Məhkəmə qərarları › İş №3(064)-55/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-55/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-55/2023 06.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1980-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, “AS” nəqliyyat şirkətində sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 06 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 06 fevral 2023-cü il tarixdə saat 12 radələrində Füzuli rayonu, Horadiz şəhəri ərazisindəki stasionar polis postunda ictimai qaydanın mühafizə vəzifələrini icra etmiş Füzuli Rayon Polis Şöbəsinin (bundan sonra – Füzuli RPŞ) əməkdaşlarının ona işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisinə getmək üçün xüsusi icazəsinin olmadığına görə geri qayıtmalı olduğu barədə irəli sürdükləri qanuni tələblərinə sürücü işlədiyi “AS” nəqliyyat şirkətinə məxsus **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisinə xüsusi icazə olmadan keçməklə qəsdən tabe olmamışdır. Buna görə də Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 06 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X1 tərtib etdiyi 06 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, 2022-ci ilin oktyabr ayından “AS” nəqliyyat şirkətində sürücü işləyir. 06 fevral 2023-cü il tarixdə Şuşa şəhərində ona tapşırılmış işi gördükdən sonra Kəlbəcər rayonuna getmək məqsədilə üç nəfər sürücü iş yoldaşlarının idarə etdiyi avtomobillərin arxasınca işlədiyi şirkətə məxsus **-JD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edib Füzuli rayonu, Horadiz şəhəri ərazisindəki stasionar polis postuna gəlmişdir. Orada sənədlərini yoxlamış polis əməkdaşları ona xüsusi icazəsinin yalnız Şuşaya getməklə bağlı verildiyini, Kəlbəcər rayonuna getməklə bağlı verilmədiyini, digər iş yoldaşlarına isə Kəlbəcər rayonuna getməklə bağlı verildiyini demiş, buna görə də ondan geri qayıtmasını tələb etmişlər. Lakin iş yoldaşları ilə birlikdə Kəlbəcər rayonuna getmək məqsədilə polis əməkdaşlarının diqqətindən yayınıb avtomobilini oradan işğaldan azad edilmiş Cəbrayıl rayonu istiqamətində idarə etmişdir. Onun idarə etdiyi avtomobil Füzuli rayonu, Horadiz şəhəri ərazisindəki stasionar polis postundan verilmiş məlumat əsasında Cəbrayıl rayonu ərazisindəki stasionar polis postunda saxlanılmış, Cəbrayıl RPŞ-nin əməkdaşının müşayiəti ilə Füzuli rayonu, Horadiz şəhəri ərazisindəki stasionar polis postuna qaytarılmışdır. Hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Əməlindən səmimi peşimandır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan, Füzuli RPŞ-nin PPXB-nin polis nəfərləri Heydər Qasımov və Vətən Hüseynov tərəfindən tərtib edilmiş 06 fevral 2023-cü il tarixli raportda işin faktiki halları Şəxs məhkəmə iclasında verdiyi izahatı ilə eyni məzmunda göstərilmişdir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 06 fevral 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aqil Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar