Məhkəmə qərarları › İş №3(064)-52/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-52/2024

02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-52/2024 02.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi ilə, hüquqi şəxs “X5.Ltd.” şirkəti barəsində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat materialına baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, №10000-00006/24 saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Türkiyə Respublikasında qeydiyyatda olan hüquqi şəxs - “X8 DAĞ.PAZ. SAN. Ve TİC. A.Ş” şirkəti tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs - “X5.Ltd.” şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına idxal olunmuş və gömrük rəsmiləşdirilməsi məqsədilə X6 idarəsinin “Xudafərin” gömrük postuna təyinat alaraq xx.xx.2023-cü il tarixli **********4532 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş invoys dəyəri 54355 ABŞ dolları təşkil edən 15410 kiloqram çəkidə “mebel” yükü xx.xx.2023-cü il tarixdə 08AAR350 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Lakin qeyd olunan yükün “Xudafərin” gömrük postunda “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilməsi zamanı hüquqi şəxs -“X5.Ltd.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilmədiyi müəyyən edilmişdir. Araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X5.Ltd.” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X3 2023-cü ildən “X5.Ltd.” şirkətinin Azərbaycan Respublikasındakı filialının hüquqşünası kimi işə başladığını, nümayəndəsi olduğu -“X5.Ltd." şirkətinin Azərbaycan Respublikasındakı filialının 2022-ci ildə Azərbaycan Respublikasının vergi orqanlarında hüquqi şəxs qismində vergi ödəyicisi kimi qeydiyyata alındığını, “X5.Ltd." şirkətinin Azərbaycan Respublikasındakı filialının əsas fəaliyyət istiqamətinin ölkə ərazisində qeyri-yaşayış sahələrinin tikintisini həyata keçirməkdən ibarət olduğunu, fəaliyyət istiqamətinə uyğun olaraq şirkətin həmçinin tikinti materiallarının ölkə ərazisinə idxalını həyata keçirdiyini, 2023-cü ildə Füzuli rayonunda - “X5.Ltd.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən tikintisi həyata keçirilən məktəb üçün Türkiyə Respublikasında fəaliyyət göstərən “X8 DAĞ.PAZ. SAN. ve TİC. A.Ş” şirkətindən tərtib olunmuş 21 iyul 2023-cü il tarixli GNP**********866 nömrəli invoys sənədi əsasında 15410 kiloqram çəkidə və 54355 ABŞ dolları dəyərində “mebel” yükünü sifariş verdiklərini, həmin yükün Türkiyə Respublikasında bir ixrac gömrük bəyannaməsi ilə - 23080100EX00028215 sorğu nömrəli 21,07.2023-cü il tarixli gömrük bəyannaməsi ilə 08AAR350 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində ixrac gömrük prosedurunda rəsmiləşdirildiyini, həmin yüklərin xx.xx.2023-cü il tarixdə Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postuna çatdırıldığını, daha sonra isə təyinat gömrük orqanına yəni “Xudafərin” gömrük postuna gətirilərək xx.xx.2023-cü il tarixli **********4532 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda gömrük rəsmiləşdirilməsindən keçirildiyini, lakin idxal olunmuş “mebel” yükünə görə “X5.Ltd.” şirkətinin Azərbaycan Respublikasındakı filialının adından qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilmədiyini, bunun səbəbinin logistik şirkətin yüklə bağlı sənədləri “X5.Ltd.” şirkətinin Azərbaycan Respublikasındakı filialının elektron poçt ünvanına vaxtında göndərməməsi ilə bağlı olduğunu, qısa idxal bəyannaməsini nəqliyyat vasitəsi gömrük sərhədini keçdikdən sonra verdiklərini, qeyd olunan problemlə bağlı öncədən gömrük orqanlarını məlumatlandırmadıqlarını, baş vermiş pozuntuya görə “X5.Ltd.” şirkətinin Azərbaycan Respublikasındakı filialı olaraq özlərini təqsirli hesab etdiklərini və məsuliyyətə cəlb olunmağa hazır olduqlarını bildirmişlər. İş üzrə materiallarda olan gömrük orqanlarının X1 sistemindən əldə olunmuş çıxarışdan və xx.xx.2023-cü il tarixli **********0297 sorğu nömrəli qısa idxal bəyannaməsi üzrə çıxarışdan görünür ki, 08AAR350 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə saat 11:22-də Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildiyi halda, həmin yük nəqliyyat vasitəsində daşınan mallarla bağlı **********0297 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirildikdən sonra, yəni qeyd olunan tarixdə saat 16:50-də elektron formada verilmişdir. Nəticədə hüquqi şəxs “X5.Ltd.” şirkətinin Azərbaycan Respublikasındakı filialı xx.xx.2023-cü il tarixli **********4532 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirdiyi mallarla bağlı qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş proses iştirakçılarının nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib və onlara hüquqi qiymət verərək hesab edir ki, hüquqi şəxs “X5.Ltd.” şirkəti Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də ona həmin maddədə nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in: 485.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 485.2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 18.5-ci maddəsində deyilir ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 61, 73 və 485-ci maddələrini rəhbər tutaraq, qərar verdi: Hüquqi şəxs “X5.Ltd.” şirkəti Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1.500 (bir min beş yüz) manat inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar