Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-413/2023 08.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli RPŞ DYPB-nin yol patrul xidməti inspektoru polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Füzuli rayonu, Mahmudlu- 1 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Füzuli rayonu, Mahmudlu-1 kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 332.1, 332.3, 334.1 və 511.1.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: xx.xx.2023-cü il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 02:45-də “VAZ-21061” markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən avtoxuliqanlıq etdiyi üçün saxlanılmış və müəyyən edilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edir. Məhkəmə iclasında: Füzuli RPŞ DYPB-nin yol patrul xidməti inspektoru polis baş serjantı X2 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 02:45-də “VAZ-21061” markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən avtoxuliqanlıq etdiyi üçün saxlanılmış və müəyyən edilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edir. Ona görə də, onun barəsində AR İXM-in 332.1, 332.3, 334.1 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə gecə saat 02:45-də sərxoş vəziyyətdə “VAZ-21061” markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən əl tormozundan istifadə etməklə avtomobili bir neçə dəfə yerində firlatmaqla idarəetməni davam etdirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə yüngül inzibati tənbeh tədbiri təyin edilməsini xahiş etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş: xx.xx.2023-cü il tarixli, 593 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu aşkar edilmişdir. Füzuli RPŞ DYPB tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 332.1, 332.3, 334.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, o, həmin maddələrlə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun əməlini etiraf etməsini inzibati məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. İnzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İXM-in: 334.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 511.1. Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin digər hallarını nəzərə alaraq Şəxs təqsirli bilindiyi AR İXM-in hər iki maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Şəxs sərxoş vəziyyətdə dörd inzibati xəta törətməsi onu deməyə əsas verir ki, o, hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, Şəxs barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Bununla yanaşı, inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həm də İXM-in 332.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilir. Azərbaycan Respublikası İXM-in: 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
1. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir.
2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur.
3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.
4. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Göründüyü kimi, İXM-də və KM-nin yuxarıda isnad olunan qərarında şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda həmin şəxsin daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməsi nəzərdə tutulmuşdur. Lakin Şəxs barəsində İXM-in 332.1, 332.3, 334.1 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, bunlardan da yalnız 334.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması məhkəmənin səlahiyyətinə aiddir. Lakin İXM-də bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda (əgər bu əməllərə görə işlərin baxılması eyni orqana aid deyilsə) bu əməllərin daha ciddi inzibati xəta ilə əhatələnməsi halı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair» 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, «…inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin….». Odur ki, məhkəmə hazırki iş üzrə AR Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarını və həmin qərarda ifadə olunmuş hüquqi mövqeyini rəhbər tutaraq məhkəmə baxışının hədlərindən bəhs edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş müddəalarına isnad edilməsini qanunamüvafiq hesab edir. Belə ki, adı şəkilən normada göstərilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə bu normadan yararlanaraq hesab edir ki, Şəxs barəsində İXM-in 332.1, 332.3, 334.1 və 511.1.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan İXM-in 332.1 və 332.3-cü maddələri xaric edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115, 334.1 və 511.1.3-cü maddələrini rəhbər tutaraq,
qərar verdi:
Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 332.1, 332.3, 334.1 və 511.1.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan Azərbaycan Respublikası İXM-in 332.1 və 332.3-cü maddələri xaric edilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 334.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsi ilə 15 (on beş) gün müddətinə və Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən, Şəxs daha ciddi xəta olan Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətinə inzibati həbs təyin edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən saat 15:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli rayon PŞ-yə və Beyləqan rayon PŞ MSY-ə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Yaşar Həşimov