Məhkəmə qərarları › İş №3(064)-737/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-737/2023

19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-737/2023 19.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Həkimi Atakişiyevin, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Füzuli rayonu, Kürdlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Füzuli rayonu Əbdürrəhmanlı kəndə qeydiyyatda olmaqla, Füzuli rayonu, Fin şəhərciyində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: İcra sənədi üzrə borclu Şəxs barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Füzuli Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2(064)-952/2023 saylı İcra vərəqəsinə əsasən borclu Şəxs 900 (doqquz yüz) manat məbləğində pul alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir.İcra vərəqəsi 04 oktyabr 2023-cü il tarixdə icra üçün Füzuli rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, həmin tarixdə qəbul edilmiş icraata başlamaq haqqmda qərar məhkəməyə və tələbkara, qərar və tələbin könüllü icrası haqqmda bildiriş İcra olunması üçün borclu Şəxs göndərilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar 25 oktyabr 2023-cü il tarixdə borclu Şəxs istifadəsində olan (050) ***-**-** nömrəli telefonla onunla əlaqə saxlanılaraq, məhkəmə qətnaməsinin tələbləri ona izah olunmuş və pul borcunun ödənilməsi üçün Füzuli rayon İcra və Probasiya Şöbəsinə çağırılmışdır. Borclu Şəxs şöbəyə gələcəyini bildirsə də şöbəyə gəlməmiş, ona görə 06, 16 və 17 noyabr 2023-cü il taıixlərdə onun qeyd olunan mobil telefonuna elektron “sms bildiriş”-i göndərilərək, yenidən şöbəyə çağırılmış lakin borclu Füzuli rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Sonradan borclu Şəxs yeri məlum olmadığından, icra vərəqəsinin icrasının təmin edilməsi üçün onun axtarılması barədə 23 noyabr 2023-cü il tarixdə qərar verilərək, qərar icra olunması üçün Füzuli rayon Polis Şöbəsinə göndərilmiş və borclu barəsində 02 dekabr 2023-cü il tarixdə 760560 nömrəli axtpış işi açılmışdıq. Borclu Şəxs icra vərəqəsi üzrə 900 manat pul borcundan tələbkar Zərərçəkmiş şəxs xeyrinə heç bir pul məbləği ödəməmişdir. Borclu Şəxs 19 dekabr 2023-cü il tarixdə Füzuli rayon Polis Şöbəsi tərəfindən tapılaraq Füzuli rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş, ondan alınmış izahatda icra vərəqəsi üzrə 900 manat pul borcundan tələbkar Zərərçəkmiş şəxs xeyrinə heç bir pul məbləği ödəyə bilməyəcəyini göstərmişdir. Bu səbəbdən də, məhkəmə qətnaməsinə əsasən pul borcunu ödətdirmək mümkün olmamış, borcun ödənilməməsi tələbkarın şikayət etməsinə səbəb olmuşdur. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Həkimi Atakişiyev bildirdi ki, borclu könüllü şəkildə İcra və Probasiya şöbəsinə könüllü şəkildə gəlməkdən imtina etdiyi üçün icra sənədi icra olunmamışdır. Borclu C.Səmədovun əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, icra sənədi üzrə ödənilməli olan 900 manat borcu borclu Şəxs və qohumları ödəməyə söz verdiklərindən hazırda borcludan şikayətçi deyil. Odur ki, borcun ödənilməsi üçün borcluya şərait yaradılmasına etiraz etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs bildirdi ki, daimi iş yeri və gəliri olmadığından 900 manat borcunu ödəyə bilməmişdir. Lakin təzəlikcə daimi işə düzəlmişdir və borcunu qısa müddət ərzində ödəyəcəkdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında işə əlavə olunmuş sənədlərdən görünür ki, aparılmış icra tədbirləri nəticəsində borclunun adına daşınar və ya daşınmaz əmlak (və ya əmlaklar) aşkar olunmamışdır. Məhkəmə iclasında tədqiq olunan sübutlardan görünür ki, borclu Şəxs icra sənədi üzrə 900 manat borcunu daimi iş yeri və qazancı olmadığına görə ödəyə bilməmişdir. Hazırda borclu daimi işlə təmin olunmuş və qazanacağı vəsaitlə borcunu qısa müddət ərzində ödəyəcəyinə məhkəmədə əminlik yaratmışdır. Tələbkar Zərərçəkmiş şəxs də borcludan şikayətçi deyil və borcun ödənilməsi üçün borcluya şərait yaradılmasına etiraz etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, borclu Şəxs əməllərində icra sənədinin üzrsüz səbəbdən və ya qərəzli şəkildə icra edilməməsi halları müşahidə olunmadığından onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-in təqsirsizlik prezumpsiyasından bəhs edən 8-ci maddəsində aşağıdakılar göstərilmişdir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0 və 53.0.2-ci maddələrinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-cı maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir. Ona görə də, Şəxs barəsində AR İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməli, qəbul edilmiş qərarın surəti tərəflərə göndərilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, borclu Şəxs «İcra haqqında» Azərbaycan Respublikası Qanununun borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyətdən bəhs edən 82-ci maddəsinin tələbləri izah olunmalıdır: 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Odur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXMnin 30-34, 106-115 və 528.1-ci maddələrini rəhbər tutaraq, qərar verdi: İcra sənədi üzrə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. İcra sənədi üzrə borclu Şəxs izah olunsun ki, icra sənədi üzrə borcun ödənilməsini təmin etməyəcəyi təqdirdə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar