Məhkəmə qərarları › İş №3(064)-582/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-582/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-582/2025 07.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Namazova Səbuhə Müşfiq qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Füzuli rayonu, Horadiz şəhəri, M.Hüseynzadə küçəsi, ev 22-də qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-352/2024 saylı qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş icra sənədinin icrası ilə əlaqədar Füzuli RİPŞ-nin icra məmuru X1 qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 manat inzibati cərimə tənbeh tədbirinin tətbiq edildiyi Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(064)-254/2025 nömrəli qərarının qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş, yuxarıda göstərilən inzibati xətanı eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Buna görə də Füzuli RİPŞ-nin icra məmuru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(001 )-352/2024 saylı icra sənədinə əsasən borclu Şəxs cəmi 4473 manat məbləğində borc tələbkar Zərərçəkmiş şəxs, 50 manat məbləğində ekspertiza tədqiqatının dəyəri isə Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İcra sənədi üzrə 24 aprel 2024-cü il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmən təqdim edilmişdir. İcra sənədi üzrə tələbin yerinə yetirilməsi barədə borclu Şəxs rəsmi xəbərdarlıqlar və Elektron icra İnformasiya sistemi ilə çağırış barədə SMS göndərilməsinə baxmayaraq, o, qanuni tələbləri yerinə yetirməyərək icra sənədi üzrə olan tələbi tam yerinə yetirməmiş, icra məmurunun çağırışlarına gəlməkdən üzrlü səbəb olmadan imtina etmişdir. Son 1 il 4 ay ərzində cəmi 750 (yeddi yüz əlli) manat tələbkarın xeyrinə ödəniş etmişdir. Bu səbəbdən də, icra sənədi üzrə olan borcu ödətdirmək mümkün olmamış, icra sənədi icrasız qalmışdır. Bu isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Borcludan alınmış izahatda o, maddi imkanının olmamasını bildirmişdir. Borclu Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, Füzuli Rayon Məhkəməsinin 3(064)-254/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin borclu həmin inzibati tənbehdən nəticə çıxarmayaraq yenə də, icra sənədi üzrə tələbi və inzibati cəriməni icra etməmiş, icra məmurunun qanuni çağırışlarına gəlməkdən üzürsüz səbəbdən imtina etmişdir. Belə olan halda, borclu Şəxs məcburi qaydada gətirilməsi barədə məhkəməyə təqdimatla müraciət olunmuş, Füzuli Rayon Məhkəməsinin 8(064)-61/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək icra edilməsi üçün Füzuli Rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə Füzuli rayon İcra və probasiya Şöbəsinə məcburi qaydada gətirilmişdir.Tələbkar Zərərçəkmiş şəxs Füzuli rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, Bakı şəhərində yaşadığını, İ qrup gözdən əlil olduğunu və bu səbəbdən prosesdə iştirak edə bilməyəcəyini bildirmiş, icra sənədi üzrə olan borcun tam şəkildə ödənilməsini, əks təqdirdə borclunun yenidən məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Buna görə də borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmçinin bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dəfələrlə icra sənədinin icrası ilə bağlı şöbəyə dəvət olunsa da, o, şöbəyə gəlməmişdir. Qeyd olunanlara əsasən borclu öz hərəkətləri ilə icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra etmədiyindən onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Sözügedən icra vərəqəsi barədə məlumatı var. Bu günədək 750 manat pul ödəmişdir. Əməlindən səmimi peşmandır. Tələbkara cəmi 3723 manat məbləğində borcunun olduğunu, həmin borcunu ödəyə bilməməsini işləməməsi və maddi vəziyyətinin pis olması ilə izah edir. Hazırda heç bir ödəniş edə bilmir. Həmçinin bildirmişdir ki, dəfələrlə icra sənədinin icrası ilə bağlı şöbəyə dəvət olunsa da, o, şöbəyə gəlməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(064)- 254/2024 nömrəli qərarının surətindən görünür ki, Şəxs hazırki icra sənədinə münasibətdə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in: - 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. -528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarına əlavə edilmiş müvafiq sənədlərin surətləri əsasında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİP-nin icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də iş materiallarına əlavə edilmiş sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs göstərilən icra sənədini icra etməsi üçün xəbərdarlıq etsə də, sonuncunun icra məmurunun həmin qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. -Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə bu barədə nəticəyə gələrkən, sonuncunun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)- 352/2024 nömrəli qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə törətdiyi, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinə münasibətdə həmin Məcəllənin 528.1-1-ci maddəsinin sanksiyasının 528.1-ci maddəsinin sanksiyasını əhatə etməsi səbəbindən əlavə olaraq, 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə ehtiyac olmadığını da nəzərə alır. Məhkəmə Şəxs səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmanlıq keçirməsindən ibarət məsuliyyətini yüngülləşdirən halın mövcud olmasını, məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 15:55-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar