Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-453/2024 13.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Füzuli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Dədəli kəndində qeydiyyatda olmaqla, hazırda Qazax şəhəri, N.Nərimanov küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon İcra və Probasiya Şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş 13 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 13 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli, 2(023)-1144/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Füzuli RİP-nin böyük icra məmuru X1 qanuni tələblərini yerinə yetirmədiyi göstərilmişdir. Buna görə də Füzuli RİP-nin icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 13 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİP-nin icra məmuru X2 verdiyi izahatında bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(023)-1144/2021 saylı icra sənədinə əsasən Şəxs (bundan sonra - borclu) cəmi 848,36 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi 31 avqust 2021-ci il tarixdə Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərarlar məhkəməyə və tələbkara, tələbin könüllü icrası haqqında bildirişlər icra olunması üçün borcluya göndərilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkar Zərərçəkmiş şəxs xeyrinə borcundan heç bir ödəniş etməmişdir. Bundan sonra 27 aprel 2023-cü il tarixdə borclu Şəxs istifadəsində olan (055)-751- 87-32 nömrəli mobil telefonuna SMS bildirişi göndərilrək şöbəyə çağırılmış, lakin borclu şöbəyə gəlməmişdir. Sonradan borclu Şəxs yeri məlum olmadığından icra sənədinin icrasının təmin edilməsi üçün onun axtarılması barədə 15 avqust 2023-cü il tarixdə qərar verilərək icra olunması üçün Füzuli Rayon Polis Şöbəsinə göndərilmiş və borclu barəsində 11 sentyabr 2023-cü il tarixdə 760469 nömrəli axtarış işi açılmışdır. Borclu Şəxs 13 iyun 2024-cü il tarixdə Füzuli Rayon Polis Şöbəsi tərəfindən tapılaraq Füzuli Rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş, ondan alınmış izahatda icra sənədi üzrə 848,36 manat borcundan tələbkar Zərərçəkmiş şəxs xeyrinə heç bir pul məbləği ödəyə bilməyəcəyini göstərmişdir. Beləliklə, sözügedən icra sənədi icrasız qalmış və bu hal tələbkarın haqlı şikayətinə səbəb olmuşdur. Göstərilənlərə əsasən 13 iyun 2024-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirmişdir ki, hazırki vaxta kimi məhkəmə əmri üzrə olan borcunu maddi imkanı olmadığı üçün tam ödəyə bilməmişdir. İcra vərəqəsi üzrə ödənilməmiş cəmi 618 manat borcdan tələbkarın xeyrinə 100 manat pul ödəyəcəyini bildirmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs ərizəsində borclu tərəfindən ona hal-hazırda 100 manat məbləğində pul ödənildiyini, cəmi 518 manat məbləğində borcun qaldığını və Şəxs ilə öz aralarında razılığa gəldiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş 13 iyun 2024-cü il tarixli ərizədən görünür ki, borclu Şəxs Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli, 2(023)- 1144/2021 saylı icra vərəqələrinə əsasən tələbkar Zərərçəkmiş şəxs olan borcundan 100 manat pul ödəmişdir. Qalan borcunu isə aylıq 100 manat olmaqla ödəyəcəyinə söz vermişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Şəxs mülkiyyətində daşınar və ya daşınmaz əmlak yoxdur, həmçinin əmək müqaviləsi üzrə heç bir yerdə işləmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını nəzərə alaraq, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərin surətləri və işdə iştirak edən şəxslərin izahatlarından müəyyən olunur ki, borclu Qazax Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(023)-1144/2021 saylı icra vərəqəsi üzrə öhdəliyini yetərli əmlak vəziyyətinin olmaması səbəbindən yerinə yetirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsini təsdiq edən sübutlar icra məmuru tərəfindən məhkəməyə təqdim olunmamış, məhkəmə qərarını tam icra etməməsi onun maddi durumu ilə bağlıdır. Həmçinin tələbkar da borclu ilə hissə-hissə ödənişə razılaşmışdır. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-453/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-453/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver