Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-589/2023 16.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Şamaxı rayonu, Mədrəsə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 14 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 13 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Füzuli RPŞ-nin inzibati binasının qarşısında olarkən qayınatası Şahid1 ünvanına ucadan nalayiq sözlər deyib ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmiş, polis əməkdaşları onu intizama dəvət etsələr də, həmin hərəkətlərini davam etdirməklə, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Füzuli RPŞ-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş 14 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi X3 14 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, 12 oktyabr 2023-cü il tarixdə onunla arvadı Şahid2 (bundan sonra - arvadı) arasında mübahisə olmuş, bu səbəbdən 13 oktyabr 2023-cü il tarixdə qayınanası ondan xəbərsiz arvadını və bir nəfər azyaşlı uşağını Bakı şəhərində yaşadığı evdən götürüb arvadının atasının Füzuli rayonu, Fin qəsəbəsində yerləşən evinə aparmışdır. Telefon danışığı zamanı qayınatası Şahid1 (bundan sonra - qayınatası) ona arvadı ilə yaşamağa imkan verməyəcəyini dediyinə görə bundan əsəbiləşib həmin gün Bakı şəhərindən qayınatasının Füzuli rayonu, Fin qəsəbəsində yerləşən evinə gəlmiş, sonuncu ilə mübahisə etmişdir. Buna görə də qayınatası polisə zəng edib hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlib onu Füzuli RPŞ-yə aparmış, onu profilaktik sohbətlər apardıqdan sonra sərbəst buraxmışlar. Oradan çıxdıqdan sonra yenə də əsəbi vəziyyətdə olduğuna görə öz hərəkətlərini idarə edə bilməmiş, avtomobilini arvadı və qayınatasının olduğu, sonradan tanıdığı Şahid4 idarə etdiyi avtomobilin arxasınca idarə edib Füzuli rayonu, Arayatılı kəndi ərazisindən keçən asfalt yolda həmin avtomobilin qarşısını kəsmiş, həmin şəxslərdən avtomobildən düşmələrini tələb etmişdir. Həmin şəxslər onun hərəkətlərindən qorxduqlarına görə Şahid4 avtomobilini yenidən Füzuli RPŞ-yə tərəf idarə etmişdir. Füzuli RPŞ-nin inzibati binasının qarşısında olarkən əsəbi vəziyyətdə olduğuna görə qayınatasının ünvanına ucadan nalayiq sözlər demiş, polis əməkdaşları ondan sakitləşməsini istəsələr də, yenə də həmin hərəkətlərini davam etdirmişdir. Törətdiyi həmin hərəkətlərindən səmimi peşimandır. Məhkəmə iclasında Şahid1, Şahid2, Şahid4 və Füzuli RPŞ-nin məsul növbətçisi, polis mayoru Şahid3 şahid qismində verdikləri izahatlarında işin müvafiq halları barədə Şəxs ilə eyni məzmunda izahat vermişlər. Azərbaycan Respublikası İXM-in: - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi: - məhkəmə iclasında və Füzuli RPŞ-də özünün verdiyi etirafedici izahatları ilə yanaşı, Şahid1, Şahid2, Şahid4 və Şahid3 şahid qismində verdikləri izahatları, iş materiallarında olan inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. - ictimai qaydanın pozulması və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olma ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-in: - 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. - 43-cü maddəsinə əsasən həmin Məcəllənin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxdığına, ən ciddi inzibati tənbeh növü olan inzibati həbs 535-ci maddənin sanksiyasında bir ayadək, 510-cu maddənin sanksiyasında isə on beş günədək müddətə nəzərdə tutulduğuna, beləliklə də, 535-ci maddədə nəzərdə tutulmuş inzibati xəta 510-cu maddədə nəzərdə tutulmuş inzibati xətadan daha ciddi olduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə, himayəsində bir nəfər azyaşlı uşağın olması və təqsirini etiraf etməsini isə həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığı, himayəsində bir nəfər azyaşlı uşağın olması və təqsirini etiraf etməsindan ibarət məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə hesab edir ki, iş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 14 oktyabr 2023-cü il tarixli, AZA seriyalı, 002590 nömrəli protokola əsasən Şəxs 14 oktyabr 2023-cü il tarixdə saat 16:00-da inzibati qaydada tutulduğu müəyyən edildiyinə görə həbs edilməsinin əvvəli həmin tarix və vaxtdan hesablanmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbs edilməsinin əvvəli inzibati qaydada tutulduğu 14 oktyabr 2023-cü il tarix, saat 16:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-589/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-589/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver