Məhkəmə qərarları › İş №3(064)-676/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-676/2023

21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-676/2023 21.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, tələbkar Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş 21 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli RİPŞ-nin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 21 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda Şəxs Füzuli Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(064)- 782/2018 nömrəli və 21 fevral 2019-cu il tarixli, 2(064)-48/2019 nömrəli qətnamələri əsasında verilmiş icra sənədlərini üzrsüz səbəbdən icra etmədiyi göstərilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, Füzuli Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(064)-782/2018 nömrəli qətnaməsi üzrə 14 avqust 2018-ci il tarixdə verilmiş icra sənədinə əsasən Şəxs 2063 manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs2, Füzuli Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(064)-48/2019 nömrəli qətnaməsi üzrə 28 mart 2019-cu il tarixdə verilmiş icra sənədinə əsasən Şəxs (bundan sonra - borclu) 228 manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs1 ödənilməlidir. Həmin icra sənədləri üzrə müvafiq olaraq 03 sentyabr 2018 və 09 aprel 2019-cu il tarixlərdə icraata başlamaq haqqında qərarlar qəbul etmiş, qərarların surətlərini və tələbin könüllü icrası haqqında bildirişləri borclunun yaşadığı ünvana göndərmişdir. 03 may 2019-cu il tarixli qərarı ilə həmin icra sənədlərini bir icraatda birləşdirmişdir. Borclu onun dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, müvafiq icra sənədləri üzrə tələbkar Zərərçəkmiş şəxs2 399 manat ödəsə də, ödəməli olduğu pul məbləğinin 1892 manat hissəsini ödəməmiş, tələbkar Zərərçəkmiş şəxs1 isə ödəməli olduğu 228 manat məbləğində pulu ödəməmişdir. Borclunu həmin icra sənədlərini icra etməməsinin səbəbləri ilə bağlı izahat vermək üçün istifadəsində olan mobil nömrəyə dəfələrlə mesaj göndərməklə Füzuli RİPŞ-yə dəvət etsə də, borclu Füzuli RİPŞ-yə gəlməmişdir. Buna görə də borclu 21 noyabr 2023-cü il tarixdə Füzuli Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərarı əsasında Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Füzuli RİPŞ-yə məcburi gətirilmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına daşınar və ya daşınmaz əmlak (və ya əmlaklar), eləcə də real gəlir və ya qazanc yeri aşkar olunmamışdır. Buna görə də həmin icra sənədləri üzrə tələbləri borclunun əmlakına və ya gəlirinə yönəldə bilməmişdir. Göstərdiklərinə əsasən 21 noyabr 2023-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Borclu ilə tələbkarlar borclunun tələbkar Zərərçəkmiş şəxs2 qalan borcunu hər ay 100 manat, tələbkar Zərərçəkmiş şəxs1 olan borcunu isə hər ay 50 manat məbləğində pul verməklə ödəyəcəyi barədə razılaşmışlar. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs2 verdiyi izahatında göstərmişdir ki, hazırda Şəxs ilə sonuncunun ona qalan 1892 manat məbləğində borcunu hər ay 100 manat məbləğində pul verməklə ödəyəcəyi barədə razılaşmışlar. Buna görə də Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, işləməməsi və ailəsinin maddi vəziyyətinin zəif olması səbəbindən hazırki icra sənədləri üzrə tələbkarlar Zərərçəkmiş şəxs2 1892 manat, Zərərçəkmiş şəxs1 isə 228 manat məbləğində borcunu ödəyə bilməmişdir. Hazırda o, Zərərçəkmiş şəxs2 olan borcunu hər ay 100 manat, Zərərçəkmiş şəxs1 olan borcunu isə hər ay 50 manat məbləğində pul verməklə ödəyəcəyi barədə tələbkarlarla razılaşmışdır. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə bu baxımdan, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Əvvəla, məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında Füzuli RİPŞ-nin icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında Füzuli Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(064)-782/2018 nömrəli və 21 fevral 2019-cu il tarixli, 2(064)-48/2019 nömrəli qətnamələri üzrə verilmiş icra sənədlərinin məzmunu, onlar üzrə edilmiş icra hərəkətləri və onların nəticəsi barədə göstərdiyi halların iş materiallarında eyni məzmunda öz əksini tapdığını müəyyən edir, buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Qeyd olunanlara əsasən iş üzrə Şəxs Füzuli Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(064)-782/2018 nömrəli və 21 fevral 2019-cu il tarixli, 2(064)-48/2019 nömrəli qətnamələri üzrə verilmiş icra sənədlərini tam icra etməməsinin üzrsüz səbəbdən olubolmamasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədlər və Füzuli RİPŞ-nin icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatı əsasında müəyyən etmişdir ki, göstərilən icra sənədləri üzrə aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs adına daşınar və ya daşınmaz əmlak (və ya əmlaklar), eləcə də real gəlir və ya qazanc yeri aşkar olunmamışdır. Buna görə də icra məmuru həmin icra sənədləri üzrə tələbləri borclu Şəxs əmlakına və ya gəlirinə yönəldə bilməmişdir. Bundan əlavə, iş materialları ilə müəyyən edilir ki, Şəxs evlidir, nikahından doğulmuş dörd uşağından biri azyaşlı, ikisi yetkinlik yaşına çatmamış, biri isə yetkinlik yaşına çatmışdır. Azərbaycan Respublikası İXM-in: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iş materiallarında Şəxs Füzuli Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(064)-782/2018 nömrəli və 21 fevral 2019-cu il tarixli, 2(064)-48/2019 nömrəli qətnamələri üzrə verilmiş icra sənədlərini tam olaraq icra etməməsinin üzrsüz səbəbdən olmasına dair konkret sübut yoxdur. Buna görə də həmin hal iş materialları ilə sübut edilmir. Bu səbəbdən həmin halın mövcud olması barədə şübhələr olsa belə, Şəxs xeyrinə həll edilməlidir. Beləliklə, iş materialları əsasında belə nəticəyə gəlinir ki, Şəxs göstərilən icra sənədlərini üzrsüz səbəbdən deyil, işləməməsi, arvadı və dörd nəfər uşağından ibarət ailəsinin maddi vəziyyətinin zəif olması səbəbindən tam icra edə bilməmişdir. Azərbaycan Respublikası İXM-in: - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsassən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə yuxarıda göstərdiyi işin müəyyən edilmiş hallarına və onlara tətbiq edilməli olan qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri olmadığına görə sonuncu barəsində tərtib edilmiş 21 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 3, 8, 53.0.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində tərtib edilmiş 21 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar