik və psixotrop maddələrin təsiri altında törətməsindən ibarət məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 15 (on beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Həbsetmənin əvvəli inzibati qaydada tutulduğu 16 may 2024-cü il tarixdən saat 01:25-dən hesablanmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 30.3, 34.3, 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu, 535.1-ci və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 206-cı maddəsi ilə onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 16 may 2024-cü il tarixdən saat 01:25-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar