Məhkəmə qərarları › İş №3(064)-512/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-512/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-512/2025 30.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Füzuli Rayon Polis Şöbəsinin polis baş serjantı X2, barəsində inizbati iş üzrə icraat aparılan şəxs Şəxs və nümayəndəsi Nümayəndə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Füzuli Rayon Polis Şöbəsinin polis baş serjantı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün Füzuli Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Füzuli Rayon Polis Şöbəsinin polis baş serjantı X4 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:32 radələrində ona məxsus “Vaz 21715 minik” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərxoş vəziyyətdə Zəfər yolunun Füzuli rayonunun Əhmədbəyli kənd ərazisindən keçən hissəsində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Hadisə yerində Şəxs sərxoşluq vəziyyətinin müayinəsi məqsədilə yaxınlaşdıqda o, alkotester vasitəsilə müayinədən imtina edərək sərxoş olmadığını bildirmişdir. Ona görə də Şəxs X3 ilə birlikdə polis əməkdaşları tərəfindən Füzuli Rayon Mərkəzi Xəsətəxanasına aparılaraq sərxoşluq vəziyyətinin təyini üçün özlərinə məxsus alkotester vasitəsilə müayinə edilmişlər. Nəticədə hər iki şəxsin sərxoş vəziyyətdə olması aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 00:32 radələrində ona məxsus “Vaz 21715 minik” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonunun Əhmədbəyli kənd ərazisindən keçən hissəsində hərəkətdə olarkən solda yerləşən təmir sexinə dönmək üçün yolun hərəkət hissəsinin ortasında dayanıb, sola dönmə işıqlarını yandırıb, arxaya və qabağa baxdıqdan sonra maşının gəlmədiyini görüb dönmə əməliyyatı edib. Dönmə əməliyyatını başa çatdırarkən qarşıdan yüksək sürətlə hərəkətdə olan “Vaz 2107” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ ehtiyyat hissəsində onunla toqquşmuşdur. Hadisə yerinə polis əməkdaşları gələrək baxış keçirmişlər və digər avtomobilin sürücüsü X3 ilə birlikdə onları Füzuli Rayon Mərkəzi Xəsətəxanasına apararaq sərxoşluq vəziyyətinin təyini üçün polis əməkdaşlarında olan alkotester vasitəsilə müayinə edilmişlər. Müayinə nəticəsində ona sərxoş olması, alkotesterin göstəricisinin 0,950% olması bildirilmişdir. Lakin o, nəticə ilə razılaşmamış, qan analizi verilməsini tələb etmişdir. Həkim laboratoriyanın həmin saatda bağlı olması səbəbilə analizin verilməsindən imtina etmişdir. Eyni qayda ilə müayinə edilən X1 da sərxoş olması müəyyən edilmişdir. Alkotesterin göstəricisinin 0,980% olması bildirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə Şəxs dediklərinə uyğun izahat verərək bildirdi ki, şəxsin təqsirliliyi təqdim olunan materiallarla sübuta yetirilmir. Belə ki, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair akt nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarına uyğun tərtib edilməmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 00:32 radələrində ona məxsus “Vaz 2107” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonunun Əhmədbəyli kənd ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşıdan gələn “Vaz 21715 minik” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün yolun ortasında dayanaraq sola dönmək üçün yol gğzlədiyini görmüş, onun yanına çatan zaman sürücü anidən sola dönərək onunla toqquşmuşdur. Hadisədən yayınmaq üçün avtomobilini yolun sağ ehiyyat hissəsinə çəksə də, alınmamışdır. Hadisə yerinə polis əməkdaşları gələrək baxış keçirmişlər və digər avtomobilin sürücüsü Şəxs ilə birlikdə onları Füzuli Rayon Mərkəzi Xəsətəxanasına apararaq sərxoşluq vəziyyətinin təyini üçün alkotester vasitəsilə müayinə edilmişlər. Müayinə zamanı hər ikisinin sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. Belə ki, o hadisəsdən 1-2 saat əvvəl spirtli içki qəbul etdiyini etiraf edir. Həmçinin bildirdi ki, qarşı tərəfin danışıq və hərəkətlərindən onun da içkili olması açıq bilinirdi. Məhkəmə iclasında iştirak edən X5 izahat verərək bildirdi ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt olaraq işləyir. Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsini polisin nəzarəti altında aparıb. Ümumiyyətlə, bu tip müayinələri aparmaq üçün xüsusi texniki vasitələri yoxdur. Müayinə həm vizual olaraq, həm də polisə məxsus alkotester vasitəsilə həyata keçirilir. Tərtib etdiyi aktı imzaladıqdan sonra rəhbərlik tərəfindən möhürlənərək təsdiqlənir. İş materiallarında olan: - Füzuli Rayon Polis Şöbəsinin polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 333.3-cü və 327.2-ci maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddələr ilə protokol tərtib edilmişdir. - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 137 nömrəli aktdan görünür ki, Şəxs hadisə zamanı sərxoş vəziyyətdə olması qeyd olunmuşdur. - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 138 nömrəli aktdan görünür ki, X3 hadisə zamanı sərxoş vəziyyətdə olması qeyd olunmuşdur. - CD disk vasitəsilə təqdim edilmiş videogörüntülər və fotoşəkillər əsasında müəyyən olunur ki, protokolda göstərilən vaxtda yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hazırki material üzrə hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə görə müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarı ilə təsdiqlənmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının: 2.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. 3.4-cü bəndinə əsasən müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını nəzərə alaraq, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi kifayət qədər mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmamışdır və nəticədə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Məhkəmə işdə iştirak edən şəxslərin izahatları və iş materialları əsasında müəyyən edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:32 radələrində ona məxsus “Vaz 21715 minik” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zəfər yolunun Füzuli rayonunun Əhmədbəyli kənd ərazisindən keçən hissəsində hərəkətdə olarkən solda yerləşən təmir sexinə dönmək üçün yolun hərəkət hissəsinin ortasında dayanıb, sola dönmə işıqlarını yandırıb, arxaya və qabağa baxdıqdan sonra maşının gəlmədiyini görüb dönmə əməliyyatı etmişdir. Dönmə əməliyyatını başa çatdırarkən qarşıdan gələn “Vaz 2107” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ ehtiyyat hissəsində toqquşmuşdur. Hadisə yerinə baxış keçirdikdən sonra polis əməkdaşları sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsi məqsədilə Şəxs yaxınlaşdıqda o, alkotester vasitəsilə müayinədən imtina edib. Tibbi müayinənin aparılması üçün Şəxs polis əməkdaşları tərəfindən Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılıb və alkotester vasitəsilə aparılmış müayinənin nəticəsində həkim-terapevt X5 tərəfindən 137 nömrəli akt tərtib edilib. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 137 nömrəli akt nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarına uyğun tərtib edilməmişdir. Belə ki, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir və alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının 2.4cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Lakin iş materialları və tərəflərin izahatları əsasında təsdiq olunur ki, tibbi müayinə Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin tabeliyində olan Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində fəaliyyət göstərən həkim-terapevt X5 tərəfindən polis əməkdaşına məxsus xüsusi texniki vasitə alkotester vasitəsilə aparılmış və sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 137 nömrəli akt tərtib edilərək iş materiallarına əlavə eilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsinə görə istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Göründüyü kimi, inzibati xəta haqqında iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmədiyindən, həmin akt barəsində inizbati iş üzrə icraat aparılan şəxs Şəxs təqsirliliyini təsdiqləyən sübutetmə vasitəsi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qanunun (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsi) tələbindən çıxış edərək Məhkəmə hesab edir ki, barəsində inizbati iş üzrə icraat aparılan şəxs Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidirr. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. - 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə hesab edir ki, iş üzrə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs həm də Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilsə də, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsində şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılması üçün bunun eyni orqanın səlahiyyətinə aid olması tələb edildiyinə, eləcə də həmin Məcəllənin 43-cü maddəsində 333.3-cü maddədə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilsə də, 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilmədiyinə, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid edildiyinə görə iş üzrə inzibati xəta haqqında protokolun Şəxs həm də Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı hissəsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi mümkün deyildir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad olunsun. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş materiallar baxılması üçün Füzuli Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar