Məhkəmə qərarları › İş №3(064)-42/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-42/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-42/2025 31.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakları ilə 01 fevral 1976-cı il tarixdə Füzuli rayonu, Yuxarı Veysəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" MMC-də döşəməçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Füzuli rayonu, Fin qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş 16 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli RİPŞ-nin böyük icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə tərtib edilmiş 16 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı Füzuli Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 3(064)-140/2024 nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə, yəni Füzuli Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(064)-777/2021 nömrəli qətnaməsi əsasında 23 iyul 2021-ci il tarixdə verilmiş icra sənədinə (bundan sonra – həmin icra sənədi) münasibətdə təkrar törətməsi göstərilmişdir. Məhkəmənin əvvəlki iclasında Füzuli RİPŞ-nin böyük icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, Füzuli Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(064)- 777/2021 nömrəli qətnaməsi üzrə 23 iyul 2021-ci il tarixdə verilmiş icra sənədinə əsasən borclu Şəxs (bundan sonra - borclu) 6250 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs (bundan sonra – tələbkar) verilməlidir. Həmin icra sənədi üzrə 26 iyul 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, qərarın surətini və tələbin könüllü icrası haqqında bildirişi borclunun yaşadığı ünvana göndərmişdir. Borclu həmin icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə Füzuli Rayon Məhkəməsinin 06 mart 2024cü il tarixli, 3(064)-140/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Borclu həmin icra sənədi üzrə yaranmış 6250 manat məbləğində pul borcunun 5350 manat hissəsini hissə-hissə ödəmiş, qalan 900 manat hissəsini isə maddi vəziyyətinin zəif olması səbəbindən qısa müddətdə ödəyəcəyini bildirmişdir. Lakin tələbkar həmin 5350 manat məbləğində pulu borclunun ona olan borcunu tam və birdəfəlik ödəməməsini səbəb kimi göstərməklə qəbul etməmişdir. Buna görə də o, borcludan həmin 5350 manat məbləğində pulu qəbul edib Füzuli RİPŞ-nin depozit hesabına mədaxil etmişdir. Borclunun pul borcunu birdəfəlik tamamilə ödəməməsi tələbkarın narazılığına və şikayətlər etməsinə səbəb olmuşdur. Buna görə də o, 16 yanvar 2025-ci il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclunun "xxxx" MMC-də döşəməçi işlədiyi, 400 manat məbləğində əmək haqqı aldığı müəyyən edilmiş, adına daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Məhkəmənin əvvəlki iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, həmin icra sənədi üzrə tələbkara borcunun 5350 manat hissəsini hissə-hissə ödəmiş, 900 manat hissəsini isə maddi vəziyyətinin zəif olması səbəbindən birdəfəlik ödəyə bilməmiş, döşəməçi işlədiyi "xxxx" MMC-də əmək haqqı məbləğini qısa müddətdə alacaq və borcundan qalmış 900 manat məbləği tam şəkildə ödəyəcəkdir. Göstərdiklərinə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə bu baxımdan, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə, - 528.1-1-ci maddəsində isə həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Əvvəla, məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri və Füzuli RİPŞnin 16 yanvar 2025-ci il tarixli məktubu əsasında Füzuli RİPŞ-nin icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında Füzuli Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(064)- 777/2021 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədinin məzmunu, edilmiş icra hərəkətləri və onların nəticəsi barədə göstərdiyi halların iş materiallarında eyni məzmunda öz əksini tapdığını müəyyən edir, buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə hesab edir ki, Füzuli Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 3(064)- 140/2024 nömrəli qərarı ilə Şəxs hazırki icra sənədinə münasibətdə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsə də, onun Füzuli Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(064)-777/2021 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə yaranmış pul borcunu tələbkara tam ödəməməsinin üzrsüz səbəbdən olub-olmamasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədlər, Füzuli RİPŞ-nin böyük icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdikləri izahatlar, Füzuli RİPŞ-nin 16 yanvar 2025-ci il tarixli məktubu əsasında, həmçinin müəyyən etmişdir ki, göstərilən icra sənədi üzrə sonuncu tələbkar Zərərçəkmiş şəxs olan 6250 manat məbləğində pul borcunun 5350 manat hissəsini hissə-hissə ödəmiş, həmin 5350 manat məbləğində pul sonuncunun borclunun ona olan borcunu tam və birdəfəlik ödəməməsini səbəb kimi göstərib qəbul etməməsinə görə icra məmuru tərəfindən qəbul edilib Füzuli RİPŞ-nin depozit hesabına mədaxil edilmiş, borclu tələbkara qalan 900 manat borcunu maddi vəziyyətinin zəif olması və əməkhaqqısını almadığı səbəbindən birdəfəlik tamamilə ödəyə bilməsə də, ödəməkdən imtina etməmiş, əksinə qısa müddətdə əməkhaqqısını aldıqda tam şəkildə ödəyəcəyini bildirmişdir. Eləcə də, aparılmış icra tədbirləri nəticəsində borclunun "xxxx" MMC-də döşəməçi işlədiyi, 400 manat məbləğində əmək haqqı aldığı müəyyən edilmiş, adına daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Azərbaycan Respublikası İXM-in: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iş materiallarında Şəxs Füzuli Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(064)-777/2021 nömrəli qətnaməsi əsasında 23 iyul 2021-ci il tarixdə verilmiş icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs olan 6250 manat məbləğində pul borcunun 5350 manat hissəsini hissə-hissə ödədikdən sonra qalan 900 manat hissəsini ödəməməsinin üzrsüz səbəbdən baş verməsinə dair konkret sübut yoxdur. Əksinə, Şəxs göstərilən icra sənədi üzrə müxtəlif vaxtlarda ödəniş etməsi icra sənədini tam icra etməməsinin üzrsüz səbəbdən baş verməsi halını istisna edir. Buna görə də həmin hal iş materialları ilə sübut edilmir. Bu səbəbdən həmin halın mövcud olması barədə şübhələr olsa belə, Şəxs xeyrinə həll edilməlidir. Beləliklə, iş materialları əsasında belə nəticəyə gəlinir ki, Şəxs göstərilən icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs qalmış 900 manat pul borcunu üzrsüz səbəbdən deyil, maddi vəziyyətinin zəif olması səbəbindən birdəfəlik tamamilə ödəyə bilməmişdir. Azərbaycan Respublikası İXM-in: - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsassən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə yuxarıda göstərdiyi işin müəyyən edilmiş hallarına və onlara tətbiq edilməli olan qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri olmadığına görə sonuncu barəsində tərtib edilmiş 16 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 3, 8, 53.1.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs barəsində tərtib edilmiş 16 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar