Məhkəmə qərarları › İş №3(064)-624/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-624/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-624/2025 19.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ-nin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Füzuli rayonu, Dövlətyarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Füzuli rayonu, Dövlətyarlı kəndində qeydiyyatda olmaqla, hazırda Füzuli rayonu, Fin qəsəbəsi, ev 38-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2025-ci il tarixdə keçmiş həyat yoldaşı Nəbiyev X2 rayonu, 95 Evlik Fin qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruq vuraraq ona dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi X4 xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək onun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, 2015-ci ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuş və həmin nikahdan 4 uşağı var. 2025-ci ilin mart ayında onlar ayrılmışlar. Bildirir ki, xx.xx.2025-ci il tarixdə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ona zəng vuraraq qızı Şəhanənin xəstələndiyini və Bakı şəhərinə aparmalı olduğunu bildirmiş, daha sonra oda Biləsuvar rayonuna keçmiş həyat yoldaşı Şəmsiyyənin evinə getmiş və qızı Şəhanəni götürərək Bakı şəhərinə getmişlər. Orda 20 yanvarda yerləşən Topçubaşov adına xəstəxanaya aparmışdır. xx.xx.2025-ci il tarixdə 20 yanvar metrosunun yanında Füzuliyə gedən taksilərinə minmiş və əvvəllər yaşadıqları Füzuli rayon, 95 evlik Fin qəsəbəsinə gəlmişlər. Daha sonra onunla evdə oturmuş və çay içmiş, bundan sonra keçmiş qayınanası qıza zəng vuraraq evə gəlməsini bidirdikdə, Şəmsiyyə ilə aralarında mübahisə baş vermiş, daha sonra o əsəbləşərək evi tərk etmişdir. Sonuncu isə onların üzbəüz qonşusuna getmişdir. O, mübahisə zamanı Şəmsiyyəni döyməmiş və ona xəsarət yetirmədiyini bildirmişdir. Bundan başqa bildirmişdir ki, əvvəllər də keçmiş arvadı ilə mübahisələri olurdu. Dəfələrlə aralarında mübahisələr olduğundan polis şöbəsində araşdırmalar aparılmışdır. Keçən il, 2024-cü ilin avqust ayının 5-də keçmiş qaynanası və qaynatası ilə onun arasında mübahisə baş vermiş, barəsində protokol tərtib edilmiş və o, Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətinə inzibati həbs olunmuşdur. Qeyd edilənləri nəzərə alıb hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, 2015-ci ildə Şəxs Firuddin oğlu ilə ailə qurmuş və həmin nikahdan 4 uşağı var. 2025-ci ilin mart ayından o əri ilə ayrılmış və hazırda Biləsuvar rayonu Səmədabad kəndində valideynləri ilə birgə yaşayır. Təxminən 3 gün bundan əvvəl keçmiş həyat yoldaşı Fuad ona telefon vasitəsilə zəng vuraraq 7 yaşlı övladı Nəbiyeva Şəhanənin xəstələndiyini və Bakı şəhərinə aparılmalı olduğunu bildirmiş və həmin gün Fuad yaşadığı Biləsuvar rayon, Səmədabad kəndinə gəlmiş, onları Bakı şəhərinə aparmışdır. xx.xx.2025ci il tarixdə övladı müalicə alandan sonra Biləsuvara qayıtmaq üçün 20 yanvar metrosunun yanına getmiş, lakin Biləsuvara gedən maşın olmadığı üçün məcbur qalaraq keçmiş əri Fuadla birgə əvvəllər yaşadığı Füzuli rayon, 95 evlik Fin qəsəbəsinə gəlmişdir. Daha sonra evə çatan kimi Fuad ona evdə olan əmlaklarını çölə tökməyini tələb etmiş, sonuncu isə bunu təkbaşına edə bilməyəcəyini bildirdikdə isə əsəbləşmiş və onun əlindən tutaraq yerə yıxmış, həmin an onun başı daşa dəymiş, bundan sonra qaçan zaman saçından tutaraq təkrar onu yerə yıxmış və sonuncu təkrar yerdən qalxaraq qonşuya qaçmış və bu barədə DİN-in 102 zəng xidmətinə zəng vuraraq məlumat bildirmişdir. O, həmçinin bildirmişdir ki, onların arasında tez-tez bu kimi hallar baş vermiş, müxtəlif zamanlarda Şəxs ona bədən xəsarətləri yetirmiş, bununla bağlı dəfələrlə polis şöbəsində araşdırmalar aparılmış, həmçinin münaqişəli ailə kimi şöbədə qeydiyyatdadır. Keçmiş əri Şəxs tərəfindən döyülməsi birinci hal olmadığından, həmçinin Şəxs ilə barışmadığından onun barəsində həbslə bağlı inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil bildirmişdir ki, Şəxs mübahisə zamanı Şəmsiyyəni döyməmiş və ona xəsarət yetirmədiyini bildirmişdir.Həmçinin polis tərəfindən düzgün araşdırılma aparılmadığından şəxsin barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs üz nahiyyəsinə dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirən Şəxs Firuddin oğlunun əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs Firuddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci naddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul olunmuş qərarın surətinin aidiyyəti üzrə Füzuli rayon X3 Təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş digər sənədlərlə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 192/25 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyinin nəticəsi hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs alt dodağının selikli qişasında qansızma aşkar olunmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixində yumruq zərbəsinin təsiri nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi izahatı ilə yanaşı, Zərərçəkmiş şəxs verdiyi izahatı, xx.xx.2025-ci il tarixli, 192/25 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmadığını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar