Məhkəmə qərarları › İş №3(064)-606/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-606/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-606/2025 14.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Füzuli Rayon Polis Şöbəsinin Yol patrul xidmətinin (bundan sonra – Füzuli RPŞ YPX) baş inspektoru, polis kapitanı X1, iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, İmişli şəhəri, 20 yanvar küçəsi ev 34-də qeydiyyatda olmaqla, hazırda həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli RPŞ YPX-nin polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:10-da “VAZ 21074 minik” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobili Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də Füzuli RPŞ-nin YPX-nin inspektoru, polis kapitanı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin YPX-nin inspektoru, polis kapitanı X3 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, sürücülük vəsiqəsi olmadığına görə nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını bilir. xx.xx.2025-ci il tarixdə saat 01:10 radələrində etibarnəmə ilə ona məxsus olan 99NG436 dövlət qeydiyyat nişanlı Vaz-21074 markalı avtomobillə Füzuli rayon Əhmədbəyli kənd ərazisində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn 10CM545 dövlət qeydiyyat nişanlı Kamaz 6520 markalı yük avtomobilin yoluna çıxmış və onunla toqquşub ona maddi ziyan vurmuşdur. Hadisə vaxtı hər iki avtomobilə maddi ziyan dəymişdir. Hadisə vaxtı maşında tək olmuş, heç bir bədən xəsarəti almamış, spirtli içki qəbul etmişdir. Həmçinin hadisə vaxtı sürücülük hüququ, yəni sürücülük vəsiqəsi olmamışdır. Onun törətdiyi əməldən səmimi peşmanlığını, İkinci Qarabağ müharibəsindəki fəal iştirakını və buna görə medallarla təltif olunmasını, himayəsində 2 azyaşlı uşağının olmasını və 2-ci qrup əlilliyinin müəyyən edilməsini nəzərə alaraq barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil bildirmişdir ki, müdafiə etdiyi şəxs hazırda əməlini etiraf edir, əməlindən səmimi peşmandır. Ona görə də onun barəsində cərimə növündə inzibati tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” xx.xx.2025-ci il tarixli protokol və ona əlavə edilmiş qəbzdən görünür ki, Şəxs “alkotestr” vasitəsilə müayinə edilməsi zamanı qanında alkoqolun konsentrasiyasının 1,704 promilli olması müəyyən edilmiş, sonuncu həmin nəticə ilə razılaşaraq həkim müayinəsindən keçməkdən imtina etmişdir. Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 334.3-ci maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokol, ona əlavə edilmiş qəbz və digər sənədlərlə tam sübuta yetirilmişdir. -Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-in: -43-cü maddəsinə əsasən həmin Məcəllənin 334-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. İş materiallarında olan: -Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Şəxs İkinci Qarabağ müharibəsindəki fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə“, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs ona əlilliyə görə 2-ci qrup müəyyən edilmişdir. Məhkəmə Şəxs səmimi peşmanlığını, 2-ci qurup və 3-cü qurup əlil olmasını, himayəsində az yaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi, həmin Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi, şəxsiyyəti, əmlak vəziyyətini, səmimi peşmanlıq keçirməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, 2-ci qrup əlilliyinin müəyyən edilməsini və İkinci Qarabağ müharibəsindəki fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə“, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsindən ibarət məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində həmin Məcəllənin 334.3-cü maddəsi ilə 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 31-33, 106-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 800 (səkkiz yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar