Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-546/2024 01.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, 01 fevral 1976-cı il tarixdə Füzuli rayonu, Yuxarı Veysəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" MMC-də döşəməçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Füzuli rayonu, Fin qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş 01 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli RİPŞ-nin böyük icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə tərtib edilmiş 01 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı Füzuli Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 3(064)-140/2024 nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə, yəni Füzuli Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(064)-777/2021 nömrəli qətnaməsi əsasında 23 iyul 2021-ci il tarixdə verilmiş icra sənədinə (bundan sonra – həmin icra sənədi) münasibətdə təkrar törətməsi göstərilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin böyük icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, Füzuli Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(064)-777/2021 nömrəli qətnaməsi üzrə 23 iyul 2021-ci il tarixdə verilmiş icra sənədinə əsasən borclu Şəxs (bundan sonra - borclu) 6250 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs (bundan sonra – tələbkar) verilməlidir. Həmin icra sənədi üzrə 26 iyul 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, qərarın surətini və tələbin könüllü icrası haqqında bildirişi borclunun yaşadığı ünvana göndərmişdir. Borclu həmin icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə Füzuli Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 3(064)-140/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Borclu həmin icra sənədi üzrə yaranmış 6250 manat məbləğində pul borcunun 4250 manat hissəsini hissə-hissə ödəmiş, bununla bağlı sonuncu dəfə 24 iyun 2024-cü il tarixdə 600 manat məbləğində ödəniş etmiş, qalan 2000 manat hissəsini isə maddi vəziyyətinin zəif olması səbəbindən iki ay müddətinə hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin tələbkar həmin 4250 manat məbləğində pulu borclunun ona olan borcunu tam və birdəfəlik ödəməməsini səbəb kimi göstərməklə qəbul etməmişdir. Buna görə də o, borcludan həmin 4250 manat məbləğində pulu qəbul edib Füzuli RİPŞ-nin depozit hesabına mədaxil etmişdir. Borclunun pul borcunu birdəfəlik tamamilə ödəməməsi tələbkarın narazılığına və şikayətlər etməsinə səbəb olmuşdur. Buna görə də o, 01 iyul 2024-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclunun "xxxx" MMC-də döşəməçi işlədiyi, 400 manat məbləğində əmək haqqı aldığı müəyyən edilmiş, adına daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, həmin icra sənədi üzrə tələbkara borcunun 4250 manat hissəsini hissə-hissə ödəmiş, 2000 manat hissəsini isə maddi vəziyyətinin zəif olması səbəbindən birdəfəlik ödəyə bilməmiş, döşəməçi işlədiyi "xxxx" MMC-də əmək haqqı məbləği artacağına görə iki ay müddətinə hissə-hissə ödəyəcəkdir. Göstərdiklərinə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə bu baxımdan, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə, - 528.1-1-ci maddəsində isə həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Əvvəla, məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri və Füzuli RİPŞnin 01 iyul 2024-cü il tarixli məktubu əsasında Füzuli RİPŞ-nin icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında Füzuli Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(064)- 777/2021 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədinin məzmunu, edilmiş icra hərəkətləri və onların nəticəsi barədə göstərdiyi halların iş materiallarında eyni məzmunda öz əksini tapdığını müəyyən edir, buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə hesab edir ki, Füzuli Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 3(064)- 140/2024 nömrəli qərarı ilə Şəxs hazırki icra sənədinə münasibətdə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsə də, onun Füzuli Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(064)-777/2021 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə yaranmış pul borcunu tələbkara tam ödəməməsinin üzrsüz səbəbdən olub-olmamasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədlər, Füzuli RİPŞ-nin böyük icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdikləri izahatlar, Füzuli RİPŞ-nin 01 iyul 2024-cü il tarixli məktubu əsasında, həmçinin müəyyən etmişdir ki, göstərilən icra sənədi üzrə sonuncu tələbkar Zərərçəkmiş şəxs olan 6250 manat məbləğində pul borcunun 4250 manat hissəsini hissə-hissə ödəmiş, bununla bağlı sonuncu dəfə 24 iyun 2024-cü il tarixdə 600 manat məbləğində ödəniş etmiş, həmin 4250 manat məbləğində pul sonuncunun borclunun ona olan borcunu tam və birdəfəlik ödəməməsini səbəb kimi göstərib qəbul etməməsinə görə icra məmuru tərəfindən qəbul edilib Füzuli RİPŞ-nin depozit hesabına mədaxil edilmiş, borclu tələbkara qalan 2000 manat borcunu maddi vəziyyətinin zəif olması səbəbindən birdəfəlik tamamilə ödəyə bilməsə də, ödəməkdən imtina etməmiş, əksinə iki ay müddətinə hissə-hissə ödəyəcəyini bildirmişdir. Eləcə də, aparılmış icra tədbirləri nəticəsində borclunun "xxxx" MMC-də döşəməçi işlədiyi, 400 manat məbləğində əmək haqqı aldığı müəyyən edilmiş, adına daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Azərbaycan Respublikası İXM-in: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iş materiallarında Şəxs Füzuli Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(064)-777/2021 nömrəli qətnaməsi əsasında 23 iyul 2021-ci il tarixdə verilmiş icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs olan 6250 manat məbləğində pul borcunun 4250 manat hissəsini hissə-hissə ödədikdən sonra qalan 2000 manat hissəsini ödəməməsinin üzrsüz səbəbdən baş verməsinə dair konkret sübut yoxdur. Əksinə, Şəxs göstərilən icra sənədi üzrə sonuncu dəfə 24 iyun 2024-cü il tarixdə 600 manat məbləğində ödəniş etməsi icra sənədini tam icra etməməsinin üzrsüz səbəbdən baş verməsi halını istisna edir. Buna görə də həmin hal iş materialları ilə sübut edilmir. Bu səbəbdən həmin halın mövcud olması barədə şübhələr olsa belə, Şəxs xeyrinə həll edilməlidir. Beləliklə, iş materialları əsasında belə nəticəyə gəlinir ki, Şəxs göstərilən icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs qalmış 2000 manat pul borcunu üzrsüz səbəbdən deyil, maddi vəziyyətinin zəif olması səbəbindən birdəfəlik tamamilə ödəyə bilməmişdir. Azərbaycan Respublikası İXM-in: - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsassən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə yuxarıda göstərdiyi işin müəyyən edilmiş hallarına və onlara tətbiq edilməli olan qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri olmadığına görə sonuncu barəsində tərtib edilmiş 01 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 3, 8, 53.1.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs barəsində tərtib edilmiş 01 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-546/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-546/2024
01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver