Məhkəmə qərarları › İş №3(064)-485/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-485/2023

12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-485/2023 12.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Həkimi Atakişiyevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Füzuli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Həkimi Atakişiyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilir ki, Şirvan İnzibati-lqtisadi Məhkəməsinin 2-2(86)- 230/2015 saylı, 18 may 2015-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 169.406 manat 50 qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. İcra vərəqəsi üzrə 22 may 2015-ci il tarixdə qəbul edilmiş icra qərar məhkəməyə və tələbkara göndərilmiş, qərar və tələbin könüllü icra olunması üçün borclu Şəxs rəsmən təqdim olunmuşdur. İcra vərəqəsi üzrə cəmi 169.436,50 manat məbləğində borcun tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi üçün borclu Şəxs rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq o, borcunu ödəməmişdir. Sonradan borclu Şəxs yeri məlum olmadığından, icra vərəqəsinin icrasının təmin edilməsi üçün onun axtarılması barədə 28 sentyabr 2022-ci il tarixdə qərar verilərək, qərar icra olunması üçün Füzuli rayon Polis Şöbəsinə göndərilmiş və borclu barəsində 10 oktyabr 2022-ci il tarixdə 760165 nömrəli axtarış işi açılmışdır. Borclu Şəxs 12 sentyabr 2023-cü il tarixdə Polis Şöbəsi tərəfindən tapılaraq Füzuli rayon İcra və Probasiya Şöbəsinə gətirilib təqdim edilmişdir. Borclu Şəxs qeyd olunan icra vərəqəsi üzrə cəmi 169.436,50 manat borcundan cəmi 1.000 manat pulu tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi üçün 12 sentyabr 2023-cü il tarixdə Füzuli rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödəmiş, ondan alınmış izahatda bundan sonra qalan cəmi 168.436,50 manat borcunu ödəyə bilmədiyini, borcunu hər ay hissə-hissə tələbkara ödəyə biləyəcəyini göstərmişdir. Bu səbəbdən də, məhkəmə qətnaməsinə əsasən yaranmış pul borcunu tam ödətdirmək mümkün olmamış, qətnamə icrasız qalmışdır. Bu isə tələbkarın haqlı narazılığına və şikayət etməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında: Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Həkimi Atakişiyev bildirdi ki, borclu Şəxs tərəfindən məhkəmənin icra sənədi icra olunmamışdır. Belə ki, borclu Şəxs icra sənədi üzrə borcu hazırda cəmi 168.436,50 manat təşkil edir. Onun tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borclu onun tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs bildirdi ki, həmin məhkəmə qərarı üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü olaraq icra edilməsi barədə xəbərdarlıq bildirişini almışdır. Lakin bu günədək heç bir ödəniş etməmişdir. Belə ki, hazırda daimi iş yeri ilə təmin edilmişdir və ona vaxt verilərsə borcunun hissə-hissə ödənilməsini təmin edəcəkdir. İnzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs adına hər hansı daşınar və ya daşınmaz əmlaklar, eləcə də gəlir və sair qazanclar aşkar olunmamışdır. Şəxs barəsində tərtib edilmiş tibbi arayışdan görünür ki, ona sağ tərəfi orta ağır, sol tərəfi yüngül dərəcəli qarışıq tip eşitmə azlığı diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, borclu Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində göstərilir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı, İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, səhhətini, maddi vəziyyətini, icra sənədi üzrə borcun qismən ödənilməsini və işin sair digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, məhkəmə hesab edir ki, borclu «İcra haqqında» Azərbaycan Respublikası Qanununun borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyətdən bəhs edən 82-ci maddəsinin tələbləri izah olunmalıdır: 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 528.1-ci maddələrini rəhbər tutaraq, qərar verdi: İcra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat inzibati cərimə edilsin. İcra sənədi üzrə borclu Şəxs izah olunsun ki, icra sənədi üzrə borcun qalan hissəsini ödəməyəcəyi təqdirdə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar