Məhkəmə qərarları › İş №3(064)-59/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-59/2024

25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-59/2024 25.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, Füzuli RPŞ-nin polis sahə rəisi polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN NHİX-nin 102 xidmətinə zəng edərək ölkə rəhbərinin ünvanına nalayiq söyüşlər söymüşdür. Apaşdırma ilə əlaqədaq olaraq Füzuli rayon polis şöbəsinə dəvət edilmiş və şöbənin inzibati binasında öz hərəkətlərini davam etdirərək onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında: Füzuli RPŞ-nin polis sahə rəisi polis kapitanı X3 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN NHİX-nin 102 xidmətinə bir neçə dəfə zəng edərək heç bir səbəb olmadan ölkə rəhbərinin ünvanına nalayiq söyüşlər söymüşdür. Apaşdırma ilə əlaqədaq olaraq o, Füzuli rayon polis şöbəsinə dəvət edilmiş, lakin şöbənin inzibati binasında öz hərəkətlərini davam etdirərək onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, Şəxs barəsində AR İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilərək bildirdi ki, o, ailəsi ilə birlikdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə DİN-in 102 zəng xidmətinə zəng edərək təxminən 1 ay qabaq Bakı şəhəri Suraxanı rayonu ərazisində aldığı “Prius” markalı avtomobil üçün 2000 manat pul ödədiyini, lakin həmin “Pirus” markalı avtomobilin ona verilməməsinə və araşdırmadan narazı olduğuna görə əsəbləşərək ölkə başçısının ünvanına və polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Hazırda əməlindən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil Şəxs əməllərində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və ona İXM-in 510-cu maddəsi ilə inzibati cərimə olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası DİN BCAİ tərəfindən Füzuli RPŞ-ə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Şəxs DİN-in “102” xidməti-zəng mərkəzinə zəng edərək ölkə rəhbərinin ünvanına təhqiredici ifadələr işlətmişdir. Füzuli rayon RPŞ İTB-nin XÜ baş inspektoru X4 rayon PŞ-nin rəisi polis polkovniki Zaur Abbasova ünvanladığı xx.xx.2024-cü il tarixli raportda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Füzuli RPŞ-də aparılan araşdırma ilə bağlı Şəxs RPŞ-ə dəvət olunmuş, sonuncu şöbənin inzibati binasında olarkən ona izahat verilməsi təklif olunduqda etdiyi əməlindən peşman olmadığını bildirərək polis əməkdaşları ilə mübahisə edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq inzibati xətasını törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, o, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin digər hallarını nəzərə alaraq Şəxs təqsirli bilindiyi İXM-in 510.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Şəxs heç bir səbəb olmadan bir neçə dəfə DİN-in “102” xidməti-zəng mərkəzinə zəng vuraraq dövlət orqanlarının rəhbərlərinin ünvanına nalayiq ifadələr işlətməsi onu deməyə əsas verir ki, o, hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, Şəxs barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Bununla yanaşı, məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama inzibati xətasının tərkib əlamətləri olmadığından bu maddə ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, qeyd olunan inzibati xətanın bilavasitə obyekti ictimai qaydanın mühafizəsi üzrə xidməti fəaliyyətlərini icra edən polis işçisinin normal fəaliyyətidir. Bu inzibati xəta obyektiv cəhətdən polis əməkdaşları ictimai qaydaların mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə tabe olmamada ifadə olunur. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olundu ki, Şəxs hadisə zamanı yalnız xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Odur ki, onun əməllərində AR İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş polisin qanuni tələbinə qəsdən tabe olmama inzibati xətasının tərkib əlamətləri olmadığından məhkəmə onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verməyi əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsində qeyd olunur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106- 115 və 510-ci maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5 (beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 15:35-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli RPŞ və Beyləqan RPŞ MSY-ə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar