Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-399/2024 16.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə xx.xx.1985-ci il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş 27 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 27 may 2024-cü il tarixdə saat 11 radələrində həmkəndlisi X2 22 may 2024-cü il tarixdə X4 faizi ilə birlikdə ödəmək şərtilə borc almasına görə sonuncu barəsində qanuni tədbir görülməsi haqqında Füzuli Rayon Polis Şöbəsinə (bundan sonra – Füzuli RPŞ) yazılı qaydada şikayət etməsini, həmin müraciətlə əlaqədar Füzuli RPŞ-də araşdırma aparıldığını və bu məsələdə ona aidiyyəti olan hər hansı halın olmadığını bildiyi halda, həmin müraciətlə əlaqədar Füzuli RPŞ-də aparılan araşdırmaya qanunsuz olaraq müdaxilə etmək məqsədilə, Füzuli RPŞ-nin inzibati binasında uca səslə polis əməkdaşları ilə mübahisə edərək iş rejimini pozmuş və nəticə etibarilə xırda xuliqanlıq etmiş, eyni zamanda polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq həmin hərəkətlərini davam etdirmiş və nəticə etibarilə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X8 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş 27 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Füzuli Rayon Məhkəməsinin 3(064)-399/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xəta olan Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmiş, inzibati həbsetmənin əvvəli 27 may 2024-cü il tarixdən saat 17:20-dən hesablanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həmin qərardan şikayət vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-271/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə Füzuli Rayon Məhkəməsi hakiminin xx.xx.2024-cü il tarixli, 3(064)-399/2024 saylı qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Qərarın ləğv edilmə əsası kimi birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı xx.xx.2024-cü il tarixdə Füzuli Rayon Polis Şöbəsinin inzibati binasında Şəxs ilə bağlı qeydə alınmış videogörüntülərin Füzuli RPŞ-dən tələb olunmaması güstərilmişdir. Buna görə də xx.xx.2024-cü il tarixdə Füzuli RPŞ-yə həmin videogörüntülərin məhkəməyə təqdim edilməsi ilə bağlı məktub göndərilmiş, buna cavab olaraq göndərilmiş Füzuli RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Füzuli RPŞ-də quraşdırılan kameraların yaddaş tutumu 30 gün müddətinə yenidən təzələndiyi üçün sorğuda göstərilmiş videogörüntülərin təqdim edilməsi imkan xaricindədir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi X8 27 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs 27 may 2024-cü il tarixdə saat 11 radələrində Füzuli RPŞ-yə yaxınlaşaraq tanışı Cavid adlı şəxsin barəsində Füzuli RPŞ-də olan işin düzgün araşdırılmadığını bildirmişdir. Polis əməkdaşları Şəxs bildirmişlər ki, həmin işlə bağlı vətəndaşın özünə məlumat verilib, sonuncunun narazı olduğu halda şikayət vermək hüququnun olduğu ona izah edilib. Həmçinin polis əməkdaşları Şəxs izah etmişlər ki, Füzuli RPŞ-də olan həmin işlə bağlı sözügedən şəxsin vəkili olduğu halda onun vəkilinə hər hansısa bir məlumat verə bilərlər. Bu zaman Şəxs Füzuli RPŞ-nin inzibati binasında uca səslə polis əməkdaşları ilə mübahisə etmiş, iş rejimini pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq həmin hərəkətlərini davam etdirmiş və bunun nəticəsində xırda xuliqanlıq etmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs izahat verərək bildirdi ki, o, Füzuli rayonun Böyük Bəhmənli kəndində yaşayır. Həmkəndlisi Cavid adlı şəxs ona yaxınlaşmış, onunla həmkəndlisi Həsən arasında olan borc məsələsinə görə Füzuli RPŞ-nə Həsən barədə şikayət etdiyini, lakin onun şikayətinə baxılmadığını, bu məsələnin həlli üçün Daxili İşlər Nazirliyinə teleqram vurmağa kömək etməyi ondan xahiş etmişdir. O, Cavidə tələsməməyi, Həsən Əlizadə adlı şəxslə söhbət edib məsələni aydınlaşdırdıqdan sonra qərar verməsini bildirmişdir. O özü daha sonra həmkəndlisi Həsən adlı şəxslə görüşmüş və Həsəndən həmin məsələ barədə soruşduqda sonuncu bildirmişdir ki, o, Cavidin şikayəti əsasında Polis Şöbəsinə çağırılıb, orada ondan 2000 manat pul alınıb və onun ailəsinə söyüş söyülmüşdür. O, bununla bağlı Füzuli RPŞ-də əməliyyat müvəkkili işləyən Elçin adlı şəxslə bazar günü, yəni 26 may 2024-cü il tarixdə əlaqə saxlayıb məsələni aydınlaşdırmaq istəmiş, lakin onunla əlaqə saxlaya bilməmiş, Elçinin əmisi oğlu ilə görüşmüş və Elçinin əmisi oğlu Elçinə zəng vurmuş, Elçin isə ona bildirmişdir ki, səhər şöbədə işdə olacaq, məsələni orada aydınlaşdırarıq. Bundan sonra o, bazar günü, yəni 26 may 2024-cü il tarixdə Füzuli RPŞ-də əməliyyat müvəkkili işləyən Rahib Əliyevə zəng edərək Həsənin pul məsələsini soruşduqda, Rahib Əliyev bu məsələdən xəbərsiz olduğunu bildirmişdir. Daha sonra o, Cavidlə Həsən arasındakı borc mübahisəsi və Həsənin söylədiklərini aydınlaşdırmaq məqsədi ilə Füzuli RPŞ-ə getmiş, Şöbədə həmin işlə bağlı ona hər hansı məlumat verilməmişdir. Eyni zamanda Füzuli RPŞ-də ona bildirilmişdir ki, bu barədə məlumat şəxsən Cavid və Həsənin özünə və ya onların vəkilinə verilə bilər. Daha sonra polis əməkdaşları onu otağa dəvət etmiş və orada o, polis əməkdaşları tərəfindən döyüldüyünü və təhqir olunduğunu bildirmişdir. Belə ki, polis şöbəsinin içərisində ona qarşı fiziki zorakılıq törədildiyini və döyüldüyünü bildirmişdir. Həmçinin qeyd etmişdir ki, polis əməkdaşlarına müqavimət göstərməmiş, onlara qarşı hər hansı qanunsuz hərəkət etməmiş, onlarla mübahisə etməmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında onu da qeyd etmişdir ki, Füzuli RPŞ-də Həsənlə aralarında olan borc məsələsinə görə Cavid ondan Füzuli RPŞnə getməyi, orada həmin işlə bağlı maraqlanmağı ondan xahiş etməmiş, Cavid yalnız bu məsələnin tez və düzgün həll olunması üçün Daxili İşlər Nazirliyinə və digər dövlət orqanlarına teleqram vurmağa köməklik göstərməyini istəmişdir. Həmçinin Şəxs həmkəndlisi Cavid adlı şəxsin Füzuli rayon polis şöbəsinə rəsmi qaydada şikayət ərizəsilə müraciət etməsindən məlumatlı olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə şahid X11 bildirmişdir ki, Şəxs bazar günü, yəni 26 may 2024-cü il tarixdə onunla əlaqə saxlayaraq Həsənin pul məsələsi barədə məlumat almaq istəmişdir. O, bu məsələdən xəbərsiz olduğunu bildirmişdir. Lakin Şəxs ona qarşı telefonda “kişi deyilsən”, “sən kimsən”, “sənin oğlanlığın yoxdu” və s. bu tip nalayiq ifadələr işlətmiş və onu təhqir etmişdir. Belə olan halda o, telefonu söndürərək Şəxsla əlaqəni kəsmişdir. Telefon əlaqəsini kəsdikdən sonra Şəxs yenidən 3-4 dəfə ard-arda ona zəng etmiş, lakin nalayiq ifadələr işlətdiyi üçün telefonu açmamışdır. xx.xx.2024-ci tarixdə işdə olarkən Şəxs o əyləşdiyi otağa gəlmişdir. O, Şəxs Füzuli RPŞ-nə gəlməsinin səbəbini soruşduqda, uca səslə danışaraq onun vətəndaşlara qarşı kobud rəftar etdiyini əsassız olaraq bildirmişdir. O, bu zaman Elgündən əgər ondan şikayəti varsa, qanuni yolla müraciət etməsini bildirmişdir. Şəxs, Həsən və Cavid adlı şəxslərin arasında olan borc məsələsi ilə bağlı Füzuli RPŞ-də şikayət ərizəsi olduğunu, həmin məsələ barədə hazırda məlumat almaq istədiyini, eyni zamanda Həsənin Polis şöbəsində təhqir olunduğunu və bunu aydınlaşdırmaq istədiyini uca səslə bildirmişdir. Ona izah olunmuşdur ki, sözügedən məsələ ilə bağlı həmin şəxslər özləri və ya onların vəkillə şöbəyə müraciət edə bilərlər, kənar şəxslərə bu barədə məlumat verilmir. Bundan sonra Şəxs uca səslə nalayiq ifadələr işlətməyə, polis şöbəsinin iş rejimini pozmağa davam etmişdir. O və digər əməkdaşlar dəfələrlə Elgündən qanunsuz hərəkətlərini dayandırmağı tələb etsələr də, sonuncu ətrafda olan digər vətəndaşlara da məhəl qoymayaraq əməllərini davam etdirmişdir. Məhkəmə iclasında iş üzrə şahid X9 bildirmişdir ki, xx.xx.2024-ci tarixdə işdə olarkən Şəxs Füzuli Rayon Polis Şöbəsinin inzibati binasında uca səslə danışaraq Şöbənin iş rejimini 15-20 dəqiqə ərzində pozmuşdur. Polis Əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, nizam-intizama dəvət etsələr də buna məhəl qoymamış, hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil Füzuli Rayon Məhkəməsinin 3(064)-399/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının qanunsuz və əsassız olduğunu bildirərək Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan: - Füzuli RPŞ-nin 19 avqust 2024-cü il tarixli məktubuna əlavə edilmiş müvafiq sənədlərin surətlərindən görünür ki, 22 may 2024-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini X1 RPŞ-yə təqdim etdiyi yazılı ərizəsində həmkəndlisi Həsən adlı şəxsdən 1300 manat məbləğində pulu faizi ilə birlikdə qaytarmaq şərtilə borc aldığını və bununla əlaqədar sonuncuya 5000 manat məbləğində pul ödədiyini göstərərək, faizin qalan hissəsini ödəməsi ilə əlaqədar ona möhlət verilməsinə köməklik göstərilməsini və Həsən adlı şəxs barəsində faizlə borc verməsinə görə qanuni tədbir görülməsini xahiş etmiş, həmin müraciətin araşdırılması Füzuli RPŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Eldost Məmmədliyə tapşırılmış, araşdırma zamanı Cavid Məmmədovun barəsində şikayət etdiyi şəxsin onun həmkəndlisi X13 olması müəyyən edilmiş, sonuncunun izahatı alınmış, 27 may 2024-cü il tarixdə X21 RPŞ-yə təqdim etdiyi yazılı ərizəsində Həsən Əlizadə barəsində şikayət və tələbinin olmadığını göstərmiş, X19 Əlizadə arasında yaranmış mübahisənin borc alınmış pulla bağlı olması müəyyən edildiyinə görə onlara bu məsələ ilə əlaqədar məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüquqlarının olması izah edilmiş, toplanmış material 28 may 2024-cü il tarixdə arayışla işə alınıb Füzuli RPŞ-nin dəftərxanasına təhvil verilmişdir. - Azərbaycan Respublikası Baş Prokurorluğunun 04 iyul 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Füzuli rayon Böyük Bəhmənli kənd sakini Şəxs Füzuli RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən təzyiq, təsir, işgəncə və qeyri-insani davranışlara məruz qalması barədə Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məlumatı əsasında Xidməti Araşdırmalar İdarəsində aparılmış araşdırma zamanı Şəxs Füzuli RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa və psixi təsirə məruz qalması öz təsdiqini tapmamış, buna görə də toplanmış material üzrə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in: - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Məhkəmə Azərbaycan Respublikası İXM-in 76.1 və 81-1.1-ci maddələrinə əsasən xüsusilə onu vurğulamağı zəruri hesab edir ki, həmin Məcəllənin 81-1.1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları əsasında aşkar edilməli olan inzibati xəta əməllərinin dairəsinə həmin Məcəllənin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar daxil edilmədiyindən, beləliklə də, həmin maddələrlə baxılan işlər üzrə iş materiallarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin törətdiyi əməllərlə bağlı videoçəkilişlərin olmadığı hallarda həmin şəxslərin əməllərində göstərilən maddələrin tərkib əlamətlərinin mövcud olmasının həmin Məcəllənin 76.1-ci maddəsində nəzərdə tutulmuş digər sübut növləri - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları və digər sənədlər əsasında müəyyən edilməsi mümkün olduğuna görə Füzuli RPŞ-nin 06 sentyabr 2024-cü il tarixli məktubunda 27 may 2024-cü il tarixdə Füzuli RPŞ-nin inzibati binasında Şəxs ilə bağlı qeydə alınmış videogörüntülərin Füzuli RPŞ-də quraşdırılan kameraların yaddaş tutumunun 30 gün müddətinə yenidən təzələnməsi, yəni üzrlü səbəbdən məhkəməyə təqdim edilə bilməməsinin göstərilməsi özü-özlüyündə Şəxs tərəfindən həmin Məcəllənin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinin iş materiallarında olan digər sübut etmə vasitələri ilə sübuta yetirilməsinin mümkünsüzlüyü barədə nəticəyə gəlməyə əsas verə bilməz. Məhkəmə bu hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları məhkəmənin müəyyən etdiyi məzmunda törətməsi məhkəmə iclasında özünün və iş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin verdikləri izahatlar, şahid qismində dindirilmiş şəxslərin verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş, yuxarıda göstərilən sənədlər əsasında sübuta yetirildiyinə görə o, həmin maddələrlə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Məhkəmə bu barədə nəticəyə gələrkən Şəxs 22 may 2024-cü il tarixdə X6 tərəfindən X13 barəsində sonuncudan faizi ilə birlikdə qaytarmaq şərtilə borc aldığı pulla bağlı Füzuli RPŞ-yə yazılı qaydada şikayət edilməsini, həmin müraciətlə əlaqədar Füzuli RPŞ-də araşdırma aparıldığını və bu məsələdə ona aidiyyəti olan hər hansı halın olmadığını bildiyi, 27 may 2024-cü il tarixdə X16 RPŞ-yə təqdim etdiyi yazılı ərizəsində Həsən Əlizadə barəsində şikayət və tələbinin olmadığını göstərdiyi halda, saat 11 radələrində Füzuli RPŞ-yə həmin müraciətlə əlaqədar aparılan araşdırmaya qanunsuz olaraq müdaxilə etmək məqsədilə getməsini də nəzərə alır. Məhkəmə Şəxs himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1ci maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs eyni vaxtda törətdiyi hər iki inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan Şəxs Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona 535.1-ci maddəsinin sanksiyası çərçivəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs himayəsində iki azyaşlı uşağının olması və ilk dəfə inzibati xəta törətməsi kimi onun məsuliyyətini yüngülləşdirən halları, həmçinin qanunvericiliklə müəyyən edilmiş hədləri nəzərə alaraq, onun barəsində 8 (səkkiz) gün inzibati həbs təyin edilməsini ədalətli hesab edir. Buna görə də iş üzrə Şəxs Füzuli Rayon Məhkəməsinin 3(064)-399/2024 saylı, 27 may 2024-cü il tarixli qərarı ilə barəsində təyin edilmiş 8 (səkkiz) gün müddətinə inzibati həbsi çəkməsi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Şəxs izah edir ki, onun Füzuli RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi barədə məlumat üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsi tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 iyul 2024-cü il tarixli qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 535.1ci maddəsi ilə Şəxs barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs Füzuli Rayon Məhkəməsinin 3(064)-399/2024 saylı, 27 may 2024-cü il tarixli qərarı ilə barəsində təyin edilmiş 8 (səkkiz) gün müddətə inzibati həbsi çəkməsi nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-399/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-399/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver