Məhkəmə qərarları › İş №3(064)-677/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-677/2023

22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-677/2023 22.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, Füzuli RPŞ-nin polis sahə rəisi polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Füzuli rayonu, Kürdmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Füzuli RPŞ-nin inizbati binasında uca səslə nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və bu zaman onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Füzuli RPŞ-nin polis sahə rəisi polis baş leytenantı X2 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Füzuli RPŞ-nin inizbati binasında uca səslə nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş bu zaman onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, barəsində AR İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilərək bildirdi ki, xx.xx.2023cü il tarixdə saat 11 radələrində Füzuli RPŞ-nin inzibati binasında olarkən həmin vaxt polis işçisi İlqar adlı şəxs onun ünvanına nalayiq ifadələr işlətdiyindən o, da əsəbləşərək polis işçisini soymüşdür. Hazırda əməlindən peşmandır. Füzuli rayon RPŞ İTB-nin baş inspektoru polis leytenantı Xanaslan Ağakişiyev bildirdi ki, Füzuli rayon PŞ-nin rəisi Z.Abbasova ünvanladığı raportunda göstərdiyi kimi Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Füzuli RPŞ-nin inizbati binasında uca səslə nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və bu zaman onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdiraraq belə qənaətə gəlir ki, tədqiq olunmuş sübutlarla Şəxs AR İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs qeyd olunan maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Bununla yanaşı, məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama inzibati xətasının tərkib əlamətləri olmadığından bu maddə ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, qeyd olunan inzibati xətanın bilavasitə obyekti ictimai qaydanın mühafizəsi üzrə xidməti fəaliyyətlərini icra edən polis işçisinin normal fəaliyyətidir. Bu inzibati xəta obyektiv cəhətdən polis işçiləri ictimai qaydaların mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə tabe olmamada ifadə olunur. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olundu ki, Şəxs polis şöbəsində xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Odur ki, onun əməllərində AR İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş polisin qanuni tələbinə qəsdən tabe olmama inzibati xətasının tərkib əlamətləri olmadığından məhkəmə onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verməyi əsaslı hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsini müzakirə edərkən onun yaşını və səhhətini nəzərə alaraq ona inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Odur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-35, 510-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 70 (yetmiş) manat inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar