Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-385/2025 11.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Füzuli Rayon Prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Füzuli Rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Füzuli Rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Füzuli Rayon Prokuroru, ədliyyə müşaviri X4 tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Füzuli Rayon Prokuroru, ədliyyə müşaviri X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında potokol tərtib etmiş Füzuli Rayon Prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X3 izahat verərək bildirdi ki, Şəxs - Füzuli Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsinin Füzuli rayonu, Horadiz şəhərində yerləşən şəhid Azər Məmmədov adına Horadiz şəhər Ailə Sağlamlıq Mərkəzinin diş texniki vəzifəsində işlədiyi müddət ərzində 31 yanvar 2025-ci il tarixdə həmin tibb məntəqəsinə protez düzəldilməsi məqsədi ilə müraciət etmiş Zərərçəkmiş şəxs protezin qiymətinin 330 manat olduğunu bildirməklə bu məqsədlə həmin tarixdə xidməti otağında sonuncudan 200 manat, vahid niyətlə 04 fevral 2025-ci il tarixdə isə 130 manat məbləğində pulu yenidən xidməti otağında nağd şəkildə alsa da, həmin ödənişləri heç bir yerdə qeydiyyata almamaqla dələduzluq yolu ilə Zərərçəkmiş şəxs 330 manat məbləğində əmlakını taladığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, 2025-ci ilin fevral ayının əvvəllərində Əliyev X2 şəhər Ailə Sağlamlıq Mərkəzinə gələrək ona protez düzəltdirmək istədiyini bildirmiş, o da Taryelin köhnə protezinə baxmış, sonuncuya yeni protezi 330 manata düzəldə biləcəyini demişdir. Bunun üçün həmin gün Taryel Horadiz şəhərində yerləşən ASM-nin inzibati binasında xidməti otağında ona 200 manat pul vermiş. Təxminən 3 gün sonra Taryel əlavə olaraq 130 manat pul gətirərək ona vermişdir. Beləliklə protezin düzəldilməsi üçün Taryeldən 330 manat pul almışdır. Bundan 15 gün sonra Taryelin protezini hazırlamış, 01 mart 2025-ci il tarixdən başlayaraq dəfələrlə Taryelə zəng edərək gəlib protezini təhvil almasını demişdir. Lakin Taryel ona protezdən imtina etdiyini bildirmişdir. O, buna görə Taryelin ona verdiyi puldan 280 manatını geri qaytarmışdır. O, Zərərçəkmiş şəxs ona verdiyi pulu özü qəbul etmiş, həmin ödəniş heç bir yerdə qeydiyyata alınmamış, bu barədə heç kimə məlumat verməmişdir. Əməlindən peşmandır. Qeyd olunan pul zərərçəkmiş şəxsə qaytarıldığından və onunla barışıq əldə etdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında Şəxs tərəfindən ona dəymiş 330 manat ziyanın tam ödənildiyini, ona görə onunla barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirərək Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - Füzuli Rayon Prokuroru, ədliyyə müşaviri X4 tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs - Horadiz şəhər Ailə Sağlamlıq Mərkəzinin diş texniki vəzifəsində işlədiyi müddət ərzində 31 yanvar 2025-ci il tarixdə həmin tibb məntəqəsinə protez düzəldilməsi məqsədi ilə müraciət etmiş Zərərçəkmiş şəxs protezin qiymətinin 330 manat pulu alsa da həmin ödənişləri heç bir yerdə qeydiyyata almamaqla dələduzluq yolu ilə Zərərçəkmiş şəxs 330 manat pulu mənimsəmişdir. Ona görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul olunmuşdur. -Zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, vurulmuş zərər ona tam olaraq ödənildiyi üçün o Şəxs ilə barışmışlar. İş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsin əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:
1. inzibati xəta hadisəsi;
2. inzibati xəta törətmiş şəxs;
3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübutların məcmusu ilə xx.xx.2025-ci il inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərarda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə vurulmuş zərər ödənilmişdir, onlar bir-birilə barışmışlar, zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Bu səbəbdən qanunun yuxarıda göstərilən norması rəhbər tutulmaqla Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə,
q ə r a r a a l d ı:
Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən: Səkinəxanım Məmmədli