Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-389/2024 22.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ-nin polis sahə rəisi polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Füzuli şəhərində qeydiyyatda olmaqla, hazırda həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 21 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 21 may 2024-cü il tarixdə saat 19 radələrində Füzuli rayonu, Füzuli şəhərində ictimai qayda əleyhinə baş vermiş hadisə zamanı şübhəli şəxsin polis əməkdaşları tərəfindən saxlanılıb Füzuli RPŞ-yə aparılmasının qarşısını almaq məqsədilə polis əməkdaşları ilə mübahisə etmiş, həmin hərəkətlərini polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq, davam etdirmiş, bunun nəticəsində xırda xuliqanlıq etmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş 21 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi X6 21 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 21 may 2024-cü il tarixdə saat 19 radələrində ona Füzuli rayonu, Füzuli şəhərində ailə münaqişəsi zəmnində hadisə baş verdiyi barədə daxil olmuş məlumat əsasında hadisə yerində olarkən Füzuli şəhər sakini X4 əlindəki armatur parçası ilə qaynanasına hücum etdiyini görmüş, digər polis əməkdaşları ilə birlikdə Elməddin Quliyevi sakitləşdirmək istəsələr də, buna nail ola bilməmişlər. Sonuncu sakitləşməyərək yaxınlıqda yerləşən mənzilinə getmiş, oradan gətirdiyi bıçaqla qaynanası, arvadı və polis əməkdaşlarına hücum etmişdir. Elməddin Quliyevi sakitləşdirib, əlində olmuş bıçağı almaq və özünü Füzuli RPŞ-yə gətirmək istədikdə orada olan şəxslər, həmçinin Şəxs Elməddin Quliyevin polis əməkdaşları tərəfindən saxlanılıb Füzuli RPŞ-yə aparılmasının qarşısını almaq məqsədilə polis əməkdaşları ilə mübahisə etmiş, həmin hərəkətlərini polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq, davam etdirmişlər. Bunun nəticəsində Şəxs xırda xuliqanlıq etmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, 2023-cü ilin oktyabr ayından Füzuli şəhərinə sakin kimi köçmüş və hal-hazırda orada yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində Füzuli şəhərində dostları ilə bir yerdə binanın həyətində olan oturacaqda oturmuşlar. Bu zaman səs-küy eşitmişlər və dərhal yoldaşları ilə səs-küy olan yerə getmişlər. Orada Elməddinin əlində armatur polis əməkdaşları ilə mübahisə etdiyini, polis əməkdaşlarının da armaturu Elməddinin əlindən almağa çalışdıqlarını görmüşdür. Daha sonra atası ona nənəsini yaşadıqları binadakı mənzildən həyətə düşməyinə kömək etməyi tapşırdığından o, səs-küy yaranmış ərazidən uzaqlaşmışdır. Nənəsini mənzildən düşürdükdən sonra da səs-küyün davam etdiyini eşitmiş və yenidən həmin hadisə yerinə gəlmişdir. Orada Elməddin adlı şəxsin əlində bıçaqla polis əməkdaşının maşınının təkərini deşdiyini görmüşdür. Bundan sonra polis əməkdaşları Elməddini Füzuli RPŞ-nə, təcili tibbi yardım maşını isə Elməddinin anasını xəstəxanaya aparmışdır. Daha sonra polis əməkdaşları ona yaxınlaşıb məsələni aydınlaşdırmaq üçün onu Füzuli RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına müqavimət göstərməmiş, onlara qarşı hər hansı qanunsuz hərəkət etməmiş, onlarla mübahisə etməmişdir. Qeyd olunanlara əsasən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə şahid X10 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində Füzuli rayonu Horadiz şəhərində xidmətdə olan zaman radiostansiyada Füzuli şəhərinin sahə rəisi Xankişi Səfərlinin ərazidə münaqişə olması və kömək lazım olduğunu eşitmiş, X14 və Sərvər Əsədovla birlikdə təcili kömək üçün Füzuli şəhərinə getmişlər. Füzuli şəhərinə çatdıqda əvvəldən tanıdığı Elməddin adlı şəxsin yaxın qohumlarına bıçaq çəkdiyini və polis əməkdaşlarının bıçağı onun əlindən almağa çalışdığını görmüşdür. Onlar Elməddini sakitləşdirib bıçağı onun əlindən almağa çalışarkən orada olan şəxslər, həmçinin adını sonradan bildiyi Şəxs onlara Elməddini aparmağa mane olaraq müqavimət göstərmişlər. Bu hal təxminən 10-15 dəqiqə davam etmiş və onlar Elməddinin əlindən bıçağı alıb onu avtomobilə mindirdikdən sonra Şəxs da onlara müqavimət göstərdiyinə görə məsələni aydınlaşdırmaq üçün Füzuli RPŞ-nə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Füzuli RPŞ-nin PPXB-nin əməkdaşları X8 və X11 izahatlarında işin müvafiq halları barədə X6 və X10 ilə eyni məzmunda göstərmişlər. Məhkəmə iclasında müdafiəçi Vəkil Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in: - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi məhkəmə iclasında və Füzuli RPŞ-də X8, X10 və X7 şahid qismində verdikləri izahatları və digər sənədlərlə tam sübuta yetirilmişdir. Şəxs məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi ictimai qaydanın pozulması və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. - 43-cü maddəsinə əsasən həmin Məcəllənin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası KMP 2 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki,
1. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir.
2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxdığına, inzibati tənbeh növləri olan inzibati həbs və cərimə 535-ci maddənin sanksiyasında müvafiq olaraq bir ayadək müddətə və iki yüz manat məbləğində, 510-cu maddənin sanksiyasında isə müvafiq olaraq on beş günədək müddətə və əlli manatdan yüz manatadək məbləğində nəzərdə tutulduğuna, beləliklə də, 535-ci maddədə nəzərdə tutulmuş inzibati xəta 510-cu maddədə nəzərdə tutulmuş inzibati xətadan daha ciddi olduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən X3 həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün 34.3-cü maddəsi tətbiq edilməklə, 535.1-ci maddəsi ilə onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. İş materiallarında olan 21 may 2024-cü il tarixli, AZA 021142 nömrəli “inzibati qaydada tutma haqqında protokolu”nda göstərilmişdir ki, Şəxs iş üzrə 21 may 2024-cü il tarixdə saat 23:35də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs 21 may 2024-cü il tarixdə saat 23:35-də inzibati qaydada tutulduğu müəyyən edildiyinə görə onun 22 may 2024-cü il tarixədək inzibati qaydada tutulduğu cəmi 1 (bir) gün müddət nəzərə alınmalı və ona təyin edilmiş inzibati cərimə tənbeh tədbiri yüngülləşdirilməklə, üzərində qəti olaraq 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri saxlanılmalı, o, dərhal məhkəmə iclasında inzibati qaydada tutulmadan azad olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 31-33, 106-115-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 535.1ci maddəsi ilə Şəxs barəsində 200 (iki yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs iş üzrə 21 may 2024-cü il tarixdən 22 may 2024-cü il tarixədək inzibati qaydada tutulduğu cəmi 1 (bir) gün müddət nəzərə alınaraq, ona təyin edilmiş cərimə inzibati tənbeh tədbiri yüngülləşdirilməklə, üzərində qəti olaraq 100 (bir yüz) manat məbləğində cərimə inzibati cərimə tənbeh tədbiri saxlansın. Şəxs dərhal məhkəmə iclasında inzibati qaydada tutlmadan azad olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Səkinəxanım Məmmədli