Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-360/2024 29.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏNETDİ: Yevlax Rayon Prokurorluğu tərəfindən xx.xx.1978-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında xx.xx.2024-cü il tarixli qərar baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, işin baxılması Füzuli Rayon Məhkəməsinin səlahiyyətlərinə aid olsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə iştirakı təmin edilmədiyindən Yevlax Rayon Prokurorluğunun Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarı ona əlavə edilmiş material ilə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İXM-nin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. İXM-nin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair təlimatın 298-4-cü bəndinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə protokol daxil olduğu gün baxılmalıdır. Göründüyü kimi, qanunun yuxarıda qeyd edilən müddəalarına görə inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. İnzibati həbs nəzərdə tutulan inzibati xəta haqqında işlərin baxılmasında birmənalı olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir və bu işlərə işin məhkəməyə daxil olduğu gün baxılmalıdır. Habelə qanunun tələblərinin dərhal yerinə yetirilməsi üçün bu cür hallarda inzibati xətaya dair materialı məhkəməyə göndərmiş səlahiyyətli şəxs, barəsində icraat aparılan şəxsin də məhkəməyə təqdim olunmasını təmin etməlidir. İXM-nin 109.1.6-cı maddəsinin tələbləri baxımından da məhkəmə xüsusi əhəmiyyət kəsb edən səhvlərin düzətlməsini protokolu tərtib etmiş orqandandan tələb edə bilər. Lakin, buna baxmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələbləri pozularaq inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən dərhal sonra baxılması üçün hakimə təqdim edilməmiş, həmçinin iştirakı məcburi olduğu halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə iştirakı təmin edilməmişdir. Məhkəmə tərəfindən barəsində icraat aparılan şəxsin dərhal baxılmalı olan iş üzrə iştirakının təmin edilməsi praktiki baxımdan mümkün deyildir. Belə olan halda isə inzibati həbs tənbeh növü nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatda mövcud olan bu natamamlığın material daxil olduğu gün məhkəmə tərəfindən tamamlanması mümkün deyildir. İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini də həll edir. İXM-nin 109.1.6-cı maddəsində göstərilir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasına dair qərardad qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə sanksiyasında inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulan inzibati xəta haqqında işə xətanı törətməsi ehtimal olunan şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanmasına dair qərar qəbul edildikdən sonra və inzibati material daxil olan gün baxılmalı olduğundan, habelə mövcud natamamlığın işə baxılarkən tamamlanması mümkün olmadığından inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair qərar və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində olan inzibati xəta haqqında iş üzrə icraatın materialı natamam olduğuna, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə təqdim edilmədiyindən inzibati xəta haqqında iş üzrə qərar və ona əlavə edilmiş material Yevlax Rayon Prokurorluğuna geri qaytarılsın. Bu qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-360/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-360/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver