Məhkəmə qərarları › İş №3(064)-6/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-6/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-6/2025 17.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə X1 AR ETSN 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 AR ETSN 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından şikayətlə Füzuli Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şikayət onunla əsaslandırılmışdır ki, E.Məmmədov 2024-cü ilin oktyabr ayından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətiər İdarəsinin əməkdaşları yaşadığı Füzuli rayon X6ində reyd keçirən zamanı onlara irad kimi bildirib ki, vətəndaşların şəxsi həyətində olan ağacların qurumuş budaqlarını kəsməsinə görə onlara cərimə yazmağınız qanuna zidd hərəkətdir. Yaranmış mübahisədən sonra yuxarıda adı qeyd olunan idarənin əməkdaşı Rüfət Salehli onun barəsində protokol tərtib edərək hansısa qurumuş ağacı kəsməkdə günahlandırıb. İlk öncə MN ******* saylı protokolla sonra isə 2024-cü ilin noyabr ayının 14-də ona poçt vasitəsiylə çatdırılan məktubdan məlum oldu ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla onu İXM-nin 253-1.2.2-ci maddəsiylə inzibati xəta törədməkdə təqsirli bilmişdir. Lakin o, hər hansı ağacı kəsmədiyini və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarının qanunsuz, əsassız və böhtan xarakterli olduğunu bildirmişdir. Qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və E.Məmmədova məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən E.Məmmədov ərizənin məzmununa uyğun izahat verərək heç bir ağac kəsmədiyini bildirmiş və AR ETSN 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən AR ETSN 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə izahat verərək bildirmişdir ki, E.Məmmədov tərəfindən qurumuş ağacın kəsilməsi təmsil etdiyi qurumun əməkdaşları tərəfindən görülməmiş və həmin hal vizual olaraq müəyyən edilmədiyi üçün bunu təsdiqləyən hər hansı bir sübutun Məhkəməyə təqdim edilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş: - AR ETSN 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, X2 İXM-nin 253-1.2.2-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (bir min) manat məbləğində cərimə olunmuşdur; - xx.xx.2024-cü il tarixli, 85265 saylı akt, həmin tarixli xidməti məruzə və fotoşəkillər əsasında müəyyən olunur ki, Hacıqabul-Mincivan magistral avtomobil yolunun Füzuli rayon, X6 ərazisindən keçən hissəsində, yolun sağ tərəfində fəaliyyət göstərən kafenin həyətində 1 ədəd qurumuş ərik ağacı d=40sm olan kök üstə boğazdan kəsilmişdir; - AR Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumat əsasında müəyyən olunur ki, Hacıqabul-Mincivan magistral avtomobil yolunun Füzuli rayon, X6 ərazisindən keçən hissəsində, yolun sağ tərəfində fəaliyyət göstərən kafenin həyətində “LukOil” yanacaqdoldurma məntəqəsinin sol tərəfində kəsilmiş ağacın yerləşdiyi yer dövlət mülkiyyətinə aiddir və X6 sakini X1 istifadəsindədir; - Füzuli Rayon İHB X6 İƏD tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayış əsasında müəyyən edilir ki, Füzuli rayonu, X6 ərazisində qurumuş meyvə ağacı külək əsməsi nəticəsində aşaraq yolu bağlamış və ağac doğranaraq ərazi təmizlənmişdir. Məhkəmə icraat materialları üzrə hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.5-ci maddəsinə görə inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X1 İXMin 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmasına dair AR ETSN 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Məhkəmə tərəfindən müəyyən olunur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv edilmişdir. Buna görə də inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 128, 129, 130-135-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Şikayət təmin edilsin. AR ETSN 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə verilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv olunsun və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar