Məhkəmə qərarları › İş №3(064)-403/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-403/2023

02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-403/2023 02.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli RPŞ-nin polis sahə rəisi polis baş leytenantı Həsrət Hüseynovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Saatlı rayonu, Əlisoltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Saatlı rayonu, Əlisoltanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixində saat 10 radələrində başqa şəxsə məxsus şəxsiyyət vəsiqəsindən istifadə etməklə işğaldan azad olunmuş ərazilərə daxil olmaqla polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında: Füzuli RPŞ-nin polis sahə rəisi polis baş leytenantı X1 bildirdi ki, Şəxs xx.xx.2023cü il tarixində saat 10 radələrində başqa şəxsə məxsus şəxsiyyət vəsiqəsindən istifadə etməklə işğaldan azad olunmuş ərazilərə daxil olmaqla polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də, onun barəsində AR İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023cü il tarixində yaşadığı Saatlı rayonu, Əlisoltanlı kəndində həmkəndlisi X3 ilə görüşmüş, onunla Laçın rayonunda tikinti bərpa işləri görən şirkətdə fəhlə işləmək üçün Sərxan Əzizovun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə saat 22 radələrində Füzuli rayonu, Horadiz şəhəri ərazisində yerləşən polis postuna gəlmişdir. Orada polis əməkdaşları onun icazəsinin olub-olmadığını yoxlamış və icazəsi olmadığından onu geri qaytarmışlar. xx.xx.2023-cü tarixdə yenidən Laçın rayonuna getmək üçün saat 10 radələrində Horadiz şəhər ərazisində yerləşən polis postuna gəlmiş, həmkəndlisi X2 şəxsiyyət vəsiqəsindən istifadə etməklə işğaldan azad edilmiş ərazilərə keçmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, o, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun əməlini etiraf etməsini, səmimi peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. İnzibati məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində göstərilir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin digər hallarını nəzərə alaraq Şəxs təqsirli bilindiyi İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Şəxs polis əməkdaşları tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq qeyd olunan inzibati xətanı törətməsi onu deməyə əsas verir ki, o, hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, Şəxs barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 30-34, 106- 115 və 535.1-ci maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən saat 17:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli rayon PŞ-yə və Beyləqan rayon PŞ MSY-ə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar