Məhkəmə qərarları › İş №3(064)-609/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-609/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-609/2025 14.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ-nin polis sahə rəisi polis leytenatı Babaşlı Sənan Ağasəlim oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1966-cı ildə Xocavənd rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Füzuli rayonu, Yuxarı Veysəlli kəndində qeydiyyatda olan, Füzuli rayonu 1 saylı Zobcuq qəsəbəsi, ev 188-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Füzuli Rayon Polis şöbəsinin sahə rəisi, polis kapitanı Babaşlı Sənan Ağasəlim oğlu tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Füzuli Rayon Polis şöbəsinin sahə rəisi, polis leytenatı Babaşlı Sənan Ağasəlim oğlu inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə əvvəllər dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq xüsusi icazəsi olmadan postdan kənar alternativ yollarla işğaldan azad olunmuş ərazilərə keçərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan mübahisə yaranan zaman orada nə o özü, nə də hər hansı polis əməkdaşı olmuşdur. Qeyd olunan mübahisə barədə sonradan şahid qismində dindirilmiş Şahid polisə məlumat vermiş və o, inzibati xətanın törədilməsi barədə protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Həmçinin Şahid tərəfindən qeydə alınmış videogörüntülərdə həmin ərazinin işğaldan yeni azad olunmuş, yəni ora getmək üçün xüsusi icazənin tələb olunduğu yer olmasını müəyyən etmək olmur. O, Şahid tərəfindən qeydə alınmış videogörüntülərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi barədə protokol tərtib etmişdir. O, inzibati xəta haqqında protokolu müdafiə edərək şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, 12 avqust 2025-ci il tarixdə saat 15 radələrində öz maşını ilə Füzuli rayonu Alxanlı kəndi ərazisində yerləşən Şıxəli restoranının yanındakı bulaqdan su içməyə gələn zaman restoranın üst tərəfində tanımadığı şəxs yanında 4 ədəd dəmir reşotka (barmaqlıq) ilə dayanmışdı. Həmin şəxslə söhbət zamanı ona aydın olmuşdur ki, sonuncu həmin barmaqlıqları satır. O, dəmir barmaqlıqları almaq barədə həmin şəxslə razılığa gəldikdən sonra ona 100 manat pulu vermiş, o, həmin dəmirləri avtomobilinə yığmaq üçün kəsməyə başlamış və satıcı isə oradan uzaqlaşmışdır. Bu vaxt içkili vəziyyətdə olan 3 nəfər tanımadığı şəxs ona yaxınlaşmış, onlardan bir nəfər ona nə etdiyini, bu barmaqlıqların qəbirstanlığa aid olduğunu demişdir. Daha sonra onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. O, heç bir cavab verməmişdir. Həmin şəxs daha sonra cibindən mobil telefonunu çıxararaq onu çəkməyə başlamışdır. Çəkiliş etdikdən sonra yanında olan iki nəfər həmin şəxsi oradan uzaqlaşdırmışlar. O, da dəmir barmaqlıqları orada qoyub çıxıb getmişdir. Həmçinin qeyd etmişdir ki, həmin əraziyə giriş üçün xüsusi icazə tələb olunmur. Belə ki, həmin ərazi işğalda olmamışdır. Eyni zamanda bildirmişdir ki, qeyd olunan mübahisə yaranan zaman orada hər hansı polis əməkdaşı olmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid qeyd etmişdir ki, Füzuli rayonu Qacar kəndi ərazisində fermer təsərrüfatı ilə məşğuldur. 12 avqust 2025-ci il tarixdə günorta nahar etdikdən sonra heyvanların olmadığını görmüşdür. Yanında olan dostu Salman və əmisi nəvəsi Namiqlə birlikdə Namiqin idarə etdiyi maşınla heyvanları axtarmağa başlamışdır. Qacar kəndi ərazisində heyvanları axtaran zaman saat 15 radələrində Molla bağı adlanan əraziyə maşın izi düşdüyünü görmüş və Namiqə maşını ora sürməsini demişdir. Molla bağına çatan zaman bağın içərisində ağacların arasında VAZ 21011 markalı maşının dayandığını görmüşdür. Maşın görünməsin deyə ön hissəsinə dəmir reşotka (barmaqlıq) qoyulmuşdur. Maşından düşüb o tərəfə getmiş və bir nəfər tanımadığı şəxsin maşında oturduğunu və sonradan adının Niyaz olduğunu öyrəndiyi şəxsin maşının arxasında qəbirstanlığa aid olan dəmir barmaqlıqları laqonda ilə kəsdiyini görmüşdür. O, kim olduğunu, burada nə iş gördüyünü, dəmir barmaqlıqları niyə kəsdiyini soruşmuşdur. O, dəfələrlə çıxıb getməsini demiş, lakin sonuncu kəsdiyi dəmirləri aparacağını demişdir. Bu vaxt o, cibindən mobil telefonunu çıxarıb onu çəkməyə başlamış və polisə məlumat verəcəyini bildirmişdir. Bu zaman maşında oturan şəxs ona yaxınlaşaraq ona əl qol ataraq çəkiliş etməyinə mane olmuşdur. O, yenə onlara çıxıb getmələrini, getməyəcəyi halda polisə məlumat verəcəyini demişdir. Yanında olan dostu Salman və əmisi nəvəsi Namiq onu oradan uzaqlaşdırmış və o, bu barədə ərazi üzrə polis sahə rəisinə məlumat vermiş və çəkdiyi çəkilişi də təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, qeyd olunan mübahisə yaranan zaman orada hər hansı polis əməkdaşı olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil bildirmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilsə də, həmin maddəyə əsasən polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmama halı yoxdur. Belə ki, mübahisə yaranan zaman həmin ərazidə polis işçisi olmamışdır. Bunları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati protokol tərtib edən şəxsin və şahidin məhkəmə iclasında izahatlarını və iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırkı iş üzrə inzibati xətanın olub-olmamasının və inzibati xəta törədən şəxsin təqsirinin müəyyən edilməsi üçün maddi sübutlar - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, inzibati xəta haqqında protokol və raportdur. Azərbaycan Respublikası İXM-nin 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan suiistifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı eyni zamanda protokola əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatlardan müəyyən edilmişdir ki, Şəxs Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının hansı qanuni tələblərinə tabe olmaması müəyyən edilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə prosesi zamanı onun tərəfindən polis əməkdaşlarının hər hansı bir qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı halın mövcud olmadığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dispozisiyasına əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddənin tərkibini yaradır. Lakin iş materiallarından və proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarından Şəxs polis əməkdaşlarının hansı qanuni tələblərinə qəsdən tabe olmadığı müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməmiş, protokol tərtib etmiş şəxs Füzuli Rayon Polis şöbəsinin sahə rəisi, polis kapitanı Babaşlı Sənan Ağasəlim oğlu, Şəxs hansı qanuni tələblərinə qəsdən tabe olmadığını göstərə bilməmiş, qeyd olunan hal məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Məhkəmə iclasında araşdırılan mövcud sübutlara məcmu halında qiymət verərək hesab edir ki, həmin sübutlar Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasına görə təqsirli olması qənaətinə gəlməsi üçün kifayət etmir. Beləliklə, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,105, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar