Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-502/2023 20.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli RPŞ-nin polis sahə rəisi polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Füzuli rayonu, Əhmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, Qarabağ kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Füzuli rayonu, Mahmudlu-2 kəndi ərazisində Əhmədbəyli-Şuşa yolunu bağlayaraq ictimai qaydanı pozaraq onu nizamintizama dəvət edən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında: Füzuli RPŞ-nin polis sahə rəisi polis kapitanı X2 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə axşam saat 19 radələrində sərxoş vəziyyətdə Füzuli rayonu, Mahmudlu-2 kəndi ərazisində Əhmədbəyli-Şuşa yolunu bağlayaraq ictimai qaydanı pozaraq onu nizamintizama dəvət edən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilərək bildirdi ki, xx.xx.2023cü il tarixdə yaşadığı evdə işıq enerjisi olmadığından işıq idarəsinə zəng etmişdir. İşıq idarəsinin işçiləri müraciətinə baxmadığı üçün əsəbiləşmiş və daha sonra ona məxsus “VAZ-2106” markalı avtomobillə Mahmudlu-2 kəndinə getmişdir. Avtomobilini yolun kənarında saxlayaraq Əhmədbəyli-Şuşa yolunun Mahmudlu-2 kəndi ərazisindən keçən hissəsində yolun hərəkət istiqamətində oturaraq yolu bağlayıb ambulansların və hərbi avtomobillərin hərəkətinə imkan verməmişdir. Həmin vaxt sərxoş olduğundan oraya toplaşan insanların dediklərinə məhəl qoymayaraq özünü yandırmaq istəmişdir. Sonradan polis əməkdaşları oraya gələrək onu Füzuli RPŞ-yə aparmışlar. İş materiallarına əlavə edilmiş: Füzuli rayon RPŞ İTB-nin sahə rəisi X4 rayon PŞ-nin rəisi polis polkovnik-leytenatı Zaur Abbasova ünvanladığı raportda göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Füzuli rayonu, Mahmudlu-2 kəndi ərazisində Əhmədbəyli-Şuşa yolunu bağlayaraq ictimai qaydanı pozmuş və onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. 19 sentyabr 2023-cü il tarixli, 670 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli, AZA№ 002589 inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq inzibati xətasını törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, o, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən halları müəyyən etməmişdir. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi inzibati məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə qeyd edir ki, Şəxs polis əməkdaşları tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq sərxoş halda ictimai qayda əleyhinə inzibati xəta törətdiyinə görə hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, Şəxs barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Bununla yanaşı, məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində AR İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama inzibati xətasının tərkib əlamətləri olmadığından bu maddə ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, qeyd olunan inzibati xətanın bilavasitə obyekti ictimai qaydanın mühafizəsi üzrə xidməti fəaliyyətlərini icra edən polis işçisinin normal fəaliyyətidir. Bu inzibati xəta obyektiv cəhətdən polis əməkdaşları ictimai qaydaların mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə tabe olmamada ifadə olunur. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olundu ki, Şəxs hadisə zamanı yalnız xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Odur ki, onun əməllərində AR İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş polisin qanuni tələbinə qəsdən tabe olmama inzibati xətasının tərkib əlamətləri olmadığından məhkəmə onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verməyi əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsində qeyd olunur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106- 115 və 510-ci maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5 (beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 22:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli RPŞ və Beyləqan RPŞ MSY-ə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(064)-502/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-502/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver