Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-479/2024 20.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olmaqla, Füzuli rayonu, Qayıdış-11 qəsəbəsi, ev 115-də yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-1112/2023 nömrəli qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Füzuli RİPŞ-nin icra məmuru X1 qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edildiyi Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(064)-707/2023 nömrəli qərarının qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş, yuxarıda göstərilən inzibati xətanı eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Buna görə də Füzuli RİPŞ-nin icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)- 1112/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixdən borclu Şəxs uşaqları xx.xx.2021-ci il təvəllüdlü Ömərin və xx.xx.2023-cü il təvəllüdlü Mələyin yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Cəfərova (Məmmədova) Lamiyə Mehman qızına verilməlidir. İcra vərəqəsi 14 avqust 2023-cü il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün poçt vasitəsilə borclu Şəxs göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs şifahi və rəsmi qaydada şöbəyə dəvət olunsa da o, gəlməmiş və gəlməməsinin səbəbini də, bildirməmişdir. Ona görə də, borclunun məcburi gətirilməsi haqqında borclu Şəxs barədə təqdimatla 14 sentyabr 2023-cü tarixdə Füzuli Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin xx.xx.2023-cü il tarixli 8(064)-42/2023 saylı qərardadına əsasən onun barəsində məcburi gətirilmə qərarı verilmişdir. Borclu borclu Şəxs 28 noyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən Füzuli rayon İcra və Probasiya Şöbəsinə gətirilib təhvil verilmişdir. Şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(064)-707/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 8 gün müddətinə inzibati həbs tənbeh tədbiri seçilmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində tələbkar Cəfərova (Məmmədova) Lamiyə Mehman qızının xeyrinə cəmi 600 manat aliment pulu ödəmiş, hazırda onun tələbkara 3240 manat ödənilməmiş aliment borcu qalmışdır. Bundan sonra da icra sənədi üzrə yaranmış borcunu ödəməmiş, çağırışlardan yayınmışdır. xx.xx.2024-cü il tarixli borclunun axtarılması haqqında qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. Hazırda Şəxs polis əməkdaşları tərəfindən şöbəyə gətirilib təhvil verilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs alınmış izahatda yaranmış ödənilməmiş qalan borcunu tələbkar Cəfərova (Məmmədova) Lamiyə Mehman qızına ödəyə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən də, məhkəmə qətnaməsinə əsasən yaranmış aliment borcunu ödətdirmək mümkün olmamış, aliment borcunun ödənilməməsi tələbkarın şikayət etməsinə səbəb olmuşdur. Göstərdiklərinə əsasən borclu onun həmin icra sənədinin icrası ilə əlaqədar etdiyi qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də xx.xx.2024-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Sözügedən icra vərəqəsi barədə məlumatı var. Əməlindən səmimi peşmandır. 2023-cü ilin dekabr ayından etibarən hər ay tələbkara ödənişlər edir. Həmçinin borclu tələbkarın xeyrinə sonuncu dəfə 200 manat pul ödədiyini bildirmişdir. Tələbkara cəmi 1670 manat məbləğində aliment borcunun olduğunu, həmin borcunu ödəyə bilməməsini işləməməsi və maddi vəziyyətinin pis olması ilə izah edir. Tələbkara etdiyi digər ödənişlərin qəbzlərini saxlamamış, həmçinin bəzi ödənişlərə tələbkara nağd şəkildə vermişdir. Bu səbəbdən həmin ödənişlərə dair əlində hər hansı sübut yoxdur. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(064)-707/2023 nömrəli qərarının surətindən görünür ki, Şəxs hazırki icra sənədinə münasibətdə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Füzuli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun axtarılması haqqında qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmiş və saxlanılaraq şəxsiyyət vəsiqəsi ilə birlikdə Füzuli rayon İcra və Probasiya şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarına əlavə edilmiş müvafiq sənədlərin surətləri əsasında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİP-nin icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də iş materiallarına əlavə edilmiş sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs göstərilən icra sənədini icra etməsi üçün xəbərdarlıq etsə də, sonuncunun icra məmurunun həmin qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılıq keçirməsindən ibarət məsuliyyətini yüngülləşdirən halın mövcud olmasını, məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 20 iyun 2024-cü il tarixdən saat 14:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-479/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-479/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver