Məhkəmə qərarları › İş №3(064)-695/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-695/2023

23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-695/2023 23.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyev Taleh Ramiz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ-nin polis sahə rəisi, polis kapitanı Mahir Abbasovun, barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zülfüqar oğlunun, müdafiəçi Vəkil iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan və həmin ünvanında yaşayan Şəxs Zülfüqar oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 206-cı maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra - Füzuli RPŞ) daxil olmuş 23 noyabr 2023cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Zülfüqar oğlu 02 noyabr 2023-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,46 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı (bundan sonra – qurudulmuş marixuana) şəxsi istehlak miqdarında əldə etmiş, daşımışdır. Həmin kütlə 02 noyabr 2023-cü il tarixdə sonuncunun üzərinə Füzuli RPŞ-də baxış keçirilən zaman şalvarının sol ön cibindən aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Buna görə də Füzuli RPŞ-nin polis sahə rəisi, polis kapitanı Mahir Abbasov tərəfindən Şəxs Zülfüqar oğlunun Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 23 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə sonuncunun Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iş üzrə inzibati xəta haqqında protokol tərtib edən RPŞ-nin polis sahə rəisi, polis kapitanı Mahir Abbasov bildirdi ki, 02 noyabr 2023-cü il tarixdə rayon ərazisində baş vermiş oğurluq hadisəsini törətməkdə şübhə doğurduğundan Şəxs Zülfüqar oğlunun üzərinə Füzuli RPŞ-də baxış keçirilən zaman şalvarının sol ön cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,46 qram təşkil edən, yəni şəxsi istehlak miqdarında qurudulmuş marixuana aşkar edildiyinə görə sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zülfüqar oğlu verdiyi izahatında göstərmişdir ki, 02 noyabr 2023-cü il tarixdə üzərinə Füzuli RPŞ-də baxış keçirilən zaman şalvarının sol qabaq cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,46 qram təşkil edən qurudulmuş marixuananı yaşadığı evin həyətində olan narkotik tərkibli bitkidən yığıb şəxsi istifadə üçün hazırlamışdır. Törətdiyi həmin əməldən səmimi peşimandır. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - “şəxsi axtarışın aparılması” haqqında xx.xx.2023-cü il tarixli protokolda göstərilmişdir ki, həmin tarixdə Şəxs Zülfüqar oğlunun üzərinə Füzuli RPŞ-də baxış keçirilən zaman şalvarının sol ön cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,46 qram təşkil edən, yəni şəxsi istehlak miqdarında qurudulmuş marixuana aşkar edilmişdir. - məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli , 18/1037 nömrəli rəyində göstərilmişdir ki, üzərində “Şəxs Zülfüqar oğlunun üzərinə...” sözü yazılmış zərfdəki bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,46 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə Şəxs Zülfüqar oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə edilməsinə, daşınmasına görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs Zülfüqar oğlunun iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edildiyi göstərilmiş sənədlərlə tam sübuta yetirilmişdir. - əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə Şəxs Zülfüqar oğlu həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs Zülfüqar oğlunun səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs Zülfüqar oğlunun törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi, onun şəxsiyyəti, əmlak vəziyyəti, törətdiyi əməldən səmimi peşmançılıq keçirməsindən ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Zülfüqar oğlu Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar