Məhkəmə qərarları › İş №3(064)-570/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-570/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-570/2025 04.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Füzuli rayonu, Qazaxlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Füzuli rayonu, Qazaxlar kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(064)-30/2017 saylı və Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1030/2024 saylı icra sənədlərinin icrası ilə əlaqədar Füzuli RİP-nin böyük icra məmuru X2 qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də Füzuli RİP-nin böyük icra məmuru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİP-nin böyük icra məmuru X4 verdiyi izahatında göstərmişdir ki, Füzuli Rayon Məhkəməsinin 24 fevral 2017-ci il tarixli 2(064)-30/2017 saylı icra sənədinə əsasən tərəflərin nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü Zöhrə, xx.xx.2012-ci il təvəllüdlü Mədinə adlı uşaqların saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay hər uşağa görə 80 manat olmaqla, hər ay cəmi 160 manat sabit pul məbləğində aliment borclu Şəxs tələbkar X1 xeyrinə tutulmalıdır. Bundan başqa Füzuli Rayon Məhkəməsinin 17 iyul 2024-ci il tarixli 2(064)-1030/2024 saylı icra sənədinə əsasən tərəflərin nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü Zöhrə, xx.xx.2012-ci il təvəllüdlü Mədinə adlı uşaqların saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla, ayda cəmi 340 manat sabit pul məbləğində aliment borclu Şəxs tələbkar X1 xeyrinə tutulmalıdır. İcra sənədləri üzrə 18 mart 2017-ci il və 08 oktyabr 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar poçt vasitəsilə məhkəməyə və tələbkara, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Şəxs yaşadığı ünvana göndərilmiş, sonradan isə ona rəsmən təqdim edilmişdir. Hər iki icra sənədi Füzuli rayon İcra və Probasiya Şöbəsinin 07 iyul 2025-ci il tarixli qərarı ilə eyni icraatda birləşdirilmişdir. Borclunun bu günə 6000 manat aliment borcu vardır. Aliment borcunun ödənilməsi üçün borclu Şəxs rəsmi xəbərdarlıq məktubları göndərilmiş, onunla və anası ilə telefon əlaqəsi saxlanılsa da, icra sənədi üzrə olan aliment borcu tələbkarın xeyrinə ödənilməmişdir. Bu da tələbkarın haqlı narazılığına və şikayət etməsinə səbəb olmuşdur. Borclu Şəxs alınmış izahatda o, icra sənədi üzrə olan cəmi 6000 manat aliment borcundan bu gün heç bir məbləğ tələbkar X1 xeyrinə ödəyə bilməyəcəyini, işlə təmin olunduqdan sonra ödəniş edəcəyini bildirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qeyd olunanlara əsasən borclu öz hərəkətləri ilə icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra etmədiyindən onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. İcra vərəqələri üzrə 6000 manat aliment borcunun tələbkar X1 xeyrinə ödənilməsi üçün Füzuli Rayon İcra və Probasiya şöbəsinə çağırılmış, ona rəsmi xəbərdarlıq edilmiş və borcun ödənilməsi ondan tələb edilmişdir. Hazırda tələbkara 6000 manat aliment borcu vardır. O, heç bir yerdə işləmədiyindən bu günə tələbkarın xeyrinə heç bir məbləğ ödəyə bilməyəcəyini, işlə təmin olunarsa, borcundan tələbkarın xeyrinə aylıq hissə-hissə pul ödəyəcəyini bildirmişdir. Qeyd edir ki, 2025-ci ilin may ayında tələbkarın xeyrinə 200 manat pul ödəsə də, iyun və iyul ayları üçün heç bir ödəniş edə bilməmişdir. Bunun səbəbi isə may ayından bəri işləməməsi olmuşdur. Maddi vəziyyətinin çətin olduğundan və işləmədiyindən barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməməsini, inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə https://e-qanun.az/framework/46960 fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİPnin böyük icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs icra sənədini müvafiq olaraq 10 və 5 gün ərzində tam icra etməsi üçün şəxsən imza etdirilməklə yazılı qaydada xəbərdarlıq etsə də, sonuncunun icra məmurunun həmin qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. -Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə inzibati xətanın xarakterini, borclunun şəxsiyyətini, əmlak vəziyyətini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın aliment borcu ilə əlaqədar olduğunu, hazırda tələbkara olan borcundan ödəniş aparmaq niyyətində olmadığını, hazırda özünün də bildirdiyi kimi işləmədiyi üçün inzibati cərimə ödəmək iqtidarında olmadığını, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından müəyyən olunur ki, Şəxs inzibati qaydada tutulmamışdır. Məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı xx.xx.2025-ci il tarixdən, saat 16:05-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:05-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar