Məhkəmə qərarları › İş №3(064)-60/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-60/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-60/2025 24.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq MÜƏYYƏN ETDİ: Füzuli RPŞ-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş digər sənədlərlə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirdi ki, əvvəllər Füzuli Rayon Qeydiyyat Şöbəsində könüllü kimi işə başlamışdır. Həmin dövr ərzində Elçin bəyin onun işi öyrənməyində böyük rolu olmuşdur. Lakin sonradan rəsmi olaraq işə başladığı dövrdə Elçin bəyin ona qarşı qərəzli münasibəti yaranmış, Şöbədə baş verən xoşagəlməz hallarda onu səbəbkar bilmişdir. Elçin bəyin otağında bu mövzunu müzakirə edərkən danışıq tərzi və s. digər hallar vəziyyəti daha da gərginləşdirmiş və nəticədə özünümüdafiə məqsədilə printeri sındırmışdır. Printeri sındırmasını etiraf edir və dəymiş 47 manat məbləğində vəsaiti tamamilə ödəmişdir. Lakin qapını o sındırmamışdır. Bununla bağlı heç bir sübutu yoxdur. Zərərçəkmiş şəxs Füzuli Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X3 məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, qarşı tərəfdən heç bir şikayət və tələbinin, həmçinin iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə protokol tərtib edən şəxsə və şahidə lazımi məlumatlar verilməsinə baxmayaraq onlar iclasa gəlməmiş, gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında müəyyən olunur ki, Şəxs Füzuli Rayon Qeydiyyat Şöbəsinin inzibati binasında xx.xx.2024cü il tarixdə onun balansında olan 1 ədəd “HP LaserJet M1120” markalı printerin şüşəsini sındırmaqla 42 manat və xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Füzuli Rayon Qeydiyyat Şöbəsinin inzibati binasının giriş qapısına zor tətbiq edərək sındırmaqla 5 manat, ümumilikdə 47 manat məbləğində maddi ziyan vurmuşdur. - xx.xx.2024-cü il tarixli, 81 saylı qiymətləndirmə arayışı əsasında müəyyən olunur ki, protokolda qeyd olunan “HP LaserJet M1120” markalı printerin şüşəsi (bərpa dəyəri ilə birlikdə) və plastik qapı ilməyinin 2024-cü il oktyabr ayına orta bazar qiyməti cəmi 47 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar əsasında müəyyən olunur ki, Şəxs əməlində AR CM-nin 186.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. - 14298 saylı qəbzin surəti əsasında müəyyən olunur ki, Şəxs dəymiş 47 manat məbləğində maddi ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 38.3-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında qeyd olunur: “Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur.” Məhkəmə, tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən, yəni 2024-cü ilin oktyabr ayından 3 aydan artıq müddət keçdiyindən Şəxs barəsində inzibati tənbeh verilə bilməz. Beləliklə, Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar