Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-70/2023 03.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi X sədrliyi, məhkəmə iclasının katibi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 430.4-cü maddəsi ilə tərtib edilmiş 15 fevral 2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş 15 fevral 2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 26 yanvar 2021-ci il tarixdə 21000,00 ABŞ dolları məbləğində pulu xaricə köçürməsindən 2 il müddət keçsə də, həmin pul məbləği hesabına aldığı malları (xidməti) Azərbaycan Respublikasına idxal etməmiş və ya həmin pul məbləğini geri qaytarmamışdır. Göstərilən xəta 27 yanvar 2023-cü il tarixdə Şəxs MMC-nin hüquqi ünvanının yerləşdiyi Füzuli rayonu, “Fin quraşdırma evləri” adlanan ünvanda törədilmişdir. Buna görə də Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən həmin inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Şəxs MMC 14 yanvar 2021-ci il tarixdə “Kamilhan Lojistik DİS TİC LTD STİ” ilə bağladığı müqaviləyə əsasən sifariş verdiyi silis qumuna görə 26 yanvar 2021-ci il tarixdə “Bank VTB (Azərbaycan)” ASC-də olan bank hesabından “Kamilhan Lojistik DİS TİC LTD STİ”-nin “X5 Bankası A.S.” də olan bank hesabına 21000,00 ABŞ dolları məbləğində pul köçürmüş, həmin müqavilə üzrə 29 və 30 yanvar 2021-ci il tarixlərdə “Kamilhan Lojistik DİS TİC LTD STİ” tərəfindən cəmi dörd ədəd yük avtomobilində göndərilmiş 23514,00 ABŞ dolları dəyərində silis qumunu Azərbaycan Respublikasına idxal etmiş, bu barədə gömrük bəyannamələrini “Bank VTB (Azərbaycan)” ASC-yə təqdim etmişdir. Beləliklə, iş üzrə Şəxs MMC-yə münasibətdə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xətadır. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli, 45/1 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göstərilən qanunvericilik normalarının məzmunundan görünür ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, həmin ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətini yaradır. Məhkəmə iş materiallarına əlavə edilmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş sənədlər əsasında müəyyən etmişdir ki,: - Şəxs MMC 14 yanvar 2021-ci il tarixdə “Kamilhan Lojistik DİS TİC LTD STİ” ilə bağladığı müqaviləyə əsasən sifariş verdiyi mala görə 26 yanvar 2021-ci il tarixdə “Bank VTB (Azərbaycan)” ASC-də olan bank hesabından “Kamilhan Lojistik DİS TİC LTD STİ”nin “X5 Bankası A.S.” də olan bank hesabına 21000,00 ABŞ dolları məbləğində pul köçürmüşdür (14 yanvar 2021-ci il tarixli müqavilənin surəti və “Bank VTB (Azərbaycan)” ASC-nin 31 yanvar 2023-cü il tarixli məktubuna əsasən). - Şəxs MMC göstərilən müqavilə üzrə 29 və 30 yanvar 2021-ci il tarixlərdə “Kamilhan Lojistik DİS TİC LTD STİ” tərəfindən cəmi dörd ədəd yük avtomobilində göndərilmiş 23514,00 ABŞ dolları dəyərində silis qumunu Azərbaycan Respublikasına idxal etmişdir (İran İslam Respublikasının “X7 Savalan” şirkəti tərəfindən verilmiş “Beynəlxalq faktura”-lar, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq edilmiş 29 və 30 yanvar 2021-ci il tarixli cəmi dörd ədəd gömrük bəyannamələrinin surətlərinə əsasən). Azərbaycan Respublikası İXM-in: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 53.1.2. inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, tam, hərtərəfli və qərəzsiz qiymət verərək, eləcə də yuxarıda göstərilən, bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən qanunvericilik normaları və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Şəxs MMC 26 yanvar 2021-ci il tarixdə “Bank VTB (Azərbaycan)” ASC-də olan bank hesabından “Kamilhan Lojistik DİS TİC LTD STİ”-nin “X5 Bankası A.S.” də olan bank hesabına köçürdüyü 21000,00 ABŞ dolları məbləğində pul müqabilində 29 və 30 yanvar 2021-ci il tarixlərdə sonuncu şirkət tərəfindən göndərilmiş cəmi 23514,00 ABŞ dolları dəyərində olan silis qumunu Azərbaycan Respublikasına idxal etdiyinə görə Şəxs MMCnin əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti yaranmamışdır. Bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməzdi, hazırki iş üzrə başlanmış icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 3, 8, 53.1.2, 114.2.1, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 15 fevral 2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs MMC həmin inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-70/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-70/2023
03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver