Məhkəmə qərarları › İş №3(064)-449/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-449/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-449/2025 07.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon İcra və Probasiya Şöbəsinin rəis vəzifəsini icra edən, böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon İcra və Probasiya Şöbəsindən (bundan sonra – Füzuli RİPŞ) daxil olmuş 07 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin (bundan sonra – Məhkəmə) binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Füzuli RİPŞ-dən daxil olan 07 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən müəyyən olunur ki, Füzuli Rayon Məhkəməsinin 2(064)- 89/2024 nömrəli, 22 may 2024-cü il tarixli icra sənədinə əsasən, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs 15 noyabr 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulub tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi 16 iyul 2024-cü il tarixdə Füzuli rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, həmin tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar məhkəməyə və tələbkara göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Şəxs Sübhan oğluna rəsmən təqdim olunmuşdur. Borclu Şəxs Sübhan oğluna rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, icra sənədi üzrə 15 noyabr 2024-cü il tarixdən 15 yanvar 2025-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs ödənilməmiş qalan cəmi 4648 (dörd min altı yüz qırx səkkiz) manat aliment borcunun tələbkara ödənilməsilə əlaqədar qanuni tələbləri yerinə yetirmədiyinə görə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə alınması barədə protokolla məhkəməyə müraciət olunmuş, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, Füzuli Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli 3(064)-64/2025 saylı qərarı ilə barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Borclu Şəxs Sübhan oğlunun müharibə iştirakçısı kimi aldığı aylıq 80 manat sosial müavinətdən cəmi 280 (iki yüz səksən) manat pul tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmuş, 15 noyabr 2024-cü il tarixdən 15 iyun 2025-ci il tarixədək cəmi 6180 (altı min yüz səksən) manat aliment borcu qalmışdır. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi vaxtdan keçən xeyli müddət ərzində borclu Şəxs aliment borcunun ödənilməsi barədə iki dəfə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, təkrarən qanuni tələbləri yerinə yetirməyərək, icra sənədi üzrə 15 noyabr 2024-cü il tarixdən 15 iyun 2025-ci il tarixədək ödənilməmiş qalan cəmi 6180 (altı min yüz səksən) manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs Sübhan oğlundan alınmış izahatda o, icra sənədi üzrə ödənilməmiş qalan cəmi 6180 (altı min yüz səksən) manat aliment borcundan tələbkar Zərərçəkmiş şəxs xeyrinə heç bir pul məbləği ödəyə bilməyəcəyini göstərmişdir. Bu səbəbdən də, məhkəmə qətnaməsinə əsasən yaranmış aliment borcunu ödətdirmək mümkün olmamış, aliment borcunun ödənilməməsi tələbkarın şikayət etməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən Şəxs Sübhan oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında: Füzuli RİPŞ-nin rəis vəzifəsini icra edən, böyük icra məmuru X3 bildirdi ki, Borclu tərəfindən məhkəmənin icra sənədi icra olunmayıb. Belə ki, Borclunun icra sənədi üzrə borcu hazırda 6180 manat borc təşkil edir. Onun tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq Borclu onun tələblərini yerinə yetirməyib. Borclunun əməlində AR İXM-in 528.1-1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə inzibati xəta haqqında protokol tərtib olunub. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. X3 həmçinin bildirdi ki, hazırda icra sənədi üzrə tələbkar şikayətçidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə Borclu bildirdi ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. O, yığılmış aliment borcundan, bu günə heç bir ödəniş edə bilməyəcəyini bildirdi. Əməlindən səmimi peşimandır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-in: 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir İnzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, aparılmış icra tədbirləri nəticəsində Borclunun adına hər hansı daşınar və ya daşınmaz əmlaklar aşkar olunmayıb. Məhkəmənin xx.xx.2025-ci il tarixli 3(064)-64/2025 saylı qərarından görünür ki, icra sənədi üzrə Borclu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilib. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Borclunun Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapır. Odur ki, Məhkəmə hesab edir ki, Borclu həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlara baxmayaraq Borclu icra sənədi üzrə yığılmış cəmi 6180 manat məbləğində aliment borcundan heç bir ödəniş aparmadığına görə hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməyib. Belə olan halda, Məhkəmə bu qənaətə gəlir ki, Borclu barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı, İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, ödənilməmiş aliment borcunun məbləğini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, tələbkarın şikayətçi olmasını və işin digər hallarını nəzərə alaraq icra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh növünün tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, Məhkəmə hesab edir ki, Borcluya “İcra haqqında” Azərbaycan Respublikası Qanununun borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyətdən bəhs edən 82-ci maddəsinin tələbləri izah olunmalıdır: 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 528.1-1-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:40-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar