Məhkəmə qərarları › İş №3(064)-705/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-705/2025

10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-705/2025 10.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X1, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixində Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra–Füzuli RİP) daxil olmuş xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Füzuli rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 18 aprel 2025-ci il tarixli MN № ******* nömrəli qərarına əsasən borclu Şəxs 7000 (yeddi min) manat məbləğində inzibati cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* nömrəli, 10 mart 2025-ci il tarixli qərarına əsasən borclu Şəxs 5000 (beş min) manat məbləğində inzibati cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. İcra vərəqələri icraata qəbul edilmiş, icraata başlamaq haqqında qərar tələbkara və tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmən təqdim edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən ümumi icraatda birləşdirilmişdir. Borcun ödənilməsilə əlaqədar borclu Şəxs şifahi və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, borcundan heç bir ödəniş etməmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs alınmış izahatda o, hazırda icra vərəqəsi üzrə tələbkara olan borcundan heç bir ödəniş ödəyə bilməyəcəyini bildirmişdir. İcra müddətindən xeyli vaxt keçmişdir. Məhkəmə iclasında: Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vəfa Ələkbərov bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 18 aprel 2025-ci il tarixli MN № ******* nömrəli qərarına əsasən 7000 (yeddi min) manat və MN ******* nömrəli, 10 mart 2025-ci il tarixli qərarına əsasən isə 5000 (beş min) manat məbləğində inzibati cərimə borcu olmaqla, cəmi 12000 (on iki min) manat pul borclu Şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şəxs dəfələrlə bu barədə xəbərdarlıqlar olunsa da o, həmin cərimələri ödəməmişdir. Ona görə də, onun tərəfindən Şəxs barəsində 529.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokollardan xəbərdar olduğunu, bununla bağlı dəfələrlə icra şöbəsinə çağrıldığını bildirmişdir. Lakin cərimələri maddi imkanı olmadığına görə ödəyə bilmədiyini, heç bir yerdə işləmədiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* nömrəli, 18 aprel 2025-ci il tarixli qərarına əsasən borclu Şəxs 7000 (yeddi min) manat məbləğində inzibati cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* nömrəli, 10 mart 2025-ci il tarixli qərarına əsasən borclu Şəxs 5000 (beş min) manat məbləğində inzibati cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. -xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MN ******* nömrəli, 18 aprel 2025-ci il tarixli və MN ******* nömrəli, 10 mart 2025-ci il tarixli qərarlarını üzürsüz səbəbdən icra etmədiyinə görə barəsində Füzuli rayon İcra və Probasiya şöbəsi tərəfindən İXM-nin 529.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. - Biləsuvar rayon icra və probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Elvin Nəsirov tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı icra sənətinə əsasən onun barəsində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. -xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* nömrəli, 10 mart 2025-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. - Füzuli rayon icra və probasiya şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Vəfa Ələkbərov tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı icra sənətinə əsasən onun barəsində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. -xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* nömrəli, 18 aprel 2025-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. -Füzuli rayon icra və probasiya şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Vəfa Ələkbərov tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində olan X2 Nazirliyi MN1787251 nömrəli xx.xx.2025-ci il tarixli və MN1787236 nömrəli xx.xx.2025 nömrəli qərarları ümümi icraatda birləşdirilmişdir. -müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin özünün etirafedici izahatı ilə müəyyən edilmişdir ki, borclu Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MN ******* nömrəli, 18 aprel 2025-ci il tarixli və MN ******* nömrəli, 10 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarına əsasən ödəməli olduğu inzibati cəriməni ödəyə bilməmiş və bununla da barəsində olan inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanunda nəzərdə tutulmuş müddətdə icra edə bilməməklə İXM-in 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, iş materiallarından görünür ki, borclu inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirə bilməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən qərarın tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Göründüyü kimi, borclu uzun müddət keçməsinə baxmayaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə inzibati cəriməni ödəyə bilməmişdir. Bu da onun qərarın icrasını həyata keçirə bilmədiyini sübut edir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində ictimai işlər tənbehi tətbiq edilməlidir Belə ki, İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Həmçinin İXM-in 144.2-ci maddəsində göstərilmişdir ki, inzibati həbs və ya ictimai işlər növündə tənbeh tətbiq etmə haqqında qərardan şikayət və ya protest verilməsi həmin qərarın icrasının dayandırılmasına səbəb olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, inzibati cərimə növündə tənbeh tətbiq etmə barədə səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin məcburi icraya yönəldilmiş qərarı müvafiq olaraq 2 ay və ya 15 gün müddətində icra edilmədikdə, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolu tərtib edir. İnzibati Xətalar Məcəlləsinin 150.10-cu maddəsinə görə isə inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9-cu maddəsində göstərilən müddətlərdə, yəni məcburi icra üçün müəyyən edilmiş müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. X5 qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinin 145.1.6-cı maddəsinə müvafiq olaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Bu cür hüquqi tənzimetmə hüququn hamılıqla qəbul edilmiş eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipindən irəli gəlir. Eyni əmələ görə təkrarən məsuliyyətə cəlb edilməyə yol verilməməsinə dair prinsip inzibati xətalar qanunvericiliyində də əks olunmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə müvafiq olaraq, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhz bu prinsipdən çıxış edərək qanunverici barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin həmin qərarı icra etməməyə görə İnzibati Xətalar Məcəlləsinin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildiyi halda onun barəsində əvvəlki inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsini nəzərdə tutmuşdur.” Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-in 529.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 160 (yüz altmış) saat ictimai işlər tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nın 28.3-1-ci maddəsinin tələbinə əsasən Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 145.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh vermə haqqında qərarın icrasına xitam verilir. Buna görə də borclu Şəxs İXM-nin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyindən onun barəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MN ******* nömrəli, 18 aprel 2025-ci il tarixli və MN ******* nömrəli, 10 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarının icrasına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130, 145-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 160 (yüz altmış) saat müddətində ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində tətbiq edilmiş ictimai işlər növündə inzibati tənbeh növü gün ərzində dörd saatdan çox olmasın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs İXM-nin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyindən onun barəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MN ******* nömrəli, 18 aprel 2025-ci il tarixli və MN ******* nömrəli, 10 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarının icrasına xitam verilsin. Qərarın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar