Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-464/2023 28.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli rayon RPŞ YPX baş inspektoru polis leytenantı X3, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Füzuli rayonu, Cuvarlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, həmin ünvanda qeydiyyatda olmaqla Füzuli rayonu, Zobucuq-2 qəsəbəsi, ev 206-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında iş üzrə icraat materialı ilə müəyyən edilir ki, Şəxs 26 may 2023-cü il tarixdə saat 13 radələrində sürücülük vəsiqəsi olmadan etibarnamə ilə idarə etdiyi “VAZ 21011” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Mincivan- Hacıqabul avtomobil yolunun Hacıqabul rayonu istiqamətində Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən 124-cü kilometrliyində hərəkətdə olarkən qarşı hərəkət zolağı ilə hərəkətdə olan zərərçəkmiş şəxs X1 idarə etdiyi “VAZ 2106” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və həmin avtomobillə toqquşması nəticəsində VAZ 2106 markalı avtomobildə olan sərnişin X4 dərəcəsi təyin olunmayan bədən xəsarəti almış, eləcə də “VAZ 2106” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 2.347 manat maddi ziyan dəymişdir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP №5652594 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli rayon RPŞ YPX baş inspektoru polis polis leytenantı X6 bildirdi ki, Füzuli RPŞ İB-nin müstəntiqi B.Səfiyarlının 28 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP №5652594 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Zərərçəkmiş şəxs X5 bildirdi ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi “VAZ 2106” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilinə 2.000 manatdan artıq maddi ziyan dəymişdir. Şəxs vurduğu ziyandan ona 1.000 manat ödəsə də bu onu qane etmir və ziyanın qalan hissəsinin də ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilərək bildirdi ki, o, 26 may 2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Füzuli rayonu, Bala Bəhmənli kəndi istiqamətində hərəkət etmişdir. Təxminən 30-40 km/saat surətlə hərəkətdə olan zaman qəflətən avtomobilində nasazlıq yaranmış və avtomobili yolun əks hərəkət zolağına çıxmış, həmin vaxt öz hərəkət zolağı ilə hərəkətdə olan əvvəllər tanımadığı sürcünün idarə etdiyi süd rəngli “VAZ 2106” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfi onun idarə etdiyi “VAZ 21011” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfi ilə toqquşmuş, nəticədə digər avtomobildə olan sərnişinin alın nahiyəsindən xəsarət almış və avtomobilə maddi ziyan dəymişdir. Sonradan vurduğu ziyanın 1.000 manatını zərərçəkmiş şəxsə ödəmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. İlk dəfə inzibati xəta törətməsi və vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi onun inzibati məsuliyyətini yüngülləşdirən hallardır. Azərbaycan Respublikası İXM-in: 332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. 332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində (xx.xx.2023-cü il tarixli Qanunla edilmiş dəyişikliyədək olan redaksiyada) cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 30-34, 106- 115 və 332.4-cü maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs X2 ona vurulmuş maddi ziyanın qalan hissəsinin ödənilməsi tələbi ilə ayrıca mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırması izah edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(064)-464/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-464/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver