Məhkəmə qərarları › İş №3(064)-405/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-405/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-405/2023 07.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli RPŞ DYPB yol patrul xidməti inspektoru polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Qax rayonu, Zəyəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 332.1 və 332.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi : xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs 31 may 2023-cü il tarixdə saat 16 radələrində sürücülük vəsiqəsinin müddəti bitdikdən sonra etibarnaməsinin müddəti bitdikdən sonra idarə etdiyi “KİA Cerato” markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobillə Mincivan-Hacıqabul avtomobil yolunun Hacıqabul rayonu istiqamətində Füzuli rayonu Bala Bəhmənli kəndi ərazisindən keçən 150-ci kilometrliyində hərəkətdə olarkən qarşısına azyaşlı uşaq çıxması üçün həmin azyaşlı uşağı avtomobillə vurmamağa görə qarşı hərəkət zolağına çıxmış və nəticədə avtomobilin idarəetməsini itirmiş, onun avtomobilinin qarşı hərəkət zolağında yolun ehtiyat hissəsində dayanmış vəziyyətdə olan “VAZ 2109” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfinə dəymiş, toqquşma nəticəsində VAZ 2109 markalı avtomobil orada olan transformatorun dəmir torla hasarlanmış hissəsinə dəyməsinə görə həmin avtomobildə olan sürücü X3 və sərnişin X2 dərəcəsi təyin olunmayan bədən xəsarətləri almışdır. Ona görə də, onun barəsində AR İXM-in 332.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli RPŞ DYPB yol patrul xidməti inspektoru polis mayoru X1 bildirdi ki, Füzuli RPŞ İB-nin müstəntiqi B.Səfiyarlının 13 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarına əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 332.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-in 332.1 və 332.4-cü maddələri ilə təqsirli bilərək bildirdi ki, 31 may 2023-cü il tarixdə saat 16 radələrində “KİA Cerato” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobillə Zəngilan rayonundan Bakı şəhərinə getmək üçün yola çıxmışdır. Həmin gün saat 16 radələrində Füzuli rayonu Bala Bəhmənli kəndinin ərazisində Bakı şəhəri istiqamətində təxminən 50-60 kilometr saat surətlə hərəkətdə olarkən qəflətən avtomobilinin qarşısına yolu sağdan sola keçmək üçün bir azyaşlı uşaq çıxmış, həmin vaxt qarşısına çıxan uşağı vurmamaq üçün maşını yolun sol tərəfinə çıxartmış və həmin vaxt idarəetməni itirmiş və maşınının sağ qapı tərəfi qarşı tərəfdə yolun kənarında dayanmış halda olan “VAZ 2109” markalı avtomobilin qarşı tərəfinə dəymiş və zərbənin təsirindən həmin “VAZ 2109” markalı avtomobil yerində fırlanaraq orada olan transformatorun setkasına dəyərək dayanmışdır. Avtomobildən düşdükdə həmin “VAZ 2109” markalı avtomobildə iki nəfər şəxsin olmasını, həmin şəxslərdən biri sürücü biri isə qabaq tərəfdə sağda əyləşən sərnişin olmasını görmüş, sərnişin baş nahiyəsindən xəsarət almış, həmin vaxt oraya polis əməkdaşları gəlmiş, sərxoşluq müayinəsindən keçmək üçün xəstəxanaya getmişlər. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. İlk dəfə inzibati xəta törətməsi və etdiyi əməllərindən peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. 332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, zərərçəkmiş şəxsin şikayətçi olmamasını və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həm də AR İXM-in 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in: 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Göründüyü kimi, AR İXM-də şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda həmin şəxsin daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməsi nəzərdə tutulmuşdur. Lakin Şəxs barəsində AR İXM-in 332.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, bunlardan da yalnız 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmənin səlahiyyətinə aiddir. Lakin AR İXM-də bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda (əgər bu əməllərə görə işlərin baxılması eyni orqana aid deyilsə) bu əməllərin daha ciddi inzibati xəta ilə əhatələnməsi halı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair» 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, «…inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin….» Odur ki, məhkəmə hazırki iş üzrə AR Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarını və həmin qərarda ifadə olunmuş hüquqi mövqeyini rəhbər tutaraq məhkəmə baxışının hədlərindən bəhs edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş müddəalarına isnad edilməsini qanunamüvafiq hesab edir. Belə ki, adı şəkilən normada göstərilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə bu normadan yararlanaraq hesab edir ki, Şəxs barəsində AR İXM-in 332.1 və 332.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan AR İXM-in 332.1-ci maddəsi xaric edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 332.4-cü maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 332.1 və 332.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan AR İXM-in 332.1-ci maddəsi xaric edilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar