Məhkəmə qərarları › İş №3(064)-44/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-44/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-44/2025 21.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Füzuli Rayon Polis Şöbəsinin Yol patrul xidmətinin (bundan sonra – Füzuli RPŞ YPX) baş inspektoru, polis kapitanı X2 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Füzuli rayonu, Şükürbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Füzuli rayonu, Şükürbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 332.3-cü və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Füzuli RPŞ YPX-nin baş inspektoru, polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:00-da “VAZ 2115 minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin alkoqoldan istifadə etməklə idarə etmişdir. Buna görə də Füzuli RPŞ-nin YPX-nin baş inspektoru, polis kapitanı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 332.3-cü və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin YPX-nin baş inspektoru, polis kapitanı X3 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 2115 minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Əhmədbəyli Zəfər yolunun 21 km-də YPX-ti əməkdaşları ona saxla işarəsi verdikdən sonra o, avtomobili saxlamış və ondan avtomobilin sənədlərini təqdim etməsini istəmişlər. O, sənədləri təqdim edən zaman polis əməkdaşları onun spirtli içki qəbul etdiyini aşkar edərək onu sərxoşluq testindən keçirmişlər. O özü də sərxoş vəziyətdə olduğunu polis əməkdaşlarına etiraf etmişdir. O, inzibati xətanı törətdiyini etiraf edərək əməlindən səmimi peşman olduğunu bildirmiş və barəsində cərimə cəzasının tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:00-da “VAZ 2115 minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin alkoqoldan istifadə etməklə idarə etmişdir. -Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs xüsusi cihazla muayinə zamanı onun alkoqollu içki qəbul etməsi, qanda alkoqolun konsentrasiyasının 806 promilli olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sərxoşluğun müəyyən edilməsi haqqında protokoldan və digər sənədlərlə tam sübuta yetirilmişdir. -Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. -Azərbaycan Respublikası İXM-in 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Həmin məcəllənin 332.3-ci maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iş üzrə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs həm də Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilsə də, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsində şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılması üçün bunun eyni orqanın səlahiyyətinə aid olması tələb edildiyinə, eləcə də həmin Məcəllənin 43-cü maddəsində 334.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilsə də, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilmədiyinə, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid edildiyinə görə iş üzrə inzibati xəta haqqında protokolun Şəxs həm də Azərbaycan Respublikası İXM-in 332.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı hissələrinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi mümkün deyildir. Məhkəmə Şəxs inzibati xətanı törətməsini etiraf etməsini, səmimi peşmanlığını onun Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Şəxs həmin əməli sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə səmimi peşman olmasından ibarət məsuliyyətini yüngülləşdirən halı və həmin əməlləri sərxoş vəziyyətdə törətməsindən ibarət məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 5 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Lakin araşdırma zamanı müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün protokolun surəti Füzuli Rayon Polis Şöbəsinə göndərilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 31-33, 106-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 5 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati qaydada həbs edilməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2025-ci il tarixdən, saat 14:40-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün protokolun surəti Füzuli Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar